Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:40

«Neft gəlirlərinin azalması rejimdaxili çəkişmələri şiddətləndirə bilər»


«Neftin qiymətinin yüksəlməsi artıq Əliyevin möhkəmlənməsi barədə təsəvvür yaradırdı»
«Neftin qiymətinin yüksəlməsi artıq Əliyevin möhkəmlənməsi barədə təsəvvür yaradırdı»
«Janes Intelligence Unite» Azərbaycan hakimiyyətinin qeyri-sabitlik sınağı qarşısında olduğunu düşünür. Böyük Britaniyada yerləşən və dünya üzrə təhlükəsizlik, müdafiə, nəqliyyat sahələrində məsləhətlər verməklə məşğul olan bu qurum fevralın 19-da Azərbaycanla bağlı hesabat yayıb.

Sənədə görə, 2003-cü ildə prezident seçkisi ərəfəsində İlham Əliyev üçün əsas ciddi problem hakim ailə daxilində fikir ayrılıqları idi. Seçkidən sonra o, həm bu problemi həll etdi, həm də hakimiyyət daxilindəki bəzi mümkün rəqiblərini xarici ölkələrə səfir göndərməklə mövqeyini möhkəmləndirdi.

Müxalifət qrupları ilə seçkinin ertəsi günü baş verən qanlı toqquşma isə cəmi yarım gün çəkdi. Bunun ardınca, neftin qiymətinin yüksəlməsi artıq Əliyevin möhkəmlənməsi barədə təsəvvür yaradırdı. Ona zəif tənqidlər yalnız çox sayda heykəllər, muzeylər və parklarla atasının kultunu yaratmaq cəhdləri ilə bağlı idi.

Amma 2008-ci ildə neftin qiymətinin kəskin düşməsi gəlirinin 80%-i neftdən asılı olan Azərbaycanı ictimai sabitliyin necə qorunacağı barədə sınaq qarşısında qoyur.

Təşkilata görə, bu sınağın indi həm regional, həm də siyasi siqnalları hiss edilir. Regional amillərə dayanan sınaq kimi «Janes Intelligence Unite» Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra yaranan yeni reallıqları göstərir.

Təşkilata görə, Rusiyanın Ermənistana hərbi yardımı Azərbaycanın Qarabağ münaqişəsini hərbi yolla həll etmək hədələrinə kölgə salır. Bir tərəfdən də Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə Ermənistanla indiyə qədər görünməmiş səviyyədə danışıqlara başlayıb.

Sınaqların siyasi əlamətini təşkilat 2008-ci ilin prezident seçkisindən sonra baş verən hadisələrdə görür. Belə ki, seçkidən sonra prezident demək olar ki, ona atasından qalan hökuməti yenidən təsdiqlədi. Bu da onun hökuməti yeniləyərək yeni düşmənlər qazanmaqdan çəkindiyini göstərir.

Bundan əvvəl, geniş yayılan fikrə görə, prezident 2013-cü ildə özünün ikinci müddətinin sonunda hakimiyyəti xanımı Mehriban Əliyevaya ötürmək niyyətində idi. Amma seçkidən iki ay sonra prezidentin növbəti seçkilərdə də iştirakına yol açmaq üçün hakim komanda Konstitusiyanı dəyişmək təklifini irəli sürdü.

«Janes Intelligency Unite» hesab edir ki, fevralın 11-də general Rail Rzayevin qətli vəziyyəti daha da mürəkkəbləşdirib. Bu qətlin ölkənin neft bumundan və Konstitusiya dəyişikliyi barədə referendumdan sonrakı dövrünə necə təsir edəcəyi hələ aydın deyil. Təşkilatın fikrincə, qətlin istintaqında hər hansı yanlış hərəkət ordu daxilində narahatlıqlara səbəb ola bilər.

Amma «Azadlıq» radiosuna müsahibəsində nə hakimi komandanın nümayəndələri, nə də müstəqil ekspertlər «Janes Intelligence Unite»in fikirlərilə o qədər razı deyillər. Hakim YAP-dan millət vəkili Aydın Mirzəzadə hesab edir ki, təşkilatın Azərbaycanla bağlı narahatlıqları əsassızdır:

- Heç bir əsası yoxdur. Azərbaycanın iqtisadi siyasəti kifayət qədər balanclıdır. Mən bilmirəm, onlar niyə birdən-birə bizim pulumuzu saymağa, generalımızın qətlindən narahat olmağa başlayıblar. Bəlkə bu xüsusi bir siyasi sifarişdir.

Politoloq Zərdüşt Əlizadə də hələlik neftin qiymətdən düşməyinin Azərbaycana ciddi təhlükə yaratmadığını düşünür:

- Hakimiyyətdaxili çəkişmə var. Amma mən düşünmürəm ki, bu, birinci post uğrunda mübarizədir. Bu, sadəcə piroqun böyük hissəsini öz qabağına çəkmək mübarizəsidir. Qiyməti düşsə də hələlik neft pulları var və bu hakim zümrənin iştahını təmin edir. Ona görə hələlik sabitlikdir. Rail Rzayev isə ya kiminsə yolunu kəsirdi, ya da hansısa missiya daşıyırdı, indi həmin missiyaya ehtiyac qalmayıb.

«Janes Intelligence Unite» isə yazır ki, İlham Əliyev neftin qiymətinin düşməsi və regional balansın pozulması şəraitində öz rejiminin sabitliyini saxlamağın yolunu atasından qalma siyasi infrastrukturda axtarır. Amma 2009-cu ildə neft gəlirlərinin azalması rejimdaxili çəkişmələri şiddətləndirə bilər. Bu günlər generalın qətlə yetirilməsi də həmin çəkişmələri daha da sürətləndirə bilər.
XS
SM
MD
LG