Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:25
Bakının 20 saylı orta məktəbinin direktoru birinci siniflərə dərs deyən müəllimlərin hər birindən 200 manat pul tələb edir. Bu məlumatı «Azadlıq» radiosuna həmin məktəbdə çalışan müəllimlərindən biri verib.

Adının çəkilməsini istəməyən ibtidai sinif müəlliməsi deyir ki, direktor hətta məktəbdəki səkkiz birinci sinfin hər birində 25-30 şagirdin olduğunu nəzərə alaraq hər şagirddən 5 manat pul almaqla həmin məbləğin yığılmasının elə bir çətin məsələ olmadığını deyib.
Məktəbin direktoru Əkbər Qocayev isə bu məlumatların əsasız olduğunu bildirir:

«Mənə böhtan atırlar, qoy gəlsin üz-üzə desin ki, mən həmin müəllimlərdən nə vaxt pul istəmişəm. Əksinə mən bu məktəbə direktor təyin olunandan mənfi halların qarşısını alıram».

Əkbər Qocayevin sözlərinə görə, həmin müəllimlərin belə bir məlumat yayması onlara məktəbdə dərsdən kənar şagird hazırlamağa icazə verməməsilə bağlıdır. Direktorun sözlərinə görə, bəzi müəllimlər dərsdən sonra valideynlərdən pul almaqla repetitorluq edirlər: «Mən deyirəm məktəbdə dərsdən sonra pulla şagird hazırlaşdırmaq olmaz, bəyəm məktəbdə pulla uşaq hazırlaşdırarlar?»

Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, onlara da belə müraciətlər olur, amma araşdıranda həmin məsələlər öz təsdiqini tapmır. Onun sözlərinə görə, nazirlikdə fəaliyyət göstərən «qaynar xətt» xidmətinə məktəb direktorlarının pul yığmaları və sair hallarla bağlı edilən müraciətlərin əksəriyyəti anonimdir və bu da həmin şikayətlərin doğru-dürüstlüyünü üzə çıxarmaq üçün xeyli çətinliklər yaradır. Nazirlik rəsmisinin dediyinə görə, bir sıra hallar olub ki, şikayətçi şəxs açıq şəkildə müraciət edib, amma onun dedikləri faktları araşdırıb sübut etmək çətin olub və ya ümumiyyətlə mümkün olmayıb:

«Bunun sübut məsələsi çox çətindir. Əksər hallarda Təhsil Nazirliyi məsələni araşdırıb və daha çox qərəzli hallara rast gəlib. Kiminsə məktəb direktoru ilə münasibətləri normal deyil, kimsə direktor olmaq istəyir. Amma nazirlik həmişə bəyan edib ki, nə təhsil müəssisələrində çalışan müəllimlərdən, nə də orada təhsil alan uşaqaların valideynlərindən hər hansı ödəniş tələb edilə bilməz».

Bayram Hüseynzadə bildirir ki, əgər bu kimi hallar varsa, onun əsas günahı ictimai nəzarətin zəifliyindədir. O deyir ki, cəmiyyətdə hesab edirlər ki, bir zənglə beş məktəb direktoru işdən çıxarılmalıdır, amma həmin şikayəti verən müəllim və ya valideyn həmin məlumatları açıq şəkildə bəyan edib özünü məktəb direktoru və ya müəllimlə pis etmək istəmir.

Ancaq problem təkcə 20 saylı məktəbdə deyil. Son bir ayda Bakı və bölgələrdəki digər orta məktəblərdə də direktorların müəllimlərdən qanunsuz pul tələb etməsi barədə xəbərlər gəlir. Bu yığımın zərbəsi sonda şagirdə dəyir.

Müasir Təhsil və Tədrisə yardım Mərkəzinin nümayəndəsi Nailə İsmayılova deyir ki, orta məktəblərdə direktorların müəllimlərdən pul alması Azərbaycan məktəbləri üçün xarakterik haldır. Mərkəz nümayəndəsinin dediyinə görə, əvvəllər belə məlumatlar daha çox idi. Yəni direktorların müəllimlərin maaşlarından hər ay hansısa miqdarda pul tutması barədə məlumatlar çox səslənirdi.

Nailə İsmayılova deyir ki, indi müəllimlər maaşını kart sistemilə aldıqlarından bu mümkün deyil. Amma o təhsilə, ictimai nəzarətin elə də zəif olmasıyla razılaşmır və deyir ki, bu məsələ ilə bağlı nazirliklə işləyən xeyli ictimai qurum fəaliyyət göstərir. Nailə İsmayılovaya görə, əgər ayrı-ayrı məktəblərdə valideynlərdən və ya müəllimlərin özlərindən pul alınma halları varsa, bu məsələləri hüquq-mühafizə orqanları araşdırılmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG