Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14

Xəzərdə kimsəsiz ada kazinolar diyarına çevrilə bilər


Burada Xəzər o qədər təmizdir ki, suyun altındakı balıqqulağı ilə, qurudakı balıqqulaqlarını fərqləndirmək çətindir

Burada Xəzər o qədər təmizdir ki, suyun altındakı balıqqulağı ilə, qurudakı balıqqulaqlarını fərqləndirmək çətindir

…Duman Nargin adasını elə bürümüşdü ki, bizim ömrünü dənizdə keçirən qayıqçımız adanı iki saata yaxın axtarmalı oldu. Möcüzə baş vermişdi: Nargin yoxa çıxmışdı... Qayıqçımız pərt olmuşdu, amma zarafatından da qalmırdı: «bəlkə adanı kimsə satıb, ya götürüb aparıb, biz gecikmişik...»

... Adaya ayaq basan kimi ona olan marağın səbəbini başa düşmək olar.

Burada Xəzər o qədər təmizdir ki, suyun altındakı balıqqulağı ilə, qurudakı balıqqulaqlarını fərqləndirmək çətindir. Burada təbiət qoxlanmamış çiçək kimidir. Təbii, tərtəmiz...

Adanın içərilərinə doğru getdikcə isə qarşıda hərbi şəhərciyin vahiməli mənzərəsi açılır. Bütün bunlar haqda bir azdan... Hələlik, bizi Bakıdan 9 km aralıda yerləşən bu tarixi adaya gətirən səbəb haqda...

Nargin adası, rəsmi adıyla desək, Böyük Zirə adası tezliklə ayrıca bir şəhər də ola bilər. Yerli Aurositi Holding şirkəti burada 6 milyard dollarlıq istirahət və əyləncə şəhərciyi tikməyə hazırlaşır.

Yerli mətbuat yazır ki, Nargində obyekt gözdən könüldən uzaq olduğu üçün burada kazinolar açacaqlar və ada Azərbaycanın Las Veqasına çevriləcək, əyləncə və qumar mərkəzi olacaq.

Uzun illər Bakının hərbi hava qüvvələrindən müdafiəçisi sayılan adanın özəl şirkətə nə vaxt, necə verilməsi barədə hələ ki, ictimaiyyətə məlumat verən yoxdur.

Dubaydakı süni ada Nargindəki layihədən qat-qat ucuz başa gəlib

Nargindəki şəhərciyin proqnozlaşdırılan qiyməti altı milyard dollardır, ərazinin həcmi 1 kv km-dir. Bu da o deməkdir ki, hər kv metrə altı min dollar vəsait qoymaq lazım gələcək. 60 ilə yaxındır ki, tikinti üzrə mühəndis işləmiş Nazim Muradasilov deyir ki, bu, fantastik göstəricidir və təcrübədə belə şeyə rast gəlinmir. Təcrübəyə baxaq:

Dubaydakı məşhur üç palma adasından biri – «Palma Jumeyrah» adasına dünyanın 8-ci möcüzəsi də deyirlər. Bu, dünyada insanın yaratdığı ilk süni adadır. Səmadan baxanda ada palma ağacını xatırladır. Ərazicə Nargindən 5 dəfə böyükdür. Adadakı tikinti xərcləri bir neçə dəfə artsa da, nəticədə «Palm Jumeirah»ın büdcəsi Nargin üçün nəzərdə tutulan büdcədən 2 dəfədən bir az böyükdür - təqribən 14 milyard dollardır. Amma bir iş də var ki, xərcin böyük hissəsi adanı yaratmağa sərf olunub. «Palm Jumeirah»ı yaratmaq üçün Dubay sahillərinə 9 milyon kubmetr qum və 7 milyon ton qaya materialı tökülüb. Nargin isə təbii adadır, ərazisi qayalıqdır.

Nargindəki şəhərciyin proqnozlaşdırılan qiyməti altı milyard dollardır, ərazinin həcmi 1 kv km-dir
İqtisadçılar elə büdcəsinin böyüklüyünə görə, Nargin layihəsindən şübhələnirlər. Aurositi Holdingin nümayəndəsi Oğuz Erkan «Azadlıq» Radiosuna deyir ki, layihəni investorlara təklif edəcəklər. Amma iqtisadçı ekspert Vüqar Bayramlı bildirir ki, bu layihənin iqtisadi səmərəliliyi azdır, üstəlik, dünyada maliyyə böhranı hələ də davam edir, belə bir layihəyə indi investorların maliyyə ayıracağı inandırıcı görünmür:

«Dünya təcrübəsində bu cür layihələrin həyata keçirilməsində həm çirkli pulların yuyulmasına, həm də başqa neqativ hallara rast gəlinir. Nargin adası layihəsi ilə bağlı bunu hələlik demək çətindir. Amma bütün hallarda görünən odur ki, bu layihənin iqtisadi səmərəsini əsaslandırmaq çətindir».

Məsləhətləşdiyim ekspertlər istisna etmirlər ki, layihə yarıyolda qalarsa və onu maliyyələşdirmək üçün pul çatışmazsa, dövlət büdcəsindən ona pul ayrıla bilər.

Adanı kimin üçün hazırlayırlar? Müdafiə Nazirliyi büdcə hesabına kimsəsiz adaya su və qaz çəkdirib

Yerli mətbuatın bu şirkətlə bağlı versiyaları var. «Yeni Müsavat» qəzeti yazır ki, Aurositi Holding şirkətinin arxasında hakim ailəyə yaxınlığı ilə tanınan işadamı İsgəndər Xəlilov dayanır.

Başqa bir versiya prezident İlham Əliyevin qudası Araz Ağalarovdur. Araz Ağalarovun «Krokus İnternational» şirkətinin nümayəndəsi Gündüz Kərimov deyir ki, Aurositi Holdinglə bağlılıqları yoxdur.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyir ki, hökumətin Narginlə bağlı turizm planları var, amma konkret bu layihə barədə onlara müraciət olmayıb.

Amma artıq hökumət Narginə investisiya qoymağa başlayıb. Dövlət Neft Şirkəti Narginə Şıxov xəttilə 10 düyümlük su kəməri çəkib. Təbii qaz isə artıq adada var. Sual yaranır: Nargində yaşayış yoxdur, bura investisiya qoyulacaqsa, hökumət adada infrastruktur yaratmağa niyə pul xərcləməli idi. Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev bu suala belə cavab verir:

«-Nargin adası Müdafiə Nazirliyinin balansında olan ərazidir. Onlar xahiş ediblər, biz də çəkmişik.
Möcüzə baş vermişdi: Nargin yoxa çıxmışdı...
-Bəs niyə məhz Dövlət Neft Şirkəti buna pul xərcləməli idi?
-Nə deyim vallah, kimsə etməli idi də bunu».

Amma Nizaməddin Quliyev açıqlamır ki, boş adada infrastruktur üçün hökumət nə qədər pul xərcləyib.

Altı milyardlıq layihəni həyata keçirəcək Aurositi Holdingin adını internetdə axtarış sisteminə verəndə əlavə informasiya çıxmır, yəni, holdinqin bu layihəyə qədər ictimaiyyətə məlum olan layihəsi olmayıb.

Vergilər Nazirliyində hüquqi şəxslərin dövlət reyestri xidmətinə Aurositi Holdingin təsisçiləri və ünvanları barədə sorğu göndərmişdik, amma iki həftə ərzində bizə cavab gəlmədi. Halbuki, «İnformasiya azadlığı haqqında qanun»a görə, yeddi gün ərzində cavab almalıydıq.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, inkişaf etmiş ölkələrdə tanınmamış və təcrübəsiz şirkətin altı milyardlıq layihəni həyata keçirməsi nadir hallarda olur. Çünki belə şirkətlərə inam olmur, onlar adətən tenderləri uda bilmirlər.

Nargindəki turizm şəhərciyinin layihəsini Danimarkanın BİG (Bjarke İngels Group) şirkəti verib. Layihənin direktoru Bjarke İngels «Azadlıq» Radiosuna deyir ki, Azərbaycanda doqquz ay işləyiblər, şəhərciyin layihəsini hazırlayıblar. Amma Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyir ki, onun layihədən xəbəri yoxdur, bu haqda ancaq mətbuatdan oxuyub.
Nazirliyin şöbə rəisi Mahir Qəhrəmanov isə vəziyyəti belə izah edir:

«- Sizin bu layihədən nə qədər xəbəriniz varsa, bizim də o qədər xəbərimiz var. Əgər siz sifarişçi şirkətlə danışmısınızsa, deməli, nə isə var.
-Bəs bu mümkündürmü ki, sizinlə razılaşdırmamış belə bir işi görsünlər?
-Mən deyə bilmərəm. Bəlkə yuxarıdan xüsusi tapşırıq var, kimsə məşğul olur onunla. Amma mən biləni bu, hələlik bir konsepsiyadır, atıblar ortaya».

Amma dizayn layihəsinin direktoru Bjarke İngels «Azadlıq» Radiosuna deyir ki, artıq müştəri onların işini qəbul edib, bir ilə tikintiyə başlayacaqlar. Elə Nargində şəhər salmağa iddialı Aurositi Holdingin icraçı direktoru Oğuz Erkan da gizlətmir ki, bu işləri həyata keçirirlər, amma bu şirkət də açıqlamır ki, Nargini necə ələ keçiriblər:

Sovet əsgərləri buradan çıxanda, kazarmanı dağıdıblar
-Nargini hansı müddətə icarəyə götürmüsünüz?
-Bu mövzuda suallara hələ ki, cavab vermirik. Bir müddətdən sonra bu haqda danışarıq.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, heç olmasa, qeyri-rəsmi səviyyədə razılıq olmasaydı, holdinq Danimarka şirkətinə dizaynı sifariş verməzdi.

Adanın icarə hüququ kimdədir? Narginə yiyə duran yoxdur


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi deyir ki, Nargin adası dövlət torpağıdır. 1999-cu ilin 17 mart tarixli «Torpaq icarəsi haqda» qanuna görə, dövlət torpaqları üç yolla icarəyə verilə bilər. Ya bilavasitə, yəni, mülkiyyətçinin qərarı ilə, ya torpaq müsabiqəsi, ya da ki, hərracla.

2008-ci ilin oktyabrın 28-də qəbul edilmiş yeni qanunvericiliyə görə isə dövlət torpaqlarını icarəyə verməyin iki yolu var, ya hərrac, ya da müsabiqə.

Özəlləşdirmə üzrə araşdırmaların müəllifi, jurnalist Hafiz Babalı deyir ki, köhnə qanun qüvvədə olan vaxt o, dövlət torpaqlarının icarəyə verilməsi üçün hərrac və ya müsabiqənin keçirilməsi barədə məlumata rast gəlməyib:

«Qanunda əl yeri var idi deyə, icra hakimiyyətləri əsasən, 1-ci üsulla, yəni bilavasitə - sadəcə, qərarla torpaqları icarəyə verirdilər».
«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin prezidenti Müzəffər Baxışov deyir ki, Narginin icarəyə verilməsi həm təzə qanundan əvvəl, həm də sonra ancaq ya hərrac, ya da müsabiqə ilə icarəyə verilə bilərdi:

«Topraq icarəsi haqqında qanunun 10-cu maddəsinin dördüncü bəndinə əsasən, əgər dövlət torpağı xüsusi şəhərsalma əhəmiyyətinə malikdirsə, onun icarəsi yalnız hərrac və müsabiqələr vasitəsilə mümkündür. Yəni, 2008-ci ilin 28 oktyabrından əvvəl də, sonra da, indiki halda da Narginin icarəyə verilməsi üçün hərrac və müsabiqənin keçirilməsi qanunla tələb olunur».

Burada təbiət qoxlanmamış çiçək kimidir. Təbii, tərtəmiz...
Yenə də həmin qanunla, dövlət torpağı torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında icarəyə verilə bilər. Amma məsələ burasındadır ki, adaya yiyə duran yoxdur.

Pənah Hüseyn: «Belə layihələrə icazə adətən prezident səviyyəsində verilir»

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakının xəritəsini axırıncı dəfə 2005-ci ilin dekabrın 12-də çəkib.

Bu hökumət qurumu elə bilir ki, ada Bakı şəhər icra hakimiyyətinindir. Bakı icra hakimiyyətinin mətbuat xidməti and-aman edir ki, adanı onlardan çoxdan alıblar. Keçmiş baş nazir Pənah Hüseyn deyir ki, adanın hansı hökumət qurumuna aid olması vacib deyil, belə bir icazə varsa, bu daha yuxarı instansiyada, çox güman ki, prezident səviyyəsində həll olunur.

Narginə ərazicə ən yaxın Səbail rayonunun icra hakimiyyətində şöbə müdiri Elman Yəhyayev deyir ki, ada Müdafiə Nazirliyinin istifadəsindədir. Dövlət Neft Şirkəti, Dövlət Sərhəd Xidməti də bildirir ki, Nargin Müdafiə Nazirliyinin sərəncamındadır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu adayla bağlı heç bir suala cavab verməyəcəyini deyir, Narginin adı gələn kimi dəstəyi asır. Amma nədənsə Narginə getmək üçün icazə istəyəndə nazirliyin səlahiyyət sahibi olduğunu gizlədə bilmir:

«-Eldar müəllim, biz Narginə getmək istəyirik, olarmı?
-Yox!
-Niyə ki, Eldar müəllim?
- Olmaz qurtardı, başqa suala cavab verə bilmərəm.
-Bəlkə biz məktub yazaq?!
-Dud.. dud.. dud...»
Bu, məlumatı təsdiqlətməyin yeganə yolu idi. Əslində, biz Narginə bu söhbətdən bir həftə qabaq gedib gəlmişdik...

Növbəti yazıda oxuyacaqsınız:

  • Xəzərdə qəbiristanlıq və ya Nargin: kabus adası;
  • Rəhim Qazıyev: «Elçibəyə dedim ki, Nargin Bakının sipəridir, onu icarəyə vermək olmaz»
  • Hərbi ekspert: «Müdafiə Nazirliyi başqa bir hərbi obyektini də «Azpetrol»a verib»;
  • Narginin əsil sahibi prezidentin müşaviri Vahid Axundovdur?;
  • 1920-ci ildə Nargindən sağ qayıdan əsgərin dedikləri;
  • Adanın bir ucu Milli Məclisə «dirənir…». Araşdırmanın ikinci hissəsi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG