Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51

Biznes kreditlərin verilməsi sərtləşdirilib


Banklardan bildirirlər ki, müştərilərinin pis vəziyyətə düşməsini istəmirlər

Banklardan bildirirlər ki, müştərilərinin pis vəziyyətə düşməsini istəmirlər

«Üç aydır soruşan yoxdur ki, bu malı neçəyə verirsən. Bazar ölüb…»

Dünyadakı iqtisadi böhran Azərbaycanda artıq bir neçə vaxtdır ki, kiçik və orta iş adamlarının qapısını döyüb. Bir neçə ay əvvəl böyük kreditlər götürüb, əl-qolunu çırmayıb, böyük həvəslə işə girişənlər indi peşmandırlar. Belə iş adamlarından biri də Hümbət Hüseynovdur.

Deyir ki, bir neçə ay əvvəl təxminən 250 min manat kredit götürüb, fikirləşib ki, irəli düşər, işini böyüdər. Çox da böyük olmayan sexində on nəfərə kimi işçisi var, qapı-pəncərə düzəldir, taxta alveri edirlər. Amma «sən saydığını say...» Ötən yaydan sifarişlə taxta alıb, onu min bir zəhmətlə qurudub, hazır vəziyyətə gətirən iş adamının alıcıları qaçaq düşüblər.

«Şam taxtasının kubu altı-yeddi ay əvvəl 280-300 manat idi. İndisə 200 manatdır. Palıd, göyrüş 700-800 manat idi, indi 300 manata düşüb. Bu da tikintinin dayanması ilə bağlıdır. Hamı gözləmə mövqeyindədir. Heç kim təmirə, tikintiyə risk etmir».
«Uduzuruq. Əlac yoxdur, borcu, bankın kreditini bağlamaq üçün satmalısan. Neçəyə istəsələr verməyə hazıram. Amma yoxdur… İndiyə kimi ehtiyatım vardı, iki-üç ayın faizini onunla verirdim. İndisə faizi də verməyə pulum yoxdur. Peşmanam…»


Hümbət Hüseynovun dediyinə görə, malını dəyər-dəyməzə də sata bilmir, alıcı yoxdur. Krediti qaytarmaq bir yana, faizi də ödəyə bilmir. Hər ödənməyən günəsə əlavə pul yazılır…

«Uduzuruq. Əlac yoxdur, borcu, bankın kreditini bağlamaq üçün satmalısan. Neçəyə istəsələr verməyə hazıram. Amma yoxdur… İndiyə kimi ehtiyatım vardı, iki-üç ayın faizini onunla verirdim. İndisə faizi də verməyə pulum yoxdur. Peşmanam…» Əslində böhran da budur. Heç kim risk etmək istəmir. İqtisadçı Azər Mehtiyev belə deyir.

«Dünyada qiymətlər düşərkən gözlənti nədir: qiymət yenə də düşəcəkmi, gözləmə mövqeyi tuturlar, almaqdan imtina edirlər. Necə ki daşınmaz əmlak bazarında. İndi heç kim ev almaq istəmir, hamı qiymət düşəcək deyə əlində olanı satmaq istəyir…»

Azər Mehtiyevin sözlərinə görə, böhran adətən ilk təsirini kredit sferasına göstərir. Kredit götürənlərsə daha çox ticarətçilər və istehsalçılardır, buna görə də böhran ilk növbədə pərakəndə satışla, xırda ticarətlə məşğul olan sahibkarları, kiçik istehsalçıları sıradan çıxara bilər.
Azər Mehtiyevə görə, artıq bunun görüntüləri də var:

«Mağazalar, krediti verə bilməyən avtomobillər satışa qoyulur. Düzdür, mənzillər hələ qoyulmayıb. Bu da gözlənir».
Azər Mehtiyev hesab edir ki, hökumət bank sektorunu dəstəkləməlidir. İş adamı Hümbət Hüseynov deyir ki, kaş Amerikada olduğu kimi Azərbaycanda da kredit götürənlərə hökumət güzəştlər edəydi… Böhran aradan qalxana kimi onları möhlət verəydilər.

Prezident İlham Əliyevsə Nazirlər Kabinetinin müşavirəsində göstəriş vermişdi ki, qlobal böhranın təsirlərindən yayınmaq üçün əlavə fonddan 2,5 milyard manat ayrılmalıdır. Və iqtisadçılara görə, bu yardımdan iş adamlarına və banklara da pay düşməlidir. Amma pay düşəcəkmi, bu başqa sualdır. Hərçənd söhbətləşdiyim bankların əməkdaşları da bu pula göz dikiblər deyəsən. Baxmayaraq ki bu haqda danışmağa çox meylli deyillər…

Məsələn, «Azəriqazbank»ın inkişaf departamentinin direktoru Əfqan Cəlilov deyir ki, o müştərilərinin kreditləri qaytarması ilə bağlı məlumatı açıqlaya bilməz, düzgün olmazdı. Amma əlavə edir ki, kəskin vəziyyət yaranmasa da, problemlər var və bankda həmişə belə şeylər olur…
Amma Cəlilovun sözlərinə görə, krediti qaytara bilməyən hər bir müştərinin vəziyyəti analiz edilir və ona güzəştə gedilir.

«Bank maraqlı deyil, müştəri pis vəziyyətə düşsün. Müştəriyə möhlət verə bilərik… Amma Amerikada dövlət səviyyəsində ipoteka götürənlərə yardım ediləcək. Kommersiya bankı isə buna gedə bilməz. Düzdür, bizim bankın dəstəyə ehtiyacı yoxdur. Amma o başqa məsələ ki dövlət sahibkarlara yardım etməlidir - böhranın qarşısını almaq üçün».
Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev etiraf edir ki, problemli kreditlər var. Amma son aylarda onların çoxalması haqda nəsə deyə bilməz.

Söhbət etdiyim bankların əməkdaşları deyirlər ki, biznes kreditlərin verilmə qaydaları sərtləşdirilib. Məsələn, «Turanbank»ın əməkdaşı belə deyir. AG Bank isə deyir ki, kreditlərin həcmi azaldılıb. Səbəbə gəlincə: «Bu səbəb açıqlanmır…»

Deputat Vahid Əhmədov isə deyir ki, bu məsələni onlar martda, hökumət parlamentə hesabat verəndə müzakirə edəcəklər. O da düşünür ki:
«Hökumət yardım etməlidir. Amma baxır kimə, hansı sahibkara. Özünə xərcləyibsə yox, iş yeri açıbsa, baxmaq lazımdır. Bir də prezident göstəriş verib ölkəyə 2,5 milyard manat gətiriləcək».

İş adamı Hümbət Hüseynov isə məhz həmin pulların gəlişini gözləyir, ümidlidir ki, yazda buzlar əriyəcək, o da düşdüyü böhrandan çıxacaq, başqaları da… Amma iqtisadçı Azər Mehtiyevə görə, hökumət ilk növbədə bu sahədə də inhisarçılığı aradan qaldırmalıdır… Yoxsa həmin milyardlar da hədər olacaq…

Şərhləri göstər

XS
SM
MD
LG