Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

T.Mustafayev: «İstəməzdik ki, işıq pulunu bu yolla yığaq»


Tanrıverdi Mustafayev
Tanrıverdi Mustafayev
«Biz elektrik enerjisinin pulunun bu yolla yığılmasının tərəfdarı deyilik. İstəməzdik ki, abonentlərin işığını kəsək. Abonentlər vaxtlı-vaxtında istifadə etdikləri enerjinin haqqını ödəsəydilər, indi 450 əməkdaşımızı borcluların enerji təchizatının dayandırılmasına yox, yenidənqurma işlərinə yönəldərdik». Bunu «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir.

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan T.Mustafayev bildirdi ki, «Bakıelektrikşəbəkə»nin əməkdaşları mənzildən kənarda yerləşən sayğaclarda olan qüsurlar barədə akt tərtib edə bilərlər: «Əgər mənzilə gedən xətdə qüsur varsa, mənzil sahibi olmasa belə, əməkdaşımız onu aktlaşdırır. Bu, tam qanunidir. Bundan sonra abonent öz etirazını bildirə bilər».

«Bakıelektrikşəbəkə»nin nümayəndəsi dedi ki, bəzən abonentlər onların işçilərini evə buraxmırlar, bildirişləri almırlar, amma özləri aybaay pul köçürürlər: «Biz mənzilə daxil olmadan, kənardan müşahidə etməklə naqillərdən axan yükün miqdarını ölçə bilirik. Abonent deyə bilər ki, evimdə kondisioner yoxdur, soyuducu yoxdur, amma biz özümüz bunu təyin edə bilərik».

Tanriverdi Mustafayev deyir ki, bəzən elə olur ki, onlar hansısa binaya verilən elektrik enerjisinin müqabilində istehlakçılardan 2 dəfə az enerji pulu yığırlar. Onda da məcbur olub, harada oğurluq hallarının olduğunu müəyyənləşdirmək üçün mənzillərin hamısını yoxlamalı olurlar.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətinin sədri Ələkbər Ağasıyev isə dedi ki, onlara haqları pozulmuş abonentlər müraciət edirlər: «Əslində akt mənzil sahibinin iştirakı ilə, evin özündə, həm də 2 müstəqil şahidin iştirakı ilə tərtib edilməlidir. Lakin bizə elə şikayətlər gəlir ki, bəzən aktlar naməlum məkanda, naməlum vaxtda tərtib edilir. Bəzən üstündən bir neçə ay keçəndən, külli miqdarda borc yığılandan sonra istehlakçı bundan xəbər tutur».

Sayğaclara gəlincə, T.Mustafayev dedi ki, əhali üçün sayğacı olan, ancaq nasazlıq və ya zədələnmədən sıradan çıxmış, yaxud istismar müddəti bitmiş ölçü cihazları heç bir vəsait ödənilmədən dəyişdirilir. Sayğacı olmayan, yaxud yeni texniki şərt almış istehlakçılarda yalnız sayğacların quraşdırılması üçün pul vəsaiti istehlakçılardan alınır.

Elektrik enerjisində fasilə yaranan abonentlər 24 saat ərzində 199 saylı telefona, yaxud 440 39 93, 440 66 88 nömrəli telefonlara zəng edə bilərlər. Borcun məbləğini həm də www.bakuelektrikshebeke.az (yaxud da www.bes.az) saytından öyrənmək mümkündür.

Buna da bax:

XS
SM
MD
LG