Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:49

Müəssisənin strukturu dəyişəndə, işçini işdən çıxarmaq olarmı?


«Azadlıq» radiosunun «Qaynar xətt»inə şikayətlərinizi bildirmək üçün hər gün 436-77-41 nömrəli telefona zəng edə bilərsiniz
«Azadlıq» radiosunun «Qaynar xətt»inə şikayətlərinizi bildirmək üçün hər gün 436-77-41 nömrəli telefona zəng edə bilərsiniz
Müəssisənin mülkiyyət forması və ya strukturu dəyişəndə işçini işdən çıxarmaq olarmı?

Cəlilabad şəhərinin elektrik paylayıcı şəbəkəsinin keçmiş işçiləri Rövşən Həsənov və Pərviz Amalov da bu yerdəyişmənin qurbanı olduqlarını söyləyirlər.

Onların sözlərinə görə, «Şirvan Regional» MMC-nin tabeliyində olan «Cəlilabadelektrikşəbəkə»si ayrılıb «Lənkəran Regional» MMC-nin tabeliyinə verilib. Bu ilin əvvəlində də işçilərə ərizə yazdırıblar ki, işdən çıxın, yerdəyişmə başa çatandan sonra yenidən işə götürüləcəksiniz. Amma yerdəyişmə başa çatandan sonra bəzi işçilər qıraqda qalıblar.

Rövşən Həsənovla Pərviz Amaşovun «Azadlıq» radiosunun «Qaynar xətt»inə söylədikləri:

- Yanvar ayında bizdən işdən çıxma barədə ərizə aldılar. Rəhbərlik dedi ki, sizi sonradan işə götürəcəyik. Sonra isə öz adamlarını götürdülər. Biz isə qıraqda qaldıq.

«Cəlilabadelektrikşəbəkə»nin direktoru Ramiz Ağayev deyir ki, işəgötürmə məsələlərinə «Lənkəran Regional» MMC baxır, onlar yox. Elə onun özünü də regional idarə yenidən işə götürüb:

- Onlar öz ərizələriylə işdən çıxıblar. Şirkət də göstəricilərinə baxıb ki, hansını işə götürsün, hansını yox.

- Nəyə görə müəssisə tabeçiliyini dəyişəndə işçilərə işdən çıxmaq təklif olunur? Belə bir qayda varmı?

- Mən onu bilmirəm.

«Lənkəran Regional» MMC-nin sədr müavini Bəhruz Məmmədov isə deyir ki, kənarda qalan işçilər işə götürüləcəklər:

- Prosedur qaydaları var. İşə götürüləcəklər.
- Nə vaxt?
- Yaxın vaxtlarda.

Sabiq işçilərin isə işdən çıxarılmasına məhkəmə yoluyla etiraz etməyə bircə ay vaxtları var. Elə bizə şikayət edən Rövşən Həsənovla Pərviz Amalov deyir ki, onlara vəd verə-verə məhkəməyə müraciət imkanını əllərindən almaq istəyirlər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, şikayətçilər qanunsuz yerə işdən azad olunublar:

- Qanuna görə, müəssisənin mülkiyyət formasının dəyişdirilməsi işçilərlə əmək münasibətlərinə xitam verilməsinə əsas sayıla bilməz. Yalnız rəhbərliyə daxil olan işçilər - müdir, baş mühasib, baş mühəndis dəyişə bilər. Bu, ciddi qanun pozuntusudur.

«Azadlıq» radiosunun «Qaynar xətt»inə şikayətlərinizi bildirmək üçün hər gün 436-77-41 nömrəli telefona zəng edə bilərsiniz.
XS
SM
MD
LG