Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:09

Türkiyə səfirliyi Azərbaycan mətbuatında yazılanlardan narahatdır


Türkiyənin Bakıdakı səfirliyi fevralın 19-da yaydığı bəyanatda Ankaranın Qarabağla bağlı siyasətində heç bir dəyişiklik olmadığını bildirir.

Səfirlik Türkiyə-Ermənistan müzakirələri və Qarabağ problemi mövzusunda son günlər Azərbaycandakı bəzi qəzetlərdə yayılan iddialardan narahatlığını bildirir.

Sənəddə deyilir ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünə xüsusi önəm verir və bu istiqamətdə siyasəti dəyişməyib:

«Türkiyənin xarici siyasətinin təməl hədəflərindən biri bütün qonşu ölkələrdə mövcud problemlərin aradan qaldırılmasıdır. Türkiyə ilə Ermənistan arasında ikili münasibətlərin normallaşdırılması istiqamətində görüşlər də bu çərçivədə dəvam edir. Eyni zamanda da Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar aparılır. Bu iki istiqamətdə danışıqlardan hər hansı birində irəliləyişin digər istiqamətə də təsiri gözlənə bilər. İstər Dağlıq Qarabağ probleminin həlli, istərsə də Türkiyə-Ermənistan arasındakı müzakirələrin gedişi barədə Türkiyə rəsmiləri qardaş Azərbaycan rəsmiləri ilə davamlı olaraq fikir mübadiləsi aparır».

Son günlər Azərbaycanda bəzi KİV-lərdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması yonündə danışıqlarda irəliləyiş üçün Ankaranın Qarabağ məsələsində güzəştə getməsi barədə fikirlər yayılırdı.

Türkiyəyə ərazi iddiaları və Yerevanın «erməni soyqırımı» adlandırdığı Birinci Dünya müharibəsi dövründə Osmanlı Türkiyəsində baş verən hadisələrə görə, Ankara ilə Yerevan arasında diplomatik əlaqələr yoxdur. Türkiyə həm də dəfələrlə bildirib ki, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə edir və bu münaqişədə Azərbaycanla həmrəylik göstərərək özünün Ermənistanla sərhədlərini bağlayıb.
XS
SM
MD
LG