Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:06

İranın «Nabukko»ya qoşulması mümkündür


«Nabukko» qaz kəmərinin doldurulmasında İran qazından istifadə ehtimalları istisna olunmur. Bu barədə Avropa Komissiyasının energetika məsələləri üzrə rəsmi nümayəndəsi Ferran Tarradelyas Espuni «Kommersant» qəzetinə müsahibəsində deyib.

«Əlbəttə, İranın təsdiq olunan qaz ehtiyatlarına görə dünyada ikinci ölkə olduğunu nəzərə alaraq, bu ehtimalı istisna etmirik», - deyə Espuni bildirib. Onun sözlərinə görə, Avropa Birliyi Tehran ilə fəal diplomatik danışıqlar aparır və nüvə proqramı ilə bağlı məsələ həll olunarsa, qaz sahəsində əməkdaşlıq mümkün ola bilər.

Espuni vurğulayıb ki, «Nabukko» layihəsi üçün ciddi məsələ Türkiyənin təkcə tranzit ölkə qismində çıxış etmək deyil, qazı özünün satmaq istəməsidir. Onun sözlərinə görə, AB Ankaranın enerji daşıyıcılarının etibarlı tranzitinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edir.

Espuninin sözlərinə görə, «Nabukko» üçün ehtiyat bazası olmalı olan regionda xeyli həcmdə qaz var. «Azərbaycan layihədə iştirak etməyə artıq hazırdır və o, Bakı-Ərzrum qaz kəməri ilə AB-yə tədarük edə biləcəyi qaz ehtiyatlarına malikdir. Son geoloji məlumatlar göstərir ki, Türkmənistanda qaz həcmi əvvəllər gözlənilən həcmdən də çoxdur», - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.

«Nabukko» Azərbaycan və Mərkəzi Asiya qazının Avropa Birliyi ölkələrinə çatdırılmasını nəzərdə tutur.

«Trend» Agentliyi
XS
SM
MD
LG