Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Müxalifət MSK-nın qərarını «rüsvayçı və biabırçı» adlandırdı


Fevralın 18-də Mərkəzi Seçki Komissiyasında püşkatma keçirildi

Fevralın 18-də Mərkəzi Seçki Komissiyasında püşkatma keçirildi

Fevralın 18-də Mərkəzi Seçki Komissiyasında (MSK) püşkatma keçirildi. Referendum təbliğatı üçün teledebatda kimin aparıcının sağında, kimin solunda, kimin birinci, kimin ikinci stulda oturacağı müəyyən edildi. Təşviqat qruplarından heç biri yerindən narazı deyil, ancaq düşdüyü vəziyyətə gülənlər də var.

MSK-nın qərarına əsasən təşviqat qruplarına həftədə cəmi üç saat efir vaxtı ayrılır. Bunun da yarısı, yəni saat yarımı radio, saat yarımı isə televiziyada dəyirmi masalara sərf olunacaq. Müxalifətçiləri narahat edən də elə budur.

Birincisi, müxalifətçilər saat yarımlıq proqramın referendumla bağlı təşviqat kampaniyası üçün çox az olduğunu deyirlər. Prezident seçkisi zamanı namizədlərə altı saat, hər verilişə isə üç saat efir vaxtı verilirdi.

Amma indi, Konstitusiyanın 29 maddəsinə 40-a qədər dəyişiklik təklif olunur. Təşviqat qruplarınasa saat yarımlıq efir vaxtı verilir. Mərkəzi Seçki Komissiyasının üzvlərindən Akif Qurbanov məsələyə etirazını bildirdi:

- Beynəlxalq təşkilatların çağırışları var ki, referendumla bağlı debatlara daha geniş imkanlar verilsin. Bu məhdudiyyətlər referendumun gedişiylə bağlı ciddi şübhələrə səbəb olacaq. Təşviqat qrupunun sayı 9 nəfərdir, hərəyə 10 dəqiqə düşür.

Debatların aparıcısını da nəzərə alsaq, hərəyə 10 dəqiqədən də az vaxt düşür. MSK sədri Məzahir Pənahov isə əvvəlcədən xəbərdarlıq etdi ki, aparıcının nə qədər danışması onun öz işidir.

Əslində debatlara həftədə üç saat verilməsi qanuna uyğundur.

Seçki Məcəlləsinin 80-ci maddəsinə müvafiq olaraq, «teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları vaxt həftədə üç saatdan az olmamalıdır».

Belə çıxır ki, MSK təşviqat qruplarına minimum efir vaxtı verib.

Müxalifətçilər deyirlər ki, Azərbaycanın seçki tarixində belə şey olmayıb.

Bəs niyə oldu? Sualı seçki eksperti Ələsgər Məmmədliyə verdik:

- Maraqlıdır, anlaşılandır. Əvvəl təşviqat üçün iki ay verilirdi, sonra endirdilər 27 günə. Bu, onu göstərir ki, təşviqat vaxtını azaltmağa çalışırlar ki, camaat daha az informasiya alsın.

«Respublikaçılar» təşviqat qrupundan Arif Hacılı da deyir ki, MSK bu qərarı ilə təşviqat kampaniyasına mane olmaq üçün ciddi addım atıb. MSK-nın qərarı hakimiyyətin narahatlığından xəbər verir:

- Açığını deyim ki, çox rüsvayçı və biabırçı qərardır. Azərbaycan tarixində təşviqat üçün belə az vaxt ayrılmayıb. Vaxtın belə az olması və yalnız dəyirmi masalara ayrılması onu göstərir ki, hakimiyyət əhalinin məlumatlandırılmasından narahatdır.

İkinci mühüm məsələ, A.Hacılının qeyd etdiyi dəyirmi masa söhbətidir. MSK-nın qərarına əsasən ayrılan efir vaxtları dəyirmi masalara sərf olunacaq.

Amma Seçki Məcəlləsinin 127-ci maddəsində xüsusi tələb qoyulub ki, «ayrılan efir vaxtının 1/3 hissəsi birgə müzakirələr, dəyirmi masalar üçün nəzərdə tutulur». Qalan vaxtı təşviqat qrupları istədikləri kimi sərf edə bilərlər.

Seçki Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq, təşviqat mətbuat konfransları, müsahibələr, siyasi reklamlar, videofilmlər formasında da aparıla bilər. A.Hacılı deyir ki, MSK-nın yalnız dəyirmi masalara vaxt ayırması məcəlləyə ziddir.

MSK-nın sədri Məzahir Pənahov isə çoxluğun eyni fikirdə olduğunu deyib, başqa məsələlərin müzakirəsinə keçdi.

Şərhləri göstər

XS
SM
MD
LG