Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:42

Atom sualtı qayıqları toqquşub


Bu ayın əvvəllərində Britaniya və Fransa sualtı atom qayıqları bir-birilə toqquşub. Atlantik okeanda baş verən hadisə, mütəxəssislərin fikrincə, acınacaqlı nəticələr törədə bilərdi.

Birbaşa nüvə partlayışı təhlükəsi olmasa da, gəmilərin batması ətraf mühitə böyük təhlükə yarada bilərdi.

Britaniya sualtı donanmasına məxsus «Vanguard» atom sualtı qayığı və Fransa hərbi sualtı qayığı «Le Triomphant» bir-birilə bağlı olmayan müxtəlif vəzifələri yerinə yetirərkən Atlantik okeanında, suyun altında toqquşublar. Nə rəsmi Paris, nə də London qəzanın səbəbləri haqda açıqlama vermir.

Sabiq dəniz zabiti, hazırda isə «Janes Figthing Ships» jurnalının redaktoru Stefan Saundersin sözlərinə görə, belə bir qəzanın baş verməsi ümumiyyətlə ağıla sığmır:

- Bu, həddən artıq ciddi bir hadisədir.

İngiltərənin «The Sun» qəzeti ekspertlərə istinadən yazır ki, atom gəmilərinin toqquşmasının nüvə partlayışına gətirib çıxarması ehtimalı çox azdır. Belə bir qəzanın ən faciəvi nəticəsi gəmi heyəti üzvlərinin ölümü və gəmilərin yedəyindəki atom silahlarının okean sularında itməsi ola bilərdi.

Qəzet yazır ki, toqquşmadan sonra «Vanguard» öz gedişi ilə Şotlandiya sahillərindəki hərbi bazaya qayıda bilib. Gəminin govdəsindəki ciddi zədələr aydın görünüb.

Fransa Müdafiə Nazirliyinin təmsilçisi insidentlə bağlı jurnalistlərə hər hansı bir şərh verməkdən imtina edib. O deyib ki, nazirlik ümumiyyətlə sualtı atom qayıqları haqda məlumat vermir.

«Röyters» adını açıqlamayan bir Fransa məmuruna istinadən yazır ki, sualtı qayıqların toqquşması nəticəsində xəsarət alan olmayıb və heç bir nüvə partlayışı təhlükəsi yaranmayıb.

Açıq mənbələrdə deyilir ki, hər iki gəminin şəxsi heyəti təxminən 110 nəfərdir.

Böyük Britaniyanın atom silahına qarşı çıxış edən ictimai təşkilat olan CND Atlantik okeanında baş verən qəzanı 2000-ci ildə «Kursk» sualtı qayığının batmasından sonra ən ciddi insident kimi qiymətləndirir.

Rusiyanın «Kursk» atom sualtı qayığının Şimal Buzlu okeanda batması nəticəsində 118 nəfər həlak olmuşdu. Bu faciənin səbəbi «Kursk»un govdəsində baş verən güclü partlayış idi.

Həm Fransa, həm də Böyük Britaniya atom silahları daşıyan 4 ədəd sualtı qayığa malikdir.
XS
SM
MD
LG