Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:27

«Avropa Xəzər qaz kəmərini itirir»


Müəllifin fikrincə, Avropanın enerji təhlükəsizliyinə problem yaradan həm də tranzit ölkələriylə istehsalçıların münasibətidir. Ukraynayla Rusiyanın üçüncü qaz davası bunu göstərdi
Müəllifin fikrincə, Avropanın enerji təhlükəsizliyinə problem yaradan həm də tranzit ölkələriylə istehsalçıların münasibətidir. Ukraynayla Rusiyanın üçüncü qaz davası bunu göstərdi
«Avropa Xəzər qaz kəmərini itirir». «Faynenşl Taymz»ın məqaləsi belə adlanır. Müəllif Borut Grgic yazır ki, Avropa cənub dəhliziylə gələcək Azərbaycan qazını almağa tələsməlidir. Yoxsa, Rusiyadan bir az da asılı olacaq. Müəllifin fikrincə, indi Avropanın qarşısında iki maneə var: Türkiyə və Rusiya.

Türkiyə ona görə maneədir ki, Avropa Birliyindən soyuqluq görəndən sonra Baş nazir Ərdoğanın administrasiyası mövqeyini dəyişib. İndi Türkiyə Azərbaycan qazını Avropaya çatdıracaq tranzit ölkədənsə, region mərkəzi olmaq istəyir. Yəni qazı Xəzəryanı ölkələrdən alıb, Avropaya satmaq niyyətindədir. Amma bu, Avropaya sərf etmir və Avropa buna imkan verməməlidir.

Müəllifin fikrincə, Avropanın enerji təhlükəsizliyinə problem yaradan həm də tranzit ölkələriylə istehsalçıların münasibətidir. Ukraynayla Rusiyanın üçüncü qaz davası bunu göstərdi.

Məqalədə deyilir ki, indi əsas tranzit varianti Türkiyədir. Amma müəllifin fikrincə, tranzit Türkiyə olmaya bilər. Avropa Xəzər qazını Gürcüstan, Rumıniya, Qara dəniz vasitəsilə ala bilər. Gürcüstanla Azərbaycan arasında əlaqə artıq var. Amma burda da Rusiya məsələsi ortaya çıxır. Keçən ilki münaqişəni yaddan çıxarmaq olmaz. İndi Gürcüstanın separatçı bölgəsi olan və Moskvaya arxalanan Abxaziya ayağa dura, Gürcüstanla Azərbaycan arasındakı dəhlizə problem yarada bilər.

Müəllif yazır ki, deyilənləri müqayisə edəndə görünür ki, üstünlük verilən tranzit ölkə Türkiyədir, amma Avropanın qarşısına şərt qoymayan Türkiyə. Odur ki, Avropa ortaya Türkiyəni cəlb edəcək təklif qoymalıdır.

Rəcəb Tayyib Ərdoğan deyir ki, Avropa Birliyi Türkiyənin üzvlüyü barədə danışıqlarda enerji məsələsini nəzərə almalıdır. Birliyin bəzi üzvləri - Fransa, Kipr məsələnin əleyhinə çıxır, Amma Avropa hərəkətə keçməlidir.

Məqalədə deyilir ki, əks təqdirdə Rusiya cənub dəhlizini də bağlayar. Rusiya Azərbaycan qazını almağı artıq təklif edib. Azərbaycan qazını Rusiyaya satsa, Türkmənistanın da eyni addımı atacağı istisna olunmur. Digər tərəfdən, Rusiyanın «Qazprom» şirkəti Serbiyanın neft-qaz şirkəti «NİS»i alıb və keçmiş Yuqoslaviya bazarları indi Rusiyanın əlindədir.

Serbiyanın regionun keçmiş mərkəzi olduğunu və o vaxtkı şəbəkələrin durduğunu nəzərə alsaq, Rusiyanın gələcək addımlarını təsəvvür etmək çətin deyil. Rusiya o şəbəkələri ucuz qazla doldura və vaxt itirmədən Cənub-Şərqi Avropanın bazarlarına nəzarəti ələ keçirə bilər.

Odur ki, Avropa tələsməlidir.

«Vaşinqton Post»da diqqəti cəlb edən Hüsni Mübarəkin Obamayla görüşmək niyyəti barədə yazılanlardır. Qəzet yazır ki, Misir prezidenti Hüsni Mübarək Amerikanın yeni prezidenti Barak Obamayla görüşməyə çalışır. İndi sual yaranıb, Obama qoca diktatoru qəbul edəcəkmi?

Məqalədə deyilir ki, əslində Hüsni Mübarək özü Corc Buşu beş il əvvəl boykot etmişdi. Çünki Buş ikinci dəfə seçiləndə demokratiyanı təbliğ edəcəyini deyirdi. Amma indi C.Buşu Obama əvəz edir və güman ki, Misir əvvəlki münasibəti bərpa etmək, yenə Amerikadan ildə 2 milyard dollar yardım almaq arzusundadır. Üstəlik, ABŞ Misirdə demokratların təqibinə göz yumurdu.

Bəs Obama sələfindən fərqlənəcəkmi?

«Vaşinqton Post» yazır ki, Obama Misir liderini rədd edəsi deyil, amma onun qarşısına şərt qoymalıdır. Çünki ölkəsində demokratiyanın qurulmasına çalışan milyonlarla ərəb gözünü Obamaya dikib. Ağ Ev qapılarını Misir liderinin üzünə asanlıqla açsa, yeni administrasiyanın imicinə zərbə olar. Amerikanın etibarını, nüfuzunu bərpa etməyə çalışdığını deyən yeni administrasiya gözdən düşər. Belə çıxar ki, ABŞ keçmişdə olduğu kimi, korrupsiyaya, ərəb diktatorlarına göz yumur, yenə strateji məqsədlər güdür.

Düzdür, Mübarəkin müttəfiqləri onun İsrail-Həmas qarşıdurması zamanı oynadığı rolu vurğulaya bilər. Amma nəzərə almaq lıazımdır ki, Mübarək sırf Misirin maraqları yolunda çalışır, sərhəddə müharibə Misirə sərf etmir. Mübarək hətta Həmasın silah qaçaqmalçılarının da qarşısını almaq üçün ciddi ölçü götürüb, etiraz edənləri susdurur.

Amma demokratları da susdurmaq üçün son vaxtlar ciddi tədbirlər görülüb. Məsələn, dissident Saad Eddin İbrahim dövlətə xəyanətdə günahlandırılıb. Çünki məqalələrindən birində Obamanı Misirə hələ səfər etməməyə çağırıb.

Saad Eddin İbrahim indi mühacirətdədir, çünki 2007-ci ildə demokratiya fəallarının konfransında Buşun əlini sıxıb.

«Vaşinqton Post» yazır ki, Barak Obama Misirdə baş verənləri nəzərə almalıdır. Qoca diktatora populyar prezidentlə yanaşı durmaq və beləliklə ligitimləşmək imkanı verilməməlidir.
XS
SM
MD
LG