Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45

«Radioların yayımının dayandırılması Azərbaycanın imicinə ziyan vurur»


Bu ildən Milli Teleradio Şurası «Azadlıq», «Amerikanın səsi» BBC-nin milli tezlikdə yayımını dayandırıb

Bu ildən Milli Teleradio Şurası «Azadlıq», «Amerikanın səsi» BBC-nin milli tezlikdə yayımını dayandırıb

Britaniya hökuməti xarici radiostansiyaların FM tezliyinə qaytarılması üçün Azərbaycanla danışıqları davam etdirəcək.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə rəhbəri Mark Lyall Grant «Azadlıq» radiosuna belə deyib.

Britaniyalı rəsmi bildirib ki, Milli Televiziya və Radio Şurasının yanvarın 1-dən xarici radioların FM tezliyində yayımının dayandırılması qərarı Azərbaycanın imicinə ziyan vurur:

«Biz BBC-yə FM tezliyində yayımına icazə verilməməsi qərarından məyus olmuşuq. Hesab edirik ki, bu, Azərbaycan xalqı üçün itkidir, çünki onlar dünyada dəqiq, qərəzsiz məlumat yayan BBC dünya xidmətindən məlumat almaq imkanından məhrum olublar. Digər tərəfdən, bu qərar Azərbaycanın beynəlxalq aləmdəki imicinə ziyan vurur».

Mark Lyall Grant Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla bu məsələni müzakirə etdiyini deyir:

«Mən bu gün Azərbaycanın Xarici İşlər naziri ilə bu məsələni müzakirə etmişəm. O, təklif etdi ki, əgər bizim bu məsələnin həlliylə bağlı düşüncələrimiz varsa, Britaniyanın Azərbaycandakı səfiri onunla təmasda olsun. Biz bu məsələləri müzakirə edəcəyik».

Mark Lyall Grant bildirib ki, Bakıda Xarici İşlər naziri və onun müavini ilə danışıqlarda həmçinin Cənubi Qafqazda gedən siyasi vəziyyəti, İran və Rusiya ilə münasibətləri, kommersiya və biznes əlaqələrini də müzakirə ediblər.

Azərbaycana gəlməzdən əvvəl Kiyev və Tbilisidə olan Britaniya rəsmisi deyib ki, onun hökuməti Azərbaycanın Avropa Birliyi və Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir.

Cənab Grant eyni zamanda hesab edir ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından regionda mühüm rol oynayır:

«Britaniya Azərbaycanda ən böyük sərmayədardır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır, bu sahədə ən mühüm tərəfdaşlardan biridir. Ancaq təəssüflər olsun ki, hazırda regionda bir çox münaqişələr mövcuddur. Biz Britaniya olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və istərdik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapsın».

Britaniyalı rəsmi Avropa Birliyinin aprel ayında Praqada keçiriləcək sammitinə də toxunaraq deyib ki, bu zirvə toplantısında iki əsas məsələyə baxılacaq. Birincisi, Avropa Birliyi Xəzər qazının Avropaya çatdırılmasını nəzərdə tutan Cənub enerji dəhlizinin yaradılmasını dəstəklədiyini açıq şəkildə vurğulayacaq. İkincisi isə Şərq tərəfdaşlığı layihəsidir ki, bu proeykt Azərbaycanın da daxil olduğu altı ölkə ilə Avropa Birliyi arasında əlaqələrin daha dinamik inkişafına təkan verəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG