Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:05

«Bir vedrə araq içən» sərxoş gənclərin polisi hədələməsi…


Videoçarxda gənclər polisi təhqir edib, etinasız halda yollarına davam edirlər
Videoçarxda gənclər polisi təhqir edib, etinasız halda yollarına davam edirlər
YouTube videpaylaşma saytında yerləşdirilən videoçarxların birində sənəd əvəzinə yol polisinə şəkil göstərən, kimə və ya nəyəsə arxayın gənclər serjant Elçin Hacıbalayevi onların qabağına çıxdığına görə, əməlli-başlı peşman edirlər. Sürücülük vəsiqəsi olmayan sərxoş gənclər «sənəd yoxdur» deyib polis əməkdaşını hədələyirlər:

«Sən öl, özüm ölüm yerli–dibli «prava» yoxdur. «Prava» lazımdır sənə?! İçmisən nədir, bir vedrə araq içmişəm…Sən bu vəzifədə işləmək istəyirsən?! Biz bu barədə tədbir görərik…Başqa bir sözün, qulluğun var?..»

Videoçarxda gənclər polisi təhqir edib, etinasız halda yollarına davam edirlər. Əlacsız qalan yol polisi isə gənclərə «bir böyük kimi» özlərini qorumaqla bağlı məsləhətlər verir.

Bakı Şəhər Baş Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov bu videoçarxı hələ görməyib. Ona görə də, hansısa sürücünün polislə belə rəftar edə bilməsinə, yaxud polisin vəzifə başında qorxaqlıq nümayiş etdirməsinə inanmır.

V.Əsədov deyir ki, əgər kimsə həqiqətən də polisə münasibətdə qeyri-qanuni hərəkətlərə yol verirsə, onun haqqında lazımi sənədlər hazırlanıb müvafiq qurumlar qarşısında məsələ qaldırılır.

V.Əsədov ötən il «Azadlıq» radiosunun «İşdən sonra» verilişində yol hərəkəti qaydalarını dəfələrlə pozan və polisin qanuni tələblərinə məhəl qoymayan maşınların siyahısından bəzi nömrələri səsləndirmişdi.

Kifayət qədər geniş siyahıda polisin bacarmadığı deyilən təkcə ayrı-ayrı şəxslərin deyil, bir sıra tanınmış şirkətlərin də maşınlarının nömrələri var idi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov vətəndaşların polisin tələblərinə məhəl qoymaması hallarının mövcudluğun inkar etmir. Konkret fakt xatırlamasa da, deyir ki, belə hallar olur. Amma onun sözlərinə görə, polisə tabe olmayan şəxslər qanunla cəzalarını da alırlar.

E.Zahidov deyir ki, kimliyindən asılı olmayaraq qanunda nəzərdə tutulan cəza hər bir şəxsə tətbiq edilir.

Bu cür hallar baş verəndə polis əməkdaşı hadisə ilə bağlı öz rəisinə raport yazır və hər şey yoluna qoyulur.

Bakı küçələrində söhbətləşdiyimiz sürücülər isə qanunun heç də hamı üçün eyni olmadığını deyirlər. Onların fikrincə, bunun günahı təkcə kiməsə arxayın olan qanun pozucularında deyil, eyni zamanda polisdədir. Çünki bəzən polislər imkanlılardan nə qədər qorxurlarsa, imkansızları, kimsəsizləri də o qədər qorxutmaqdan çəkinmirlər.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, o da dəfələrlə polislə hətta bundan da pis rəftarın şahidi olub. Amma sonra polis bu barədə nə rəisinə raport yazıb, nə də qanunun tələb etdiyi başqa qaydada yuxarı instansiyalara məlumat verib. Çünki belə halda polis əməkdaşı işini və bir tikə çörəyini itirməyəcəyindən əmin deyil.

Qanun pozucusunun qarşısında zəiflik göstərdiyinə görə, polisin hər hansı cəzaya - töhmətə, tənbehə məruz qalmamasına müxtəlif yozumlar var.

Rəsmilər deyirlər ki, polis sonda qanun pozucusunun cəzasını almasına nail olur. Qeyri- rəsmilər isə bildirirlər ki, polisin rəhbərləri özləri yaxşı bilirlər ki, məsələn, serjant Elçin Hacıbalayev əmisinə, dayısına və ya kiminləsə çəkdirdiyi şəklə arxayın olan sərxoş gəncin qarşısında niyə aciz qalıb. Elə ona görə də əksər hallarda polis əməkdaşları bu cür hadisələr barədə yuxarılara raport da yazmırlar.
XS
SM
MD
LG