Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:17

Emin Hüseynli: «Mirzə Sakitin ailəsinə basqılar səngimir»


Mirzə Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib

Mirzə Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib

«Mirzə Sakitin nəinki özünə, hətta ailə üzvlərinə qarşı da basqılar səngimir».

Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramına Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynli deyib.

Onun sözlərinə görə, satirik şairin ailəsi korluq çəkir:

«Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova hətta kiçik biznes strukturlarında belə işə düzələ bilmir, çünki sahibkarlar onu işə götürsələr, problemlərlə üzləşəcəyindən qorxurlar».

E.Hüseynli deyir ki, bu yaxınlarda M.Sakitin qızı təcili əməliyyat zərurəti ilə xəstəxanaya müraciət edib, amma ona pulsuz tibbi xidmət göstərməyiblər:

«Mirzə Sakitin tələbə olan qızının təhsil haqqı, məktəbə gedən uşaqlarının pal-paltarının alınması üçün pul çatmır. Üstəlik, ailəsinin verdiyi məlumata görə, kommunal idarələr onların borclarına «xüsusi həssaslıqla» yanaşırlar. İşıq borcu yaranan kimi elektrik kəsilir».

E.Hüseynlinin sözlərinə görə, bütün bunlar Mirzə Sakiti ailəsinə qarşı icra strukturlarının basqılarına görə cavabdeh bildiyi prezident İlham Əliyevi məhkəməyə verməyə vadar edib.

«Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit (Zahidov) prezident İlham Əliyevi məhkəməyə verib

M. Sakit bu addımı atmasına səbəb kimi həbs olunmasından sonra ailəsinin hökumətin repressiv əməllərindən əziyyət çəkməsini göstərib və bildirib ki, bunu məhkəmədə sübut edəcək.

Artıq iddia ərizəsi cəzaçəkmə müəssisəsi rəhbərliyi tərəfindən Səbail rayon Məhkəməsinə göndərilib.

Mirzə Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Satirik 2006-cı il iyunun 23-də qanunsuz narkotik saxlamaq və istifadə etmək ittihamı ilə həbs olunub.

Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.

Şərhləri göstər

XS
SM
MD
LG