Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

Avtovağzalın açılışına daha çox şikayətçilər gəlmişdi


«Bir aydır qalmışam Bakının küçələrində, gözləyirəm ki, buranın açılışı olacaq, prezidentə dərdimi deyəcəm…»

«Bir aydır qalmışam Bakının küçələrində, gözləyirəm ki, buranın açılışı olacaq, prezidentə dərdimi deyəcəm…»

«Hardasa bir aydır ki, gözləyirik. Gəncədən gəlmişəm. Qarğıdalı ağacından ev tikmişdik o da uçub. Çox acınacaqlı vəziyyətdə yaşayırıq, müraciət etmədiyimiz orqan qalmayıb, ərizəmizi alıb cırırlar, savadsızlıqdır. Bir aydır qalmışam Bakının küçələrində, gözləyirəm ki, buranın açılışı olacaq, prezidentə dərdimi deyəcəm…»

Qənifə Qasımova kimi fevralın 12-də onlarla adam köhnə «Motodrom»a toplaşmışdı. Yox, onlar müxalifətin mitinqinə deyil, prezidentlə görüşə gəlmişdilər. Fevralın 12-də burda Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın açılışı idi. Açılışa gələn sadə vətəndaşların niyyəti isə təzə avtovağzalı görməkdən çox, prezidentə ürəklərini boşaltmaq, şikayətlərini çatdırmaq idi:

- Laçından qaçqınam, transformator veriblər, heç nəyi yoxdur. Üç ildir qoymuşuq qalıb çürüyür. İşığım yoxdur, işığın dərdindən şam yandırırıq.

- Zəngilan rayonundanam, Əkinçilik İnstitutunun yataqxanasında qalırdım. Abşeron rayonunda müvəqqəti məskunlaşmışam. Orda qaçqınlara ev tikirlər, məni isə ev növbəsindən çıxarıblar. İcra başçısı deyir ki, mən nə ev tikirəm, nə də ev verirəm.

- Sumqayıt şəhərində ev tikmişəm, qalmışam çöllərdə. Məhkəmə evimi töküb çölə, bir ayrı adam gəlib yaşayır. 85 yaşım var.
Prezidentin gəlişinə hazırlıq
Mən gözləyirəm ki, bu arzumu möhtərəm prezidentə çatdıram.

Ancaq şikayətçilərlə söhbət çox çəkmədi ki, polis onları yeni avtovağzalın qarşısından uzaqlaşdırdı. Kimini məcburi avtobusa oturtdu, kimini də hədələdi:

Şikayətçi: Yəqin bir dərdimiz var ki, bura gəlmişik. Biz gəlməmişik ki, burda duraq, gəlmişik prezidentimizi görək, dərdimizə şərik olsun. Hansı hökumətin yanına gedək bəs? Gedirik deyirlər qolundan tutub dərəyə tullayacağıq.

Polis: Qolundan tutmuruq, gediş-gəlişə mane olursan.

Şikayətçi: Milyon verələr, mən burda durmaram. Əlimlə tikdiyim ev qaldı Ermənistana.

Polis: Ağsaqqal, sən burda dayanmaqla guya səni ora kimsə buraxacaq?

Avtovağzalın açılışını izləməyə gələnlər arasında uzaq Sibirdən olan bir kişi polisin bu cür münasibətinə təəccübünü gizlətmədi:

- Qanun orda da var, amma burda ora-bura qovurlar. Camaatsız bura nəyə lazımdır ki…

Avtovağzal kompleksi 4 hektara yaxın sahəni əhatə edir
Avtovağzalın açılışını təkcə dərdini prezidentə çatdırmaq istəyənlər deyil, biz də izləyə bilmədik. Polis rəsmi izacə almadığımızı əsas gətirib diktofon və fotoaparatı qırmaq istədi, sonra bizi avtobusa mindirib hadisə yerindən uzaqlaşdırdı.

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinə 1100 yerlik yeraltı avtomobil dayanacağı, ticarət köşkləri, xidmət otaqları, 96 yerlik 3 ulduzlu otel daxildir. Avtovağzal kompleksi 4 hektara yaxın sahəni əhatə edir, Cənubi Qafqazda ən böyük analoji qurğudur. Avtovağzalın gün ərzində 18-20 min sərnişinə xidmət göstərəcəyi bildirilir.

Bir müddət əvvəl «Əl-Cəzirə» televiziyası beynəlxalq avtovağzalın 80 milyon dollara başa gəldiyini, avtovağzalı tikən şirkətin isə Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğunu iddia edirdi.

Nəqliyyat Nazirliyi isə bu faktı təkzib etmişdi.

Şərhləri göstər

XS
SM
MD
LG