Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:22

«Amerika təhsil sistemi bizdəkindən çox fərqlidir»


Amerika Təhsilli Azərbaycan Məzunları Birliyinin rəhbəri Ceyhun Kərəmov

Amerika Təhsilli Azərbaycan Məzunları Birliyinin rəhbəri Ceyhun Kərəmov

«Amerika təhsil sistemi bizdəkindən çox fərqlidir». Amerika Təhsilli Azərbaycan Məzunları Birliyinin rəhbəri Ceyhun Kərəmov «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyir.

C.Kərəmov 1998-1999-cu illərdə ABŞ-da orta məktəbin 12-ci sinfində bir il mübadilə proqramı çərçivəsində təhsil alıb. 2004-2006-cı illərdə isə Corciya Ştatının Universitetində dövlət idarəetməsi ictimai-siyası analiz və qiymətləndirmə ixtisası üzrə iki il magistr təhsilinə yiyələnib.

İki ölkənin təhsil sistemini müqayisə edən C.Kərəmov böyük fərqlər üzə çıxarıb:

«Amerikada universitet rəhbərliyi, müəllimlər öz məzunları ilə sıx əməkdaşlıq edirlər. Yəni, təhsilin ən müsbət özəlliyi ondan ibarətdir ki, universiteti bitirəndən sonra ora ilə əlaqələrin qırılmır. Əksinə, bəzi hallarda daha da güclənir».

C.Kərəmov Birləşmiş Ştatlarda təhsil sisteminin çox yüksək olduğunu deyir:

«Amerikada orta məktəbdə bir il ərzində öyrəndiklərim bəlkə də Azərbaycanda 4-5 il ərzində öyrəndiklərimdən daha faydalı oldu. Orda təhsil yalnız nəzəriyyə əsasında qurulmur. İnsan nəzəri biliklərlə yanaşı, praktiki biliklərə də yiyələnir. Dərslərdə maraqlı tapşırıqlar verirlər. Məsələn, birbaşa mövzuya aidiyyatı olan insanlarla görüşməli, bir ay ərzində onların işini qavramalı və elə bir məhsul hazırlamalısan ki, həm onlar üçün, həm də dərsi bölüşəcəyin tələbə yoldaşların üçün maraqlı olsun».

Selcan Məmmədli
C.Kərəmovu təəccübləndirən daha bir məqam ABŞ-da tələbənin başqa tələbədən dərsi köçürməməsi olub:

«Onlar qiymət almaq xatirinə başqa yollara əl atmırlar. Hər kəs özünə cavabdehdir».

ABŞ-ın Ohaya Şimal Universitetində magistratura üzrə hüquq təhsili alan Selcan Məmmədli də iki təhsil sistemindəki fərqlərdən söz açır:

«İlk fərq odur ki, Amerikada hüquq təhsili Sokrat metodu ilə keçirilir. Mən oxuduğum universitetdə, ümumiyyətlə, mühazirə keçmirik. Əvvəlcədən bizə oxumağa çoxlu dərs verirlər. Axşam evdə oxuyur, universitetə tam hazır gəlirik və müzakirələr şəklində dərsi keçiririk. Dərsdə iştirakın özü sonda qiymətə təsir edir».

S.Məmmədlini daha çox heyrətləndirən Amerikada müəllim-tələbə münasibətləridir:

«Mən Bakı Dövlət Universitetini bitirmişəm. Bizim universitetdə çox savadlı, yaxşı müəllimlər var. Amma onlarla tələbələrin münasibəti kifayət qədər sərhədli idi. Burda isə münasibət açıqdır, dostcasınadır. Hətta müəllimlər şəxsi problemi yarananda da tələbəyə kömək edirlər».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG