Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

Darvindən hələ də qorxurlar…


Məşhur ingilis alimi Çarlz Darvin 1809-cu il fevralın 12-də anadan olub

Məşhur ingilis alimi Çarlz Darvin 1809-cu il fevralın 12-də anadan olub

Darvin bəşəriyyət barədə elmin əsasını qoyan adamdır. Çoxları XIX əsrdə yaşamış məşhur ingilis alimi Çarlz Darvin barədə bu fikirdədir. Darvinin təkamül nəzəriyyəsinə görə bütün varlıqların bir əcdadı var. Bütün canlılar bir varlıqdan, təkamül nəticəsində yaranıb.

Bu isə əlbəttə, dinin dediklərinin əksidir. Ona görə də Darvinin nəzəriyyəsini dünyanın demək olar ki, bütün təhsil ocaqlarında tədris etsələr də, bəzi müsəlman ölkələrində Darvini oxumurlar. Məsələn, Əfqanıstan və İranda.

Əfqanıstanda Darvinin nəzəriyyəsini hətta təhlükəli hesab edirlər. Əfqanıstan Təhsil Nazirliyində dərsliklərlə məşğul olan qrupun üzvlərindən biri Almaniyada təhsil almış bioloq Muhamməd Sabirdir.

O deyir ki, Darvin nəzəriyyəsinin dərsliklərə salınmaması daha çox siyasi qərardır. Məktəblərdə Darvinin nəzəriyyəsindən danışsalar, nəinki tənqid olunarlar, ölkədə əməlli başlı çaxnaşma yaranar:

«Əfqanıstan dini ölkədir. Burda bəşəriyyətin yaranışı barədə başqa nəzəriyyə öyrənilir. İndiki şəraitdə Darvinin nəzəriyyəsinin tədris olunmamasının təhsil sisteminə xeyri var. Əks halda təhsilin əleyhinə çıxanların ayağa qalxması üçün bəhanə olar».

Təhsilli əfqanlar da hesab edirlər ki, cəmiyyət çox mühafizəkardır. İnsanın heyvandan əmələ gəlməsi fikri Əfqanıstanda heç müzakirə oluna bilməz. Ona görə də əfqan məktəblərində bir nəzəriyyə öyrədilir; bəşəriyyəti Allah yaradıb. İstənilən başqa nəzəriyyə dinin əleyhinədir.

Təhsil Nazirliyinin Darvin nəzəriyyəsindən ehtiyatlanmasına əsas var. Mühafizəkarlar islam dəyərlərinə və ənənələrə zidd olan şeylərə kəskin reaksiya verirlər. Kabulda sosial-siyasi məsələlər üzrə ekspert kimi tanınan Şahid Mozhda bir misal çəkir:

«Bu günlərdə bir əlavə dərslik nəşr olunmuşdu. Orda bir hekayə vardı, heyvanlara insan adları verilmişdi. Məsələn, siçanın adı Əhməd idi. Çox reaksiyalar oldu, məqalələr yazdılar. Hekayənin İslam adlarını təhqir etdiyini dedilər. Məsələn, yazdılar ki, «Amin» peyğəmbərin yüksəkliyini təsvir etmək üçün istifadə olunan addır. «Siz peyğəmbərin adını təhqir edirsiniz. İslam buna yol vermir».

Əfqanıstanda Darvinin nəzəriyyəsini dərslikdən tamam çıxarıblar, amma İranda Darvinin dedikləri barədə qısa məlumat verilir, bəşəriyyətin yaranışı barədə nəzəriyyələrdən biri kimi təkamül nəzəriyyəsi barədə danışılır. Darvin və onun əsərləri barədə geniş məlumat almaq istəyənlər kitabxanalara müraciət etməlidirlər. Tehran Universitetinin tələbəsi Şirin Hüseyni deyir ki, belə kitablar var, amma özləri axtarıb-tapmalı olurlar:

«Darvin haqqında nə oxumuşamsa, özüm tapıb, oxumuşam. İranda Darvin barədə danışırlar, onun insanın yaranışını tədqiq etdiyini deyirlər. Amma dini nəzəriyyələr Darvinin fikirlərini kölgədə qoyur. Din deyir ki, birinci insan Adəm olub və bütün insanlar Adəmdən törəyib. Burda belə izah olunur».

Hüseyni Darvinin təkamül nəzəriyyəsi barədə, şəxsən marağı olduğu üçün oxuyub və dediyinə görə hansısa dostunu, tanışının Darvinə maraq göstərdiyini, təkamül nəzəriyyəsi haqqında danışdığını eşitməyib.

Şərhləri göstər

XS
SM
MD
LG