Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28
Doğrudur, fəsil də dəyişib. İndi ancaq xəzəlləri və bir də Eldar şamlarının iynə yarpaqlarını seyr etmək olar. Tələbəlik vaxtı Moskva Universitetinə aparan parkın içi ilə xəzəllərin üstündən addımlamağı çox sevirdik. Əslində ölkədə heç nə dəyişmir, demək, bir qədər mübaliğəyə varmaq deməkdir. Ən azı deyilənə görə, Azərbaycanda doqquz iqlim mövcuddur. Dəyişən də daha çox fəsillər və bir də fəsillərə uyğun olaraq məmurların libasıdır. Bir də «siyasi iqlim» getdikcə soyuqlaşmaqda davam edir. İndi hətta avtobusda pıçıltı ilə danışırlar – bəlkə də bu, yenicə formalaşmaqda olan şəhər mədəniyyətinin bir əlamətidir, amma qəzet oxuyan, siyasi partiyalara baş çəkənlər də çox azdır, insanlar hətta yerli telekanalları «boykot» etməklə özlərini bu ölkənin neqativ təsirindən qorumağa çalışırlar.

Avropalı bir yazıçının maraqlı fikri var idi: keçmişimiz mif, gələcəyimiz isə müəmmalıdır. Bizim reallığa çevirəndə bu, daha da maraqlı olur: keçmiş də, gələcək də yalan! Hər bir tarixçinin hadisələri özü bildiyi kimi, təbii ki, faktlara əsaslanaraq, interpretasiya etmək hüququ var. Amma tarix də bizdə iki hissəyə bölünüb: rəsmi və bir də qeyri – rəsmi!

Heç vaxt unutmaram, Heydər Əliyev vəfat edərkən yüksək rütbəli məmurlardan biri ağlayaraq dedi ki, ona qədər bizə «tatar» deyirdilər! Deməli, adımızı da rəhmətlik Heydər Əliyev qoymuşdu – taleyimiz də ki məlumdur!
Heç vaxt unutmaram, Heydər Əliyev vəfat edərkən yüksək rütbəli məmurlardan biri ağlayaraq dedi ki, ona qədər bizə «tatar» deyirdilər! Deməli, adımızı da rəhmətlik Heydər Əliyev qoymuşdu – taleyimiz də ki məlumdur!


Əslində mən çox şey haqqında yaza bilərdim – kimlərsə gəlirlər – gedirlər, prezidentimiz də çox böyük diqqətlə olmasa da, onları dinləyir. Şübhəsiz ki, bunlar da siyasi hadisələrdir. Alnını qırışdıraraq bütün bunlar haqqında da nəsə yazmaq olar və vaxtilə yazmışam. Amma getdikcə belə təsəvvür yaranır ki, ölkə, sadəcə idarə olunmur. Ölkəni bir qrup məmur idarə edir – hərənin öz «sektoru» var. Elə onları vəzifədən dörd əllə yapışmağa vadar edən də budur – «sektorlar» başqa ələ keçə bilər.

Amma hərlənib – fırlanıb eyni mövzuya qayıdıram, çünki yaxın aylarda bizim taleyimiz həll edilir. Bizə nə vəd olnub? Bizi nə gözləyir? Növbəti aşırımı adlaya biləcəyikimi? Daha müxalifət liderlərinin də müsahibələrini də oxumuram. Əslində əvvəllər də onları fikir, ideya « generatorları» hesab etməmişəm. Amma məmnuniyyətlə etirafları, necə oldu ki, bu vəziyyətə düşməyimizlə bağlı səmimi açıqlamaları oxuyardım. Amma bu gün mətbuat səhifələrində onlar yoxdur, çox güman ki, gələcəkdə də olmayacaq. Mərhum Heydər Əliyevin bir siyasi aforizmi var idi: siyasətçi dediyini etmir, etdiyini isə demir! Eyni «məktəb» deyilmi?

İndi hər şey daha çox individual seçimdən və hərəkətdən asılıdır. İ.Kant yazırdı ki, insan bir neçə suala cavab verməlidir: nəyi bilə bilərəm, mən nə etməliyəm, nəyə ümid edə bilərəm və mən kiməm? Bu suallardan bəlkə də ən vacibi sonuncudur. Heç vaxt yadımdan çıxmaz. Səfirliklərin birində görüş zamanı bir YAP-çı bizi təqdim edirdi. Növbə bizə çatanda zarafatla, hər halda ona belə gəldi, qayıtdı ki, bunlar da rəiyyətdirlər, bəli rəiyyət! Amma bu, adi gülüş üçün deyilmiş zarafat deyildi: əminəm ki, gələcəkdə onlar bizi məhz belə görürlər!

Biri var «vətəndaş», biri də var « təbəə»! Biz Rusiya imperiyasının təbəələri olmuşuq. O vaxt heç «vətəndaş» anlayışı yox idi. Bəs indi? İndi bizləri nə gözləyir?

Hindistana dilənçilərin zəngin ölkəsi deyirlər. Bir qədər qəribə olsa da, bu, faktdır. Bakıya da bir vaxtlar milyonçular və dilənçiləri şəhəri deyirdilər. Bunu mən uydurmamışam!

Yazının əvvəlini yarpaqlardan başladım. Nəsillər də yarpaqlar kimidir. Bəlkə bizi də bu tale gözləyir? Heç olmasa, yarpaqlar torpağa qida verir. Bəs biz bu ölkəyə nə verəcəyik?

Hər bir vəziyyətdən çıxış yolu olur. Bəlkə də bunu mənə adət etdiyim riyazi və fiziki məntiq diqtə edir. Mərsiyələr, gileylər, hətta «sərt tənqidlər» indiki hakimiyyətə təsir etmir. Sadə bir həqiqəti bilmək lazımdır ki, aqil insanlar demişkən, heç bir hakimiyyətin iradəsi təmsil etdiyi millətin əzmindən güclü ola bilməz, bu, hətta bizim «hava kimi» dəyişkən Konstitusiyamızda da təsbit olunub. Qəribəsi də budur ki, YAP-çıların yarısı guya ki, filosofdur. Axı, hətta yunan Heraklit deyirdi ki, hər şey axır, hər şey dəyişir! O cümlədən də millət və cəmiyyət! Kim bilir ki, beş aydan və yaxud beş ildən sonra o, nə fikirləşəcək, necə hərəkət edəcək?

Bəlkə də bizim cəmiyyətin ən böyük bəlası budur ki, fərdi təşəbbüsə meyl göstərilmir! Amerika filmlərini yada salmaq istəmirəm, amma bunlarda bir fəlsəfə aşılanır – bəzən insan təkbaşına, özü hansısa situasiyanı dəyişmək fikrinə düşür! İndi belə fərdi təşəbbüsdə bulunanların – hüquq müdafiəçilərinin, jurnalistlərin, siyasətçilərin, fəal ziyalıların və b. sayı heç yüzdən çox olmaz! Belə olan təqdirdə təbii ki, hakimiyyət «güclü» olmalıdır!

Qəribə dairə yaranıb – cəmiyyət müxalifəti, müxalifət də cəmiyyəti qınayır, bəzən də ikisi də birləşib hakimiyyətdən gileylənir! Həqiqət isə çox sadədir: «yuxarı»lar könüllü şəkildə o vaxt islahata gedirlər ki, nəsə onları buna vadar edir! Əks təqdirdə heç kim hakimiyyəti bölüşməz və ya islah etməz! Burada fəsillərin qanunu işləmir – yarpaqlar özü-özünə tökülmür...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG