Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:37

Novxanıdan başlayan Böyük Çin Səddi…


Novxanıdan Böyük Çin səddi başlayır, Goradil və Fatmayı kəndlərinə qədər gəlib çıxır
Novxanıdan Böyük Çin səddi başlayır, Goradil və Fatmayı kəndlərinə qədər gəlib çıxır
«Novxanıdan Böyük Çin səddi başlayır, Goradil və Fatmayı kəndlərinə qədər gəlib çıxır. Bir də Mehdiabadın aşağı hissəsinə. Bu qədər böyük bir ərazini bunlar tutublar. Əgər torpaq mənimdisə, mən niyə hasarın içində qalmalıyam? Adı mənim dadı özgəninkidir…»

Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsi 8 ünvanında yaşayan sakinlər arasında «Böyük Çin Səddi» kimi tanınan bu hasar onları öz torpaqlarına həsrət qoyub. Mehdiabad camaatı on bir ildir bu sahələrin qanuni sahibidir – torpaq islahatı aparılanda qəsəbə əhli arasında bölünüb. Hər birində də hasara alınmış sahənin aktı var.

Amma deyirlər ki, iki ildir bu sahələr dövlət əhəmiyyətli obyekt üçün ayrılıb. Sonradan həmin ərazini hətta hasara da alıblar və sakinlər danışırlar ki, hasarın o üzünə heç quş da səkə bilmir. Mehdiabad sakini Rafiq Məmmədov dedikləri:

«Bələdiyyəyə dedik ki, əgər dövlət əhəmiyyətli obyekt tikilirsə, bu barədə bizə məlumat verilsin. Bizim razılığımızla ya torpaqla əvəz olunmalı, ya da bazar qiymətlərinə uyğun kompensasiya ödənilməlidir».

Pozulmuş mülkiyyət hüquqlarının bərpası və zəbt olunmuş torpağın boşaldılması tələbi ilə 27 ailə başçısı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Nəticəsi barədə iddiaçı sakin Rafiq Məmmədov danışır:

«Məhkəmə deyir torpaq sizindi. Amma mülkün ətrafı bələdiyyəyə aiddir. Bələdiyyə də o ərazini satıb. O hasarın çəkilməsinin sizə nə dəxli var?»

Mehdiabad qəsəbəsində icra nümayəndəsi Həsən Məmmədov sakinlərin məhkəməyə müraciətindən xəbərdardır.

«Məhkəmə qətnamə çıxarıb ki, onların şikayəti haqsızdı, mənim məhkəmənin sözünün üstünə söz deməyə ixtiyarım yoxdur».
Torpaq payı olan sakinlərsə, məhkəmənin qərarını haqlı saymır. Onlar indi apellyasiya şikayətinə hazırlaşırlar:

«Yəni bizə heç bir sənəd göstərilmədən hasara alıblar. Məhkəmə də deyir ki, sizin mülkiyyətə toxunulmayıb. Amma biz hasarın içindəyik, yolumuz da yoxdur. Verdikləri yol da birbaş başqa mülkiyyətçinin ərazisindən keçir».

Sakinlər burada Dövlət Sərhəd Qoşunları Xidmətinin şəhərcik saldığını deyir. Hətta danışırlar ki, bir general-mayor da sakinlərlə görüşüb və bildirib ki, onların pay torpaqlarına toxunulmayacaq. Elə Mehdiabad qəsəbəsinin bələdiyyə sədrinin müavini Niyaməddin Orduxanov da deyir ki, sakinlərin torpağında tikinti aparılmır:

«Sırf bələdiyyə torpaqlarından söhbət gedir. Yəni qanunla, qərarla tikinti aparırlar. Əgər səmimi danışsaq o insanlar orda əkin-biçin işi görmürlər».

Amma Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin baş məsləhətçisi Əbülfəz Əsədov deyir ki, hasarlanmış ərazi xüsusi təyinatlı hərbi ərazidir. Burada tikinti barədə hər hansı məlumat məxfidir. O ki qaldı sakinlərin torpaq payına, məlum oldu ki, onların əraziləri əllərindən alınıb:

«Həmin ərazidə olan pay torpaqları Mehdiabad qəsəbəsinə bitişik yerdə olan torpaqla əvəzlənib. Təqribən 67.4 ha ərazi ayrılıb. Onlar bu gün yerə görə narazıdırlar. Amma təklif olunan ərazi iqtisadi cəhətdən daha əlverişlidir. Hasarın içində olan torpaq sahələrinin hər biri əvəzlənib.

Hüquqşünas İntiqam Əliyev istənilən halda tikinti obyekti barədə hər kəsin məlumat almaq hüququ var. Hətta xüsusi təyinatlı hərbi obyekt tikilsə belə:

«Bunu onsuz da gec-tez vətəndaşlar biləcək. Hərbi zavod olsun və ya hərbi hissə. Tikintinin reallaşdırılması sirr ola bilməz».

Sakinlər isə deyirlər ki, onların icazəsi olmadan, hər hansı məsləhətləşmə aparmadan hansısa dövlət qurumu özbaşına onların qanuni torpaqlarını mənimsəyib. Hüquqşünas İntiqam Əliyev deyir ki, Mülki Məcəlləyə müvafiq olaraq, yalnız ictimai və dövlət ehtiyacları üçün torpaqlar özgəninkiləşdirilə bilər. Amma:

«Amma o halda özgəninkiləşdirilə bilər ki, onların əvəzi bazar qiymətləri ilə ödənilsin. Tərəflər arasında razılıq əldə olunmalıdır. Ən vacibi odur ki, Azərbaycanda ictimai və dövlət ehtiyacları adı altında torpaqlar vətəndaşlardan alınır. Amma mahiyyətinə varanda bəlli olur ki, heç bir dövlət və ictimai ehtiyacdan söhbət getmir».
XS
SM
MD
LG