Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:16

Parlamentdə yenə silah məsələsindən danışıldı


«Aradan xeyli vaxt keçməsinə və Müdafiə naziri Səfər Əbiyev Moskvadan çoxdan qayıtmasına baxmayaraq parlament hələ də Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah verməsini gündəliyə salıb müzakirə etmir. Halbuki bu məsələnin Azərbaycan cəmiyyəti, Azərbaycan siyasəti üçün çox böyük əhəmiyyəti var».

Milli Məclisin fevralın 10-da keçirilən iclasında deputat Vahid Əhmədov belə deyib.

O, hesab edir ki, Rusiya 1997-ci ildən bu yana Ermənistana təxminən 2 milyard dollarlıq silah verib. Bununla Moskva faktiki olaraq Qafqazda çox böyük bir müharibə ocağı yaratmaqda davam edir.

Ona görə də bu məsələ Milli Məclisin gündəliyinə salınmalı və ya əvvəlki iclasda verilən vədlə bağlı hansı qərarın qəbul ediləcəyi barədə deputatlara məlumat verilməlidir.

Spiker Oqtay Əsədov isə deyib ki, bu istiqamətdə danışıqlar gedir. Müdafiə naziri də Moskvadan yeni qayıdıb. Onunla da danışılır. Cənab Əbiyevin də fikirləri bilinəndən sonra qərar qəbul ediləcək.

Yaz sessiyasının ilk iclasında 15 millət vəkili parlament rəhbərliyinə müraciət etmişdi ki, Milli Məclis bu yaxınlarda Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat verməsi xəbərini müzakirə etsin.

Spiker Oqtay Əsədov isə bildirmişdi ki, Müdafiə naziri Moska səfərindən qayıdandan sonra lazım olarsa, parlamentin Azərbaycan–Rusiya İşçi Qrupuna daxil olan deputatlar Rusiyaya gedib oradakı həmkarları ilə müzakirələr apara bilərlər.

O cümlədən, sonra lazım gəlsə, parlament məsələni gündəliyə salıb müzakirə edər.

Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah verməsi xəbəri ötən ay yayılıb.
XS
SM
MD
LG