Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:06

Azərbaycan dindarların ən az olduğu ölkələrdəndir


Azərbaycanda rəyi soruşulanların cəmi 21 faizi deyib ki, din gündəlik həyatlarında mühüm rol oynayır
Azərbaycanda rəyi soruşulanların cəmi 21 faizi deyib ki, din gündəlik həyatlarında mühüm rol oynayır
Azərbaycan dindarların ən az olduğu ölkələrdəndir. «Gallup» sorğu mərkəzinin sorğusundan belə çıxır.

Mərkəz ölkələrin diniliyinin səviyyəsini öyrənmək məqsədilə üç il sorğu aparıb. 2006, 2007 və 2008-ci illərdə 140-dan çox ölkədə sorğu keçirilib.

Məlum olub ki, dünya əhalisinin orta hesabla 82%-i dini gündəlik həyatının mühüm hissəsi hesab edir.

Azərbaycanda isə rəyi soruşulanların 21%-i dini həyatının vacib hissəsi saydığını deyib.

Əslində «Gallup»un sorğusu göstərir ki, dindarlıq camaatın həyat səviyyəsiylə birbaşa bağlıdır.

Dindarların sayına görə, irəlidə olan 11 ölkədən 8-i yoxsul ölkələrdir. Dindarların siyahısında birincilər Afrika və Asiya ölkələridir.

Misirdə rəyi soruşulanların hamısı, Banqladeşdə, İndoneziyada, Konqoda 98%-i dini gündəlik həyatın mühüm hissəsi hesab edir.

Amma həyat səviyyəsi yüksək olan Birləşmiş Ərəb Əmirliklərində də göstərici 98%-dir.

Dindarların az olduğu ölkələr əsasən varlı ölkələrdir. Həyat səviyyəsi çox yüksək olan İsveç, Norveç, Danimarka, Honq Konq, Fransa və Yaponiya dindarların ən az olduğu ölkələrdəndir.

Azərbaycan da dindarların çox az olduğu ölkələrin siyahısına düşüb, Belarus da…

Sorğu müəllifləri hesab edirlər ki, bəzi keçmiş sovet ölkələrində dindarların azlığının səbəbi, dinin uzun illər qadağan olunmasıdır.

«Gallup» inkişaf etmiş 27 ölkədə sorğu aparanda məlum olub ki, belə ölkələrdə yaşayanların orta hesabla 38%-i dini həyatın mühüm hissəsi sayır.

Amma Amerikada vəziyyət başqadır. Varlı ölkələrdən olsa da, Birləşmiş Ştatlarda da dindarların sayı kifayət qədər çoxdur - 65%. Əlbəttə, ştatlar arasında fərq böyükdür. Mississipidə əhalinin 85%-i dini vacib bilir.

«Gallup» sorğunu ya üz-üzə söhbətlə, ya da telefon vasitəsilə keçirib. Hər ölkədə min nəfərin rəyi öyrənilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG