Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:03

«Azərbaycan növbəti «Türkmənçay» müqaviləsinə doğru gedir»


1828-ci il fevralın 10-da imzalanan «Türkmənçay» müqaviləsi 16 maddədən ibarət dir

1828-ci il fevralın 10-da imzalanan «Türkmənçay» müqaviləsi 16 maddədən ibarət dir

«İkiyə bölünən milləti birləşdirmək üçün milli ideologiyaya ehtiyac var».

Tarixçi-alim Etibar Məmmədov «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyir. Onun fikrincə, 1828-ci il fevralın 10-da imzalanan 16 maddədən ibarət «Türkmənçay» müqaviləsi Azərbaycan tarixində mühüm yer tutur:

«Ona görə ki, bu müqavilə millətin ikiyə bölünməsi prosesinin rəsmiləşməsinin başlanğıcı idi. «Türkmənçay» müqaviləsi bir millətin iki sistem içərisində inkişafının əsasını qoydu. Əgər biz bir millət olaraq bir dövlətin tərkibində, eyni siyasi, iqtisadi sistemdə inkişaf etsəydik, bu gün tamam başqa nəticələr olardı. İki ayrı iqtisadi dünyagörüşünə aid olan dövlətlərin tərkibində inkişaf etmək isə bu millətin yavaş-yavaş ikiyə bölünməsinə gətirib çıxarıb».

E.Məmmədov hesab edir ki, bu gün ən böyük problem millətin ikiyə parçalanmasıdır:

«Baxmayaraq ki, millətin bir hissəsi müstəqilliyini əldə edib, digər hissəsi isə tamam fərqli rejimə malik dövlətin tərkibindədir. «Türkmənçay» müqaviləsinin faciəviliyi bundadır».

Həmid Herisçi
Tarixçi-alim vəziyyətdən çıxış yolunu ümummilli fəaliyyət proqramının olmasında görür:

«Bu müqavilə ilə bağlı faktlar məlumdur, izahını da verə bilərik. Saatlarla müzakirə apara, müxtəlif fikirlər söyləyə bilərik. Necə ki, 200 ildir ki, bu işlə məşğuluq. Bəs sonra? Məncə, milli dəyərlərimizi özündə əks etdirən milli ideologiyaya ehtiyac var. Bir şəxslə, bir təşkilatla bağlı ideologiya ilə uzağa gedə bilmərik. Milli ənənələrimizin bərpa olunması haqda fikirləşməliyik. Bütün alimlər, ziyalılar bir araya gəlib, müzakirələr aparmalı, nəticə əldə etməliyik».

«Mən Təbriz fədailəri ailəsində böyümüşəm. Türkmənçay kəndində olmuşam», – bunu isə yazıçı-jurnalist Həmid Herisçi deyir. Onun sözlərinə görə, Türkmənçay çox gözəl təbiəti olan yerdir:

«Orda taxıl zəmiləri boldur. Türkmənçay Güney Azərbaycanın taxıl anbarı sayılır. Biçim vaxtında ora getmişdim, sarı buğdanın iyi hər yerdən gəlirdi. Çox ləzzət elədi ki, çayxanada oturan insanlar bayatı oxuyurdular. O kənddə çoxlu bal da var».

Hacı Həsənov
H.Herisçi hesab edir ki, Azərbaycan növbəti «Türkmənçay» müqaviləsinə doğru gedir:

«Nə edək ki, növbəti «Türkmənçay» müqaviləsi XİX əsrin əvvəlindəki kimi faciəli olmasın».

Tarixçi-alim Hacı Həsənov da «Türkmənçay» müqaviləsinin Azərbaycan tarixində önəmli yer tutmasının səbəbini açıqladı:

«XIX əsrin birinci 30 illiyində Cənubu Qafqazda gedən Rusiya-İran müharibəsi faktiki olaraq Rusiya-Azərbaycan müharibələri idi. Çünki istər 1804-1813, istərsə də 1826-1828-ci illərdə gedən müharibələrdə Rusiyanın təpədən-dırnağadək silahlanmış qoşunu ilə vuruşanlar azərbaycanlılar idi. Rəsmi adı İran getsə də, bu, Xəzərlər səltənəti idi, dövlətin başında duran azərbaycanlı idi. Ruslara qarşı vuruşan ordunun da başçısından tutmuş əsgərinə qədər Azərbaycan türkləri idi. Ona görə də Azərbaycanın XIX əsrin birinci yarısında könüllü olaraq Rusiya imperiyasının tərkibinə qatılması barədə xülyaların heç bir əsası yoxdur. Bu gün Azərbaycan cəmiyyətinin yaşadığı bir çox sağalmayan problemlərin bünövrəsini məhz «Türkmənçay» müqaviləsi qoyub».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG