Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:32

Plaf pulu qaytarır


Devid Plaf Bakıda qazandığı vəsaiti demokratik qruplara ianə edəcəyini deyir

Devid Plaf Bakıda qazandığı vəsaiti demokratik qruplara ianə edəcəyini deyir

«The Wall Street Journal» Devid Plafın Bakı səfəri barədə yazıb. Qəzetin yazdığına görə Plaf, onu Azərbaycana dəvət edən təşkilatın hökumətə yaxın olduğu barədə məlumatlandırılmayıb.

Obamanın seçki kampaniyasının rəhbəri olmuş Devid Plaf fevralın 9-da Bakıda olub, Qərb universitetində mühazirə oxuyub və təsdiqlənməmiş məlumatlara görə, president və spikerlə görüşüb. Qərb Universitetinin rəhbərliyinin mühazirə zamanı verdiyi məlumata görə, onu Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası dəvət edib. Assosiasiyadan məlumatı təsdiqləyiblər.

Plafın nümayəndəsinin dediyinə görə, mühazirə üçün ona 50 min dollar verilib.

«The Wall Street Journal»ın istinad etdiyi bir ABŞ rəsmisi deyib ki, Azərbaycan hökuməti lobbi qruplarının köməyi ilə məşhur amerikalıları Bakıya gətirir, bununla özünü legitimləşdirməyə çalışır.
Plafın Bakıdaykən prezident İlham Əliyev və spiker Oqtay Əsədovla görüşəcəyi planlaşdırılıb, amma görüşün baş tutub-tutmadığı barədə heç bir məlumat verilməyib.

Qəzet yazır ki, Devid Plafın Bakıya səfəri üçün Bob Lawrence & Associates müraciət edib. Maraqlıdır ki, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov fevralın 9-da «Azadlıq» Radiosuna müsahibəsində deyib ki, səfər üçün Plafa özü müraciət edib. Azadlıq Radiosunun Bob Lawrence & Associates şirkətinin səfərin təşkilində iştirakı barədə sualına cavabında isə Əlibəyov deyib ki, nə şirkətin, nə də onun rəhbəri Bob Lourensin bu səfərin təşkilində iştirakı olmayıb. Əlibəyov Plafın səfərinə nə qədər pul xərcləndiyini və hansı maliyyə mənbələrindən ödəndiyini də deməkdən boyun qaçırıb.

Bob Lawrence & Associates şirkəti 2008-ci il president seçkisi zamanı bir qrup amerikalını Bakıya müşahidəçi kimi dəvət etmişdi. Sonra həmin qrup seçkinin bütün standartlara uyğun keçdiyini elan etdi. Bob Lourens «Azadlıq» Radiosuna müsahibəsində həmin müşahidə missiyasının hansı maliyyə hesabına Azərbaycana səfər etdiyini də açıqlamayıb. Bu, Bob Lourensin Azərbaycanda yeganə seçki təcrübəsi deyildi. O, 2005-ci il parlament seçkilərində də məşhur amerikalı sosioloq Uorren Mitofskini exit-poll üçün Bakıya dəvət edən Renessans Assoşieyts firmasının də nümayəndəsidir. Exit-poll layihəsində yerli partnyor isə AVCİYA olub. Mitofski Azərbaycandakı təcrübəsi barədə məktubunda Renessans Assoşieyts firmasının və AVCİYAnın nəticələrə təsir göstərən əməllərindən şikayət etmişdi.

Bob Lawrence & Associates şirkətini Azərbaycan hökumətinin lobbisti kimi tanıyırlar. Bob Lourensin özü bunu təkzib edir. ABŞ qanunvericiliyinə görə xarici ölkələrlə bağlı əməliyyatlar keçirən lobbi şirkətləri bu fəaliyyətləri barədə Ədliyyə Nazirliyinə məlumat verməlidirlər. Əks halda onları cinayət məsuliyəti gözləyir.

Devid Plaf Bakıda çıxışı zamanı ölkənin daxili məsələlərinə toxunmayıb, internet və seçkidən, demokratiyadan danışıb. O, Bakıda qazandığı vəsaiti demokratik qruplara ianə edəcəyini və mühazirə zamanı danışdıqlarını müxalifətlə bölüşəcəyini deyir. Amma bunun hansı qruplar olacağı və Plafın prezident və spikerlə planlaşdırılan görüşləri barədə məlumatın açıqlanıb-açıqlanmayacağı bəlli deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG