Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:13

Tunelin sonunda nə görünür?..


İndi yeni ifadə yaranıb: «müqayisəli demokratiya»! Mənası da çox sadədir: bizi Ermənistanla müqayisə edin!
İndi yeni ifadə yaranıb: «müqayisəli demokratiya»! Mənası da çox sadədir: bizi Ermənistanla müqayisə edin!
Bəlkə də Perikldən, Qədim Afina demokratiyasından danışmaq daha yaxşı olardı. Amma məqsəd heç də demokratiyanın tarixinə varmaq deyil, çünki bu haqda o qədər yazılıb və deyilib ki, təzə nəsə demək, hətta uğurlu ifadə etmək yetərincə çətindir. Bir də ki, yazının məqsədi bu deyil, indi, məhz indi, baş verən prosesləri araşdırmaq, bir nəticəyə gəlməkdir.

Hər gün qəribə tezislər, yeni-yeni müddəalar eşidirik. Biri deyir ki, demokratiyadan danışanda gərək mütləq «müqayisələr» aparasan, o birisi isə buyurur ki, müxtəlif ölkələrdə demokratiyaya qiymət verərkən «geosiyasi» amillər rol oynayır, üçüncüsü iddia edir ki, «bizim üçün nüfuzlu və qeyri-nüfuzlu təşkilatlar» var, dördüncüsü iddia edir ki, «demokratiya uzun bir prosesdir». Sadalanan tezislərin hamısını çözmək olardı. Amma bəlkə də sonuncudan başlamaq daha düzgündür. Hakimiyyətdə olan YAP funksionerlərindən soruşanda ki, sizlər üçün nüfuzlu təşkilatlar hansılardır? Qayıdırlar ki, «Freedom house» və «Human Rights Watch» kimi qurumlar qeyri-hökumət təşkilatlarıdır, onları saymırıq. Deyirlər, bizim üçün əhəmiyyət kəsb edən, Avropa Şurası, Avropa Bİrliyi və NATO-dur! Olsun. Amma bu vaxta qədər bu təşkilatların tövsiyələri yetərincə nəzərə alınıbmı? Seçki, sərbəst toplaşmaq hüququ ilə bağlı, «Diffamasiya haqqında» qanununun qəbulu ilə əlaqədar nə qədər iradlar olub! Onlar nəzərə alınıbmı? Hələ siyasi məhbusları, həbsdə olan jurnalistləri demirik!
Hakimiyyətdə olan YAP funksionerlərindən soruşanda ki, sizlər üçün nüfuzlu təşkilatlar hansılardır? Qayıdırlar ki, «Freedom house» və «Human Rights Watch» kimi qurumlar qeyri-hökumət təşkilatlarıdır, onları saymırıq. Deyirlər, bizim üçün əhəmiyyət kəsb edən, Avropa Şurası, Avropa Bİrliyi və NATO-dur!


Əvvəllər «suveren demokratiya», «məsuliyyətli demokratiya» anlayışları meydana çıxmışdı. İndi yenisi yaranıb: «müqayisəli demokratiya»! Mənası da çox sadədir: bizi Ermənistanla müqayisə edin! Əgər orada müəyyən pozuntulara göz yumursunuzsa, bizi niyə qınayırsınız?

Ermənistanda demokratiya ilə bağlı problemlər çoxdur. Amma hətta orada prezident seçkisi zamanı 89 faizlik nəticə olmadı! Siyasi dialoq ilə bağlı müəyyən çağırışlar və hətta addımlar atıldı. Hər halda bu ölkədə insanlar toplaşır və etirazlarını ifadə edirlər. Bir də ki, heç vaxt Ermənistan keçmiş sovet respublikaları arasında demokratiyanın «avanqardı» kimi səciyyələndirilməyib. Bu ölkənin iqtisadiyyatı, siyasi sistemi, hətta hərbisi hara bağlıdır – bunu hamı bilir! Niyə Azərbacyan Baltik respublikaları ilə, hətta qonşu Gürcüstan və Ukrayna ilə müqayisə olunmamalıdır, amma hansısa ölkənin «forpostu» adlanan Ermənistanla tutuşdurulmalıdır?

Demokratiyanı necə və niyə qururlar? Hələ ABŞ-da dövlət və demokratiya yaranarkən dünyada belə bir analoq yox idi. Amma «demokratiyanın ataları» buna nail oldular.

Bizdə demokratiyaya uzun müddət bir öhdəlik və bəlkə də siyasi moda kimi baxıblar. İndi bundan da imtina edilir. Deyirlər ki, bir nəfərin bir neçə dəfə prezident seçilməsi guya ki, demokratiyanın genişləndirilməsi deməkdir.

Amma Qədim Afinada «ostrakizm» kimi bir anlayış var idi – İldə bir dəfə nüfuzu ilə cəmiyyətə təhlükə yaradan şəxsləri bir müddət Afinadan uzaqlaşdırırdılar. Hətta Periklin özü də belə «cəza»ya məruz qalmışdı. Ölkə hakimiyyətinin nüfuzunun nəyə - vətəndaşların səsinə ya zora əsaslandığını bircə həqiqi demokratik seçkilər göstərə bilər! Amma görünən budur ki, indiki halda hakimiyyətin «nüfuzu» cəmiyyət üçün həqiqətən təhlükə törədir. Mülki cəmiyyət işartıları məhv edilir, demokratiyaya xidmət edən bütün proseslərə qadağa qoyulur.

Bizim uşaqların, körpələrin bəlkə də həqiqi demokratiya haqqında ancaq kitablardan oxuyacağı vaxta çox qalmayıb. Formal olaraq əslində hər şey var, sadalamağa dəyməz! Hətta ombudsmanımız da var və deyilənə görə bu günlərdə yenisi ilə əvəz olunmalıdır. Qanunda hətta mətbuat üzrə də ombudsman nəzərdə tutulub. Amma yüksək rütbəli məmurların birindən soruşanda ki, niyə bu vaxta qədər bu təyinat həyata keçirilməyib, o, qəribə cavab verdi: buna hələ ehtiyac yoxdur! Maraqlı məntiqdir, deyilmi?

Referenduma hazırlıq mərhələsi də göz önündədir. İsveçrədə də tez-tez müxtəlif məsələləri referenduma çıxarmağı sevirlər, amma orada insanlar baş verənlərin mahiyyətindən hali olurlar, hələ prosedurların düzgünlüyünü bir tərəfə qoyuruq. Azərbaycanda isə bəlkə də heç cəmiyyətin böyük əksəriyyətinin təklif olunan düzəlişlərdən xəbəri yoxdur, hamının «eşidib – bildiyi» təkcə iki dəfəlik limitin götürülməsidir.

Yazını «demokratiyanın meyarı nə olmalıdır?» sualı ilə başladıq. Müqayisələr bizi çox uzaqlara aparacaq. Belarus var, Şimali Koreya var, hətta İran var!
Bizə böyük dəstək verilmişdi, Avropa ailəsinə qəbul edilmişdik. Dünyanın ən demokratik ölkələri ilə çiyin-çiyinə otururduq. Dünyada mədəni və inkişaf etmiş xalq statusu qazanmaq çox çətindir. Dünyanı ya güclə, ya da mədəniyyətlə fəth etmək olar. Bu çarpışmada neft o qədər kiçik amildir ki, bizim dövlət başçımızın və məmurlarımızın keçmişdə deyildiyi kimi, «qara qızıla» bu qədər arxayın olması adamda ancaq təəssüf hissi doğurur. O da təəssüfləndirir ki, cəmiyyət də hələ də öz siyasi seçimini edə bilməyib. Demokratiya ilə bağlı demək olar ki, bütün söhbətlərdə «mentalitet», «milli dəyərlər», «tarixi keçmiş» peyda olur. Mentalitet təkcə avtobusda ayağa qalxıb kiməsə yer təklif etməkdirsə... «Milli dəyər» nədir? Milyonların gözü önündə yalan danışmaq, tələbədən rüşvət almaq, pulla dissertasiya yazdırmaq, oxumaq, yoxsa xəstəxanalarda qapıların üstündə «bizə pul təklif edib təhqir etməyin!» yazıb, sonra da hər bir xidmət üçün xəstələrdən pul tələb etməkdir? Hansı xalqın keçmişi, ənənələri olmayıb ki...

Bir avropalı sosioloq yazırdı ki, daim keçmişə boylanmaq, daim keçmişlə yaşamaq millətləri gələcək inkişafdan saxlayır. Hətta keçmişimiz də «qayçılanıb» - sanki bu ölkənin tarixi 1968-ci ildən başlayır! Bu da keçmiş!

Biz üzü məchulluğa doğru gedirik. Mərhum Elmar Hüseynov yazırdı ki, tunelin sonunda zülmət görünür...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir!
XS
SM
MD
LG