Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

«Mənzil Məcəlləsi daha çox icra qurumlarının hüququnu tanıyır»


Hüquqşünas hesab edir ki, məcəllənin vətəndaşların mənzil hüquqlarını keyfiyyətli tənzimləyəcəyi mübahisəli məsələdir

Hüquqşünas hesab edir ki, məcəllənin vətəndaşların mənzil hüquqlarını keyfiyyətli tənzimləyəcəyi mübahisəli məsələdir

Milli Məclis Mənzil Məcəlləsi layihəsini ikinci oxunuşda müzakirə edir. Sənədin gələn ayın ortalarından qüvvəyə minəcəyi gözlənir.

«Azadlıq» radiosunun «Xəbər-ətər» proqramında hüquqşünas Sadiqə Mehdizadə ilə bu haqda danışmışıq. Hüquqşünas sənədin ziddiyyətli olduğu qənaətindədir.

«Məcəlləylə tanış olandan sonra düşündüm ki, sənəddə vətəndaşların mənzil hüquqlarının qorunmasına çox az diqqət yetirilib. Sənəd daha çox icra qurumlarının hüququnu tanıyır».

Hüquqşünasa görə, sənəddə mübahisə doğuran məsələlərdən biri də qəzalı mənzillərlə bağlıdır.

«Bu gün Azərbaycan məhkəmələrində qəza vəziyyətində olan binalarla bağlı çoxsaylı işlər var. Əksər hallarda məhkəmə həmin binaların sökülməsi, vətəndaşların köçürülməsi haqda qərar verir. Mübahisə və sui-istifadə halları da burda yaranır, həmin bina necə oldu qəza sayıldı. Qanundakı bu boşluğu yeni məcəllə tənzimləməliydi. Amma mən sənəddə vətəndaşı bu cür sui-istifadə hallarından qoruyan müddəalara rast gəlmədim. Əksinə gördüyüm budur ki, məcəllə bununla bağlı icra hakimiyyətinə böyük səlahiyyətlər verir. Bu qurumlar binanın və ya mənzilin qəzalı olması haqda qərar çıxara bilərlər. Və bu halda vətəndaş onu öz hesabına ya təmir etməli və ya sökməlidir. Niyə vətəndaş öz hesabına etməlidir? Bu müddəa vətəndaşın hüququnu çox zədələyir».

Sadiqə Mehdizadə bir məqama da xüsusi diqqət çəkir ki, əvvəlki qanunda yükdaşıyan divarların sökülməsi və ya iki mənzilin arasının açılması kimi yenidənqurma işlərinə qadağa və məhdudiyyətlər qoyulurdu. Amma yeni qanun həmin məhdudiyyətləri aradan qaldırır və bu da çox təhlükəlidir. Sadiqə Mehdizadəyə görə, bu müddəa yeni fövqəladə vəziyyətlərə yol aça bilər.

O həmçinin deyir ki, sənəddə çoxsaylı ziddiyyətli və bəzən də vətəndaşın mənzil maraqlarına toxunan məqamlar olsa da, yeni Mənzil Məcəlləsinin qəbulu yaxşı haldır. Çünki indi qüvvədə olan məcəllə köhnəlib, həmin sənəd 1982-ci ildə qəbul olunub və 2002-ci ildə ora bəzi dəyişiklik edilib.

Amma bununla belə, hesab edir ki, yeni məcəllənin vətəndaşların mənzil hüquqlarını nə dərəcədə yaxşı və keyfiyyətli tənzimləyəcəyi mübahisəli məsələdir.

Şərhləri göstər

XS
SM
MD
LG