Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Əli Babacan niyə gəlmişdi?


«Artıq Türkiyə özünün fəal Qafqaz, Rusiya, İran, Avropa, islam siyasəti olan regional dövlətdir»

«Artıq Türkiyə özünün fəal Qafqaz, Rusiya, İran, Avropa, islam siyasəti olan regional dövlətdir»

Türkiyənin Xarici İşlər naziri Əli Babacanın fevralın 9-da Bakıya gəlməsi, prezident İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşlər keçirərək geri qayıtması siyasi dairələrdə müzakirə obyektinə çevrilib.

Əvvəlki səfərdən fərqli olaraq nazirlərin bu dəfə mətbuat konfransı keçirməmələri də diqqətdən yayınmayıb.

Bu səbəbdən fevralın 7-də Münhendə keçirilən beynəlxalq konfrans çərçivəsində ermənistanlı həmkarı ilə görüşdən sonra, həmçinin Türkiyə prezidenti Abdullah Gülün Moskva səfəri öncəsi Ə.Babacanın Bakıya gəlişi adi məqam kimi dəyərləndirilmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim «Azadlıq» radiosuna deyir ki, qardaş ölkələr arasında bu kimi səfərlərdən ötrü xüsusi səbəbə ehtiyac yoxdur:

«İşgüzar səfərdir. Görüşdə regiondakı vəziyyət, ikitərəfli və beynəlxalq məsələlər diqqət mərkəzində idi. Və həmin məsələlər üzrə dost şəraitində fikir mübadiləsi aparıldı. Adətən dost və qardaş ölkələr arasında bu kimi səfərlər mütəmadi olur. Bu kimi səfərlər hər zaman ola bilər» .

Bəzi siyasi ekspertlər diqqəti türkiyəli nazirin təxminən iki ay əvvəl Azərbaycanda olmasına və XİN–in bu dəfəki açıqlamalarının keçən dəfəki bəyanatlardan heç də fərqlənməməsinə yönəldərək, bu səfərin mahiyyətində başqa məqamların da dayana biləcəyini deyirlər.

Həqiqətən də bəyanatlar elə əvvəlkilərdir. Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Regionda sabitlik vacibdir.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, hazırda Türkiyəni narahat edən əsas məsələlərdən biri Rusiyanın hərəkətləri fonunda regionda müharibə təhlükəsinin reallığa çevrilməsidir. Gürcüstan hadisələrindən sonra regionda məsuliyyəti öz üzərinə götürənlərdən biri olan Türkiyə mümkün müharibənin qarşısını almağa çalışır.

Ə.Oruclu deyir ki, əgər söhbət təhlükəsizlik və hərbi sahədə əməkdaşlıqdan gedirsə, burada artıq hansısa ümumi anlaşma və danışıqlar vaxtı deyil, konkret addımlar atılması vaxtıdır.

Ona görə də bu görüşdə Qırğızıstanın «Manas» hərbi bazasından ABŞ-ın istifadəsinə son qoyması, «Nabucco» layihəsi və digər detallar da müzakirə oluna bilər.

R.Musabəyov hesab edir ki, Bakı görüşünün mahiyyətində əsasən Türkiyə prezidenti Abdullah Gülün qarşıdakı Rusiya səfəri dayanır
Politoloqların bəziləri isə hesab edirlər ki, Ə.Babacanın Bakıya səfərinin mahiyyətində iqtisadi məsələlər dayanmır.

Rasim Musabəyov deyir ki, Əli Babacanın Bakıda kimlərlə görüşməsi də «Nabucco» və digər layihələr barədə danışıqlar getdiyini istisna edir:

«Əgər Energetika naziri, Dövlət Neft Şirkətinin prezidenti ilə görüşsəydi, Əli Babacanın «Nabucco» barədə də danışıq apardığını demək olardı. Amma o, bu şəxslərin heç biri ilə görüşməyib».

R.Musabəyov hesab edir ki, Bakı görüşünün mahiyyətində əsasən Türkiyə prezidenti Abdullah Gülün qarşıdakı Rusiya səfəri dayanır. Türkiyə Azərbaycan tərəfini həmin səfərdə nələrdən danışılacağı barədə məlumatlandırmaq istəyir ki, sonradan Bakı Moskvadan gözlənilməz məlumatlar almasın.

Ankara həmçinin Azərbaycanın da mövqeyini dəqiqləşdirmək istəyir. Çünki tərəflər Moskvada Qafqazdakı vəziyyəti, o cümlədən də Qarabağ məsələsini müzakirə edəcəklər.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Türkiyə-Rusiya arasındakı danışıqlar çox mühüm mərhələyə keçmək ərəfəsindədir:

«Rusiya çalışır ki, Türkiyəni Qafqaz və Şərq siyasətində özünə müttəfiq etsin. Bu zaman Türkiyənin Rusiyanın qarşısına qoyacağı müəyyən şərtlər var. Ortada olan neft–qaz layihələrində də Rusiyanın maraqları var. Türkiyə çalışır ki, Azərbaycanın diplomatiyası ilə öz diplomatiyasını uyğunlaşdırsın və vahid mövqedən çıxış etsin. Ona görə Əli Babacan dost ölkə olan Azərbaycana gəlmişdi ki, ortaq məxrəci müəyyənləşdirsin».

Z.Əlizadə əlavə edir ki, artıq Türkiyə özünün fəal Qafqaz, Rusiya, İran, Avropa, islam siyasəti olan regional dövlətdir. Bu, Amerika siyasətindən xeyli fərqli və geniş manevr imkanlarına malik bir siyasətdir. Bu baxımdan təkcə Türkiyə–Rusiya danışıqları yox, həm də Türkiyə-Ermənistan danışıqları Azərbaycan üçün faydalı ola bilər.

Şərhləri göstər

XS
SM
MD
LG