Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:36

Azman ozan Hüseyn Saraçlı


Azman ozan Hüseyn Saraçlı
Azman ozan Hüseyn Saraçlı

XƏBƏRLƏR



- Avstraliyalı məşhur rejissor Salamon Şulman Rəşid Behbudov haqqında film çəkəcək! – Bu barədə məlumatı Avrasiya Teleradio Akademiyasının vitse-prezidenti Vaqif Mustafayev «Exo» qəzetinə müsahibəsində dilə gətirib. Onun sözlərinə görə, Avstraliyalı rejissor filmin çəkilişinə bu ilin sonlarında başlayacaq və Rəşid Behbudovdan bəhs edən həmin film «Avrasiya sayrışması» adlanan yeni layihə çərçivəsində göstəriləcək.

- «Təhsil Haqqında Qanunun qəbulu gecikdirilir! – Millət vəkili Sabir Rüstəmxanlı bu fikirdədir. O, «Şərq» qəzetinə müsahibəsində bildirib ki...sitat: «Təhsil sistemi bütün normal cəmiyyətlərdə ölkənin müdafiəsi qədər əhəmiyyətə malikdir. Hətta Azərbaycandan zəif ölkələrdə belə, bu qanun layihəsi qəbul olunub». Sitat bitdi. Millət vəkili Sabir Rüstəmxanlı yaxın vaxtlarda bu məsələnin çözüləcəyinə inandığını da bildirib.

- İnternetdə milli domen ünvanlarının qeydiyyatını tənzimləyən qurum təsis edilib! – «Azərbaycanın internet qeydiyyatı» adlanan həmin qurum bir sıra dövlət, qeyri-hökumət və ictimai təşkilatların, eləcə də sahibkarların təşəbbüsüylə yaradılıb. Yeni qurumun təsisçilərindən «Multimedia» İnformasiya sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün sözlərinə görə, qarşıda duran əsas vəzifə – qeydiyyat prosesinin şəffaf aparılması və qeydiyyatın on-layn rejimində gerçəkləşdirilməsidir. Onun fikrincə, yalnız bu yolla milli domen sahiblərinin artmasına və xidmətlərin ucuzlaşdırılmasına nail olmaq mümkündür.


- Milli Elmlər Akademiyası Tarix İnstitutunda heç bir xəritə itməyib! – İnstitut direktorunun müavini Nəcmi Bayramov belə deyir: "Mətbuatın nədən hay-küy saldığı mənə aydın deyil. Türkəsilli yer adlarının göstərildiyi rus xəritəsinin orijinalı Moskvada saxlanır və istədiyimiz zaman həmin xəritənin yeni surətini çıxarmaq mümkündür. İtməsi güman edilən xəritə adicə surətdir və o da, əslində itməyib, adi səhlənkarlıq ucbatından kağız-kuğuz arasında qarışıq düşüb".


AŞIQ HÜSEYN SARAÇLININ 90 İLLİK YUBİLEYİ QEYD OLUNDU


Mədəniyyət və Turizm Nazirliyinin İTV ilə birgə hazırladığı yubiley tədbirinə Hüseyn Saraçlının yetirməsi olan el sənətçiləri də qatılmışdı


APARICI: İndi əsas mövzuya keçirik. Bu dəfə 19 il öncə dünyasını dəyişən və düz 90 il öncə də dünyaya göz açan el ozanı Hüseyn Saraçlının izinə düşmüşük. Folklorçu alim Əflatun Saraçlı bələdçimiz olacaq.


SUAL: Əflatun müəllim, Aşıq Hüseyn Saraçlıyla eyni soyadını bölüşdüyünüzdən öncə söyləyin görək bu təsadüfdür, ya nədir? Və bir də onu söyləyin ki, nə deməkdir «Saraçlı»?


ƏFLATUN SARAÇLI: kəndin adıdır Saraçlı – Borçalıda yerləşir. Sözün soyköküylə bağlı müxtəlif versiyalar var, ancaq dəqiq yozumu yoxdur. Xalq arasında «Sərraclı» variantı gəzişir, yəni yəhər ustaları, amma bu da sadəcə fərziyyədir. Eyni soyadını da bölüşməyimizdə həm qohumluğumuzun təsiri var, həm də «Saraclı» sözündən xoşlanmağımızın. İlk dəfə mən 1956-cı ildə aşıq Hüseyn haqqında məqalədə həmin sözü soyadı kimi işlətdim və eləcə sonralar hər ikimiz buna alışdıq.

SUAL:Əflatun müəllim, aşıq Hüseyn Saraçlının ustadları olan Quşçu İbrahimi və Sarvan Bayramı, lap qısaca, necə tanıtmaq olar?


ƏFLATUN SARAÇLI: 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərində yaşayan Quşçu İbrahim Urmiyə Aşıq Məktəbinin yetirməsidir. Sarvan İbrahim Borçalı ustadıdır. Başqaları da var. Saraçlının 3 nəfər saz ustadı, 3 nəfər də söz ustadı var. Bu üzdən nəhəng aşıqdır.


SUAL: Əflatun müəllim, Hüseyn Saraçlını, o dönəmin sovet aşıqlarının hərbi formaya bənzər geyimində -- Stalin kitelində görmüşük. Belə çıxır kommunist komissarlar onun ailəsiylə-nəsliylə xoş keçinib, ya necə?


ƏFLATUN SARAÇLI: Kommunistlər onun atasını gözlərinin qabağında, özü də kəndin lap ortasında güllələyiblər. Aşıq Hüseyn kommunist ideologiyasından yaxşı heç nə görməyib. Tam tərsinə, sazı, tarı dilləndirməyə, doğma türk dilini, elə başqa dilləri də səsləndirməyə qoymayıblar. Kitel, sadəcə, dövrün-dönəmin izidir və Aşıq Hüseyn Saraçlı 30-cu illərin repressiyalarından sonra əlinə saz, dilinə söz alıb cəsarətlə meydana çıxan ilk Azərbaycan aşıqlarından biridir.


SUAL: Kimə bənzəyirdi və kimə bənzəmirdi aşıq Hüseyn Saraçlı? Bir aşıq kimi, ozan kimi özəlliyi-gözəlliyi nəydi onun?


ƏFLATUN SARAÇLI: 3 saz ustadının yadigarı, neçə-neçə söz ustadının yetirməsi, təbii ki, onlardan nə isə əxz etmişdi, ancaq yerişi-duruşu, ifa tərzi, axtarışları, boğaz və gəzişmələri bu bənzəyən Saraçlını bənzərsiz Hüseyn Saraçlıya çevirmişdi. 77 havanın fərqli ifalarını və yozumlarını gerçəkləşdirə biləcək azman ozan idi Hüseyn Saraçlı.


SUAL: Əflatun müəllim, «Azadlıq» radiosuna çox yerdə-çox ölkələrdə dinləyirlər. Aşıq Hüseyn Saraçlını onu tanımayanlara necə tanıdar, necə nişan verərdiniz?


ƏFLATUN SARAÇLI: O, Azadlıq nəğməkarı idi. Ərzurumda «türk aşıq sənətində azadlıq motivləri» adlı elmi konfransda onunla bağlı məruzəm Saraçlının yaradıcılığında, ifa sənətində Azadlıq motivlərinin nə dərəcədə önəmli yer tutduğunu vurğulamaq məqsədi daşıyıb. Bax, məhz Azadlıq aşiqi olması onun əsas özəlliyi olub.


XS
SM
MD
LG