Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21

«Gün səhər»: «Azərbaycanlı polis Fransadan siyasi sığınacaq istəyir»


Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu «Yeni Azərbaycan» qəzetinin müxbiri ilə söhbətində bildirib ki, Minsk Qrupu həmsədrlərinin məqsədi münaqişənin tənzimlənməsi prosesinin sürətləndirilməsindən ibarətdir. Həmsədrlərin aktivləşməsinin münaqişənin həllinə səmərə verib-verməyəcəyinə gəldikdə isə, Mübariz Əhmədoğlunun fikrincə, bu, Ermənistanın mövqeyindən asılıdır. «Çünki qarşıda Ermənistanı daha gərgin dövr – prezident seçkisi gözləyir. Ermənistan konstruktiv olarsa, tənzimləmə ilə bağlı sənəd imzalana bilər. Əks halda həmsədrlərin fəaliyyəti səmərəsiz qalacaq»,- deyən politoloqun fikrincə, Azərbaycan üçün seçki dövrü və ondan sonra Ermənistanla danışıq aparmaq daha asan olacaq. Çünki Ermənistan seçkilərdən zəifləmiş formada çıxacaq.

«Gün səhər» qəzeti xəbər verir ki, azərbaycanlı polis Fransadan siyasi sığınacaq istəyir. Müəllif redaksiyaya daxil olmuş məlumata istinadən yazır ki, həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin inspektoru, leytenant Hüseynov Nemət Əli oğludur. Hüquq-mühafizə sistemindəki mənbə bildirir ki, inspektor bu xahişlə Fransa dövlətinə müraciət edərkən daxili işlər orqanlarında rüşvətxorluqdan cana doyduğunu bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə hadisədən məlumatsız olduqlarını deyir.


«Ayna» qəzetindəki «Ölkəyə qaçaqmalçılıqla oyuncaqlar gətirilir» başlıqlı məqalədə bildirilir ki, Çindən gətirilmiş oyuncaqların əksəriyyətinin uşaqların səhhətinə zərərli olduğu çoxdan deyilsə də, Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi tərkibli uşaq oyuncaqlarının ölkəyə gətirilməsinə yalnız bu günlərdə qadağa qoydu. Lakin yenə də ticarət obyektlərində belə oyuncaqlara rast gəlmək mümkündür. Məsələyə münasibətini bildirən Dövlət Karantin Müfəttişliyinin rəsmiləri də bunu inkar etmədilər. Müfəttişlikdən bildirdilər ki, ölkə bazarında satılan uşaq oyuncaqlarının əksəriyyəti qaçaqmalçılıq yolu ilə gətirilir. «Bizim qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən oyuncaqları satışdan çıxarmaq hüququmuz yoxdur»,- deyən adının çəkilməsini istəməyən qurum rəsmisi bildirdi ki, oyuncaqların qaçaqmalçılıq yolu ilə gətirilməsi haqqında dəfələrlə əlaqədar təşkilatlara məlumat verilib.


XS
SM
MD
LG