Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:19

Korrupsiya ilə bağlı Azərbaycan hansı problemlərlə üzləşir?


Təhsildə rüşvətə qarşı -- Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəsmi saytından
Təhsildə rüşvətə qarşı -- Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəsmi saytından
«Azadlıq» radiosu ilə «Şəffaflıq Azərbaycan» Təşkilatının birgə layihəsi olan «Şəffaflıq» verilişində bu dəfə korrupsiyanın mövcudluğuna görə, Azərbaycanın hansı problemlərlə üzləşdiyi haqda söhbət açılır

Bir qədər əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Səlahəttin Dikmən öz ölkəsinin Təhsil Nazirliyinə və Tələbə Qəbulu Mərkəzinə müraciət edərək, Azərbaycanın bir sıra universitetlərinə tələbə göndərməməsini istədi. «Azadlıq» radiosuna verdiyi müsahibəsində o, bildirdi ki, belə bir addım atmasına səbəb həmin universitetlərdə korrupsiya hallarının olmasıdır: «Pul söhbəti olan yerdə keyfiyyət olmaz». Müşavirin müraciətinə cavab olaraq artıq Azərbaycan Pedaqoji Universitetinə Türkiyədən tələbə göndərilməsi dayandırıldı.


Azərbaycana Minilliyin Çağırışı Proqramı çərçivəsində yardımın ayrılmaması da ölkədə korrupsiyanın səviyyəsinin yüksək olması ilə əlaqələndirilir. Amerikalı konqresmen Ceymz Kolbe Bakıda olarkən bildirib ki, Minilliyin Çağırışı Proqramı çərçivəsində ildə bir neçə ölkəyə yardımlar edilir və bu zaman həmin ölkədə ən çox idarəetmənin keyfiyyətinə və korrupsiyanın səviyyəsinə fikir verilir və müstəqil qurumların hesabatlarına istinad edilir. Konqresmen Azərbaycanın həmin proqramın ölçülərinə uyğun gələcəyi günü səbrsizliklə gözlədiyini deyir.


Bir qədər əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Reymond Konvey də «Azadlıq» radiosunun müxbirilə söhbətində bildirmişdi ki, Azərbaycanda investisiya mühiti cəlbedici olsa da, biznesin inkişafına mane olan məsələlər var və bura ölkədəki korrupsiya amili də aiddir. Avropa Bankının maliyyələşdirdiyi layihələrin icrasının həmişə diqqət mərkəzində saxlandığını və tez-tez monitorinqlər aparıldığını deyən cənab Konvey hesab edir ki, ola bilsin, məhz buna görə də Azərbaycan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıqda və kredit almaqda o qədər də maraqlı deyil.


Hər halda, sadaladığımız bütün hallarda söhbət korrupsiya ittihamları ilə Azərbaycanın çəkdiyi konkret ziyanlardan gedir. Ölkədə korrupsiyanın səviyyəsi barədə beynəlxalq təşkilatların iradları isə getdikcə sərtləşir.

Amma rəsmilər ölkədə korrupsiyanın səviyyəsi barədə başqa dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri qədər həyəcanla danışmırlar. Məsələn, Təhsil naziri Misir Mərdanov deyir ki, o, ali təhsil müəssisələrində türkiyəli tələbələrdən rüşvət alınması hallarını inkar etmir. Cənab Mərdanov bu məsələdə türkiyəli tələbələri daha çox günahkar sayır: «Dərslərə gəlmirlər, tez-tez Türkiyəyə gedirlər. Mən nə qədər onları müdafiə etsəm də, fakt qarşısında qoyurlar ki, bu adam 150 saat dərs buraxıb, institutdan çıxardırıq. Belə hallar da olub, mən bunları da tələbələrin diqqətinə çatdırmışam. Yəni, birmənalı şəkildə bütün günahları ali məktəb rektorlarının üzərinə qoymağın da tərəfdarı deyiləm. Mən bir həqiqəti bilirəm ki, tələbə gündəlik dərslərdə iştirak edirsə, imtahanlara hazırlaşırsa, heç bir müəllim ondan təmənna güdmür».


Qaldı ki, Azərbaycanın Minilliyin Çağırışı Proqramı çərçivəsində yardımlardan kənarda qalmasına, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı bunu ölkəyə edilən siyasi təzyiq sayır: «Mən inanmıram ki, Azərbaycan yardımlardan kənarda qalsın».

Rəsmi qurumların dediklərindən fərqli olaraq söhbətləşdiyimiz ekspertlər bir qədər başqa məqamlardan danışırlar. Məsələn, ekspert İlqar Məmmədov deyir ki, Azərbaycanın Minilliyin Çağırışı Proqramından kənarda qalması təkcə korrupsiya ilə deyil, həm də ədalətli idarəçilik prinsipinin şübhə altına alınmasıyla bağlıdır. Ekspertə görə, bu gün korrupsiya Azərbaycanda hakimiyyətin arxalandığı bünövrənin bir hissəsi olduğundan son vaxtlar korrupsiyaya qarşı mübarizə ilə bağlı xeyli qurumların fəaliyyət göstərməsinə baxmayaraq, mübarizənin nəticəsi o qədər də hiss edilmir: «Çünki Azərbaycanda korrupsiya hakimiyyətin arxalandığı bünövrənin bir hissəsidir. Buna görə, korrupsiya ilə əlaqədar aparılan mübarizə və işlərdə böyük uğura nail olunmayıb».


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluna görəsə, ölkədə korrupsiyanın səviyyəsinin yuxarı olması, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın ən yüksək yerlərdən birində göstərilməsi digər səhələrə ayrılan yardım və kreditlərin dayandırılmasına gətirib çıxara bilər. Ekspertə görə, bu, özünü, səhiyyə ilə bağlı kreditlərin verilməsində, qaçqınlara ayrılan yardımlarda və neft pullarının xərclənməsində göstərə bilər. İndiyə qədər neft pulları hesabına qaçqınlar üçün tikilən evlərlə bağlı ciddi korrupsiya və mənimsəmə hallarının üzə çıxdığını deyən ekspertə görə, bütün bu hallar beynəlxalq aləmdə Azərbaycana qarşı tərəddüdlərin yaranmasına səbəb ola bilər: «Korrupsiya ölkədə investisiya riskini yüksəldir. Xarici investorlar biznes strukturlarında korrupsiyanın səviyyəsinin yüksək olduğunu nəzərə alaraq Azərbaycana gəlmək istəmirlər».


Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə, hesab edir ki, digər sahələrdə olduğu kimi, korrupsiyanın səviyyəsinin hesablanmasında da beynəlxalq təşkilatlar ikili standartlardan istifadə edir. Vasif Mövsümov deyir ki, əgər doğurdan da Azərbaycan korrupsiyanın səviyyəsinə görə, ən öncül yerlədən birini tutursa, onda niyə neft və qeyri-neft sektoruna investisiya axını bir ucdan artır: «Bu günə qədər təxminən 24 milyard dollara qədər investisiya qoyulub. Əgər Azərbaycan biznes üçün təhlükəli yerdirsə, niyə bu qədər milyardlarla risk edilir?!»


Vasif Mövsümov deyir ki, Azərbaycanı investisiyalar üçün təhlükəli ölkə hesab edən Avropa Yenidənqurma və İnkişaf Bankı özü indiyə qədər ölkəyə 450 milyon dollara yaxın kredit ayırıb: «Bu bank ilin əvvəlində qeyd etdi ki, Azərbaycan investisiyalar üçün təhlükəlidir, amma bu il 150 milyon dollar investisiya qoyur. Ümumiyyətlə isə, bu vaxta qədər 450 milyon dollar Azərbaycana investisiya qoyub».


Əlbəttə, ölkədə ümumiyyətlə, korrupsiya ilə mübarizə yoxdur, demək də inandırıcı deyil. Amma həmin mübarizənin forması və effekti həm yerli, həm də xarici ekspertlərin tənqid hədəfidir.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluna görə, korrupsiyaya qarşı mübarizəyə xeyli qurumlar cəlb olunsa da, onların apardığı mübarizə bir çox hallarda formal xarakter daşıyır. Və mübarizə aparan qurumlar çoxaldıqca, korrupsiyanın səviyyəsi də artır: «Mübarizəyə rəhbərlik edənlərin reputasiyası nə cəmiyyət, nə də beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə qəbul olunmur. Ona görə onların apardığı mübarizəyə həmişə şübhələr var».


Azərbaycanın müəyyən proqramlardan kənarda qalmasını ölkənin imicinə ciddi zərbə sayan Qubad İbadoğlu bildirir ki, xarici investorlar belə məsələlərə biganə qalmır və hansısa ölkəyə sərmayə yatıranda daha çox bu kimi amillərə diqqət yetirirlər: «Bu açıqlamalar son nəticədə investorların da, beynəlxalq maliyyə-kredit təşkilatlarının da, donorların da diqqətini cəlb edir. Və Azərbaycanla bağlı formalaşmış mənfi rəyi bir azda tutqunlaşdırır, pisləşdirir».


Azərbaycanın korrupsiyalaşmış ölkələr cərgəsinə salınmasını ikili standartların nəticəsi hesab edən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov da mübarizənin effektli aparılmadığını söyləyir. Hökumətin bu mübarizəyə yeni başladığını bildirən cənab Mövsümov deyir ki, prezident özü də çıxışlarında korrupsiyaya qarşı aparılan mübarizədən razı qalmadığını bir neçə dəfə dilə gətirib. Vasif Mövsümova görə, mübarizənin zəif aparılmasının digər bir səbəbi də ictimaiyyətin həmin mübarizədən kənarda qalmasıyla bağlıdır. Onun sözlərinə görə, əgər 200 sahibkar arasında keçirilən sorğuda onların 75 faizi işlərinin yaxşı getməsi üçün ayrı-ayrı qurumlara və şəxslərə rüşvət verdiyini etiraf edirsə, demək, həmin iş adamları korrupsiyaya qarşı mübarizə aparmırlar. Vasif Mövsümov hesab edir ki, hökumətin korrupsiyaya qarşı apardığı mübarizə qənaətbəxş olmadığından ictimaiyyət bu mübarizədə hökuməti müdafiə etmir: «Hər bir şəxsin gündəlik həyatında korrupsiyanın səviyyəsinin azalmasını hiss etdirmək lazım idi. Müxtəlif sahələrdə rüşvətxorluq necə idisə, eləcədə qalmaqdadır. Amma qanunların qəbulunda, ayrı-ayrı orqanların aktiv fəaliyyətində az da olsa irəliləyiş hiss olunur. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramı 2004-2006-cı il üçün nəzərdə tutulub, amma bu hissolunacaq dərəcədə öz səmərəsini verməyib».


Ekspert İlqar Məmmədov isə Azərbaycanın nə vaxtsa ABŞ-ın Minilliyin Çağırışı Proqramı çərçivəsində yardımlar alacağına inanmır. Onun sözlərinə görə, indiyə qədər korrupsiyanın səviyyəsi əsas gətirilirdisə, bundan sonra da neftdən gələn vəsaitlərlə iqtisadi inkişaf parametrləri uyğun gəlməyəcək.


Minilliyin Çağırışı Proqramı çərçivəsində yardımların xərclənməsinə güclü nəzarət olduğundan İlqar Məmmədov hesab edir ki, bütün hallarda Azərbaycanın belə yardımlar alması yaxşı olardı.


XS
SM
MD
LG