Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:24

Brenda Şaffer: «İran Qarabağ münaqişəsinin həllinə kömək göstərə bilməz»


Brenda Şaffer Azərbaycan Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış edir, 2004

Brenda Şaffer Azərbaycan Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış edir, 2004

İlham Əliyevin Birləşmiş Ştatlara gözlənən səfərini xanım Şaffer Azərbaycan hökuməti üçün böyük uğur hesab edir

Harvard Universitetinin Xəzər Araşdırmaları Proqramının direktoru Brenda Şafferin fikrincə, İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccarın Bakıya səfəri adi bir səfər də ola bilər, ancaq burada İranın başqa maraqları da var:


"İndi iranlılar bütün qonşu ölkələrlə yaxşı əlaqələri olduğunu göstərməkdə maraqlıdırlar. Çünki hər hansı sanksiyalar, yaxud hərbi müdaxilə olarsa, İranın qonşularının reaksiyası əhəmiyyətli olacaq. Ancaq bu o demək deyil ki, İran nazirinin görüşlərində Azərbaycana hər hansı təzyiq olub".


Azərbaycanın İranla Amerika arasında vasitəçilik etməsinin mümkünlüyünə gəlincə, xanım Şaffer bunun mümkün, ancaq elə də vacib olmadığını düşünür. Çünki İranla Rusiya və Avropa ölkələri arasında belə təmaslar var, yeni bir vasitəçinin ortaya çıxmasına elə də ehtiyac yoxdur.


Brenda Şaffer Dağlıq Qarabağ münaqişəsinin həllində İranın Azərbaycana hansısa kömək göstərəcəyinə inanmır. Çünki ekspertin sözlərinə görə, İranın mövqeyi həmişə Ermənistanın xeyrinə olub. İran Ermənistanla, xüsusilə Dağlıq Qarabağla isti münasibətlər qurub:


"Mən Dağlıq Qarabağda olanda, orada Ermənistandan çox İran maşınları gördüm. Aydındır ki, belə bir şəraitdə onlar münaqişədə Azərbaycana kömək edə bilməzlər".


Prezident İlham Əliyevin Birləşmiş Ştatlara gözlənən səfərinə gəlincə, xanım Şaffer Ağ Evə səfəri Azərbaycan hökuməti üçün böyük uğur hesab edir, çünki ABŞ-a səfər Azərbaycanın Birləşmiş Ştatlar üçün geosiyasi əhəmiyyətini göstərir:


"İrana qarşı sanksiyalar, xüsusilə iqtisadi sanksiyalar olarsa, Azərbaycanın sərhədləri bu sanksiyalar üçün önəm daşıyacaq. Aydındır ki, bu məsələ İlham Əliyevlə Corc Buşun görüşündə müzakirə olunacaq. Bu yerdə İlham Əliyev cənab Buşa deyə bilər ki, beynəlxalq məsələlərdə bu cür əməkdaşlıq edirik, Dağlıq Qarabağ münaqişəsinin həllində də bizə beynəlxalq əməkdaşlıq lazımdır. Bu görüşdə böyük irəliləyiş əldə etmək olar".


Günün bütün mövzuları

XS
SM
MD
LG