Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:04

1 dollara «Chanel 5»?


Parfümeriya mağazasının vitrini, Bakı, 19 aprel 2006
Parfümeriya mağazasının vitrini, Bakı, 19 aprel 2006
86 ildir ki, bütün dünya «Chanel 5» fransız ətirinin nə cür düzəldiyi üstə baş sındırır, Avropada bunun qiyməti 80 dollardır, Bakıda isə anbar var imiş ki, bu ətiri bir yerdən 1 dollara verirmiş. Bu, nədən düzəldilir ki, belə ucuz başa gəlir?

Qlobal Anti-Saxtakarlıq Qrupu adlı beynəlxalq təşkilat sonuncu hesabatında yazır ki, saxta ətriyyatda iyi davamlı etmək üçün sidikdən istifadə olunur. Qrupun sorğusuna görə, alıcıların məlumatlı və pullu olduğu Avropada belə, rəyi soruşulanların 16 faizi deyir ki, onlar saxta ətriyyatı bilə-bilə alırlar. Çünki alanda başa düşürlər ki, 5 funt sterlinqə «Chanel 5» ətri ola bilməz.


Bakıda küçədə şampun alan fərqinə varırmı ki, bu, niyə Avropadan 4-5 dəfə ucuzdur? Və yaxud fərqinə varıb neyləyə bilər? Bahalı yerdən almağa gücü çatırmı və ya təminat varmı ki, bahalı da saxta deyil?


Bakının mobil telefon bazarında niyə ucuzluqdur? Ola bilərmi ki, mal keyfiyyətlidir, ancaq sadəcə olaraq tanınmış şirkətin adı ilə buraxılır?


Benzindoldurma stansiyalarında monitorinq nəyi göstərir? Qanunvericilik saxta mallarla kəskin mübarizəyə imkan verirmi?


Bütün bu suallara «Günün Söhbəti»ndə cavab axtarılır.


İqtisadi İnkişaf Nazirliyində Anti-İnhisar Siyasəti Departamentinin rəhbəri Rəhim Hüseynov, 400-dən çox Qeyri-Hökumət Təşkilatını birləşdirən QHT-lər Forumunun İdarə Heyətinin sədri Aydın Kərimov və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində koordinasiya sektorunun baş məsləhətçisi Mənsim Babayev sualları cavablandıracaq.


«AZADLIQ»: Rəhim bəy, əvvəlcə parfümeriyadan başlayaq, bu sektorda apardığınız yoxlamalar nəyi üzə çıxardı?


RƏHİM HÜSEYNOV: Ətriyyat bazarında bu monitorinqlərin aparılmasına bizi sövq edən müşahidələrimiz oldu. Biz də müşahidə edirdik ki, bir çox bahalı markadan olan ətriyyat növləri çox ucuz qiymətə satılır. Bu, bizdə şübhələr yaratdı və bazarı yoxlayıb monitorinq keçirmək qərarına gəldik.


«AZADLIQ»: Rəhim bəy, olarmı ən əlamətdar faktları deyəsiniz?


RƏHİM HÜSEYNOV: Ən yadda qalan «Chanel 5» və «Chanel 19» ətriyyatlarının 1 yeni manata satılması oldu və aydın məsələdi ki, bu mümkün deyil. Biz onun Azərbaycana gətirilmə kanalları, hansı anbarlarda yığılması barədə tam məlumatlıyıq və müvafiq tədbirlər görüləcəkdir.


«AZADLIQ»: O ətirlər Azərbaycanda istehsal edilir, ya kənardan gətirilir?


RƏHİM HÜSEYNOV: Kənardan gətirilir. Bu işlə məşğul olan sahibkarlar deyirlər ki, bunu Azərbaycanda istehsal etmək və həmin formada qablaşdırmaq heç olmasa 15000 manata olar. İndiki halda 5000 manata alırsa, 20-30 faiz gəliri olur.


«AZADLIQ»: Onu qutusundan, şüşəsindən, iyindən fərqləndirmək asandırmı?


RƏHİM HÜSEYNOV: «Chanel 5» ətiri ən ciddi saxtalaşdırmadı, amma digərləri var ki, onun qiyməti 30-60 min manata qədərdir və saxtalaşdırma dərəcəsinə görə üstünün görünüşündən müəyyənləşdirmək olar. Bazarı 3 təbəqəyə bölsək (çox bahalı, orta təbəqə üçün nəzərdə tutulmuş və ucuz mallar) birincidə və ikincidə elə ciddi problemlər yoxdur. Ən ciddisi aşağı təbəqə üçün nəzərdə tutulmuş mallardadır və ən çox saxta mallara da orada rast gəlinir.


«AZADLIQ»: Aydın bəy, sizə saxta, keyfiyyətsiz mal alanlar tez-tezmi müraciət edir? Məhkəməyə verirlərmi? Ümumiyyətlə, sadə vətəndaş bununla effektiv mübarizə apara bilirmi və ya bilərmi?


AYDIN KƏRIMOV: Hər hansı ölkədə istehlakçı hüquqlarının qorunması səviyyəsi əhalinin maddi durumu və ölkənin iqtisadi vəziyyəti ilə düz mütənasibdir. Yəni, alıcıların çox olduğu ölkədə ərzağın keyfiyyəti barədə heç vaxt düşünülmür, onu necə əldə etmək barədə fikir yürüdülür. Eləcə də bazar bollaşandan sonra dövlət istehlakçıların hüquqlarını qorumaq, həmin malların keyfiyyətini yüksəltməyə doğru tədbirlər həyata keçirməyə başlayacaq.


«AZADLIQ»: Demək istəyirsiniz ki, pul az olduğundan onları keyfiyyət maraqlandırmır?


AYDIN KƏRIMOV: Təbii ki, iqtisadi vəziyyət, əhalinin maddi durumu, amma bununla paralel olaraq istehlakçı hüquqlarının qorunması sahəsində tədbirlər görülməlidir. Və bu proseslərin, istehlakçı hüquqlarının qorunmasının hüquqi müstəviyə keçirilməsi vaxtı çatıbdır. Azərbaycanda istehlakçı hüquqlarının qorunması haqda qanuna görə, istehlakçıların hüquqları dövlət tərəfindən qorunmalıdır. Təəssüf ki, bu qanunun özündə çoxlu çatışmazlıqlar, qüsurlar var.


«AZADLIQ»: Tutaq ki, bir nəfər saxta mal alır, gəlib sizin QHT-lərə müraciət edir ki, bunu məhkəməyə verim...


AYDIN KƏRIMOV: Bu, çox ciddi sosial məsələdir, yəni, təkcə konkret hüquqi problem deyil. Burada həm dövlət qurumlarının fəaliyyəti, həm də istehlakçıların özlərinin hüquqi düşüncəsi rol oynayır. Bu gün Azərbaycan alıcıları malın çox aşağı keyfiyyətdə olduğunu bilə-bilə onu alırlar, heç vaxt da şikayət etmirlər. Bu onu göstərir ki, hələ əhalinin özü bu məsələdə maraqlı deyil. Digər tərəfdən, onlar dövlət orqanlarına, məhkəmələrə müraciət etməklə nə isə əldə edəcəklərinə əmin deyillər. Ona görə də bu gün müraciət edənlərin sayı həddindən artıq aşağıdır.


«AZADLIQ»: Məhkəməyə verənlər və udanlar varmı?


AYDIN KƏRIMOV: Bəli, vətəndaşlardan məhkəməyə müraciət edənlər və bu işdə udanlar var. QHT, Azad İstehsalçılar Birliyi, müxtəlif hüquq mərkəzləri istehlakçıların hüquqlarının qorunması ilə bağlı onlara pulsuz hüquqi xidmət göstərirlər və bir neçə hallar olub ki, onlar məhkəmədə öz haqlarını əldə edə biliblər.


«AZADLIQ»: Yəni, vətəndaş nə isə edə bilər də?


AYDIN KƏRIMOV: İstehsalçılar da bu işdə maraqlı olmalıdırlar.Yəni, çox yüksək səviyyədə olan firmalar öz nüfuzlarını saxlamaq üçün tədbirlər görməlidirlər. Onlar bu əmtəə nişanlarından qanunsuz istifadəni aradan qaldırmaq üçün yerli QHT, hüquq-mühafizə və polis orqanlarıynan birlikdə ciddi tədbirlər həyata keçirməlidirlər ki, belə hallar olmasın. Pirat malların istehsalı həm istehsalçıların hüququnu pozur, həm də nüfuzunu aşağı salır.


«AZADLIQ»: Mənsim bəy, ərzaq bazarında sizin agentliyin apardığı yoxlamalar nəyi üzə çıxardı?


MƏNSİM BABAYEV: Son dövrlər Standartlaşdırma, Metralogiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 40-a yaxın yeyinti ilə məşğul olan müəssisədə araşdırmalar aparılmışdır.Və istehsal olunan məhsulların bir çoxunun normativ sənədlərinin standartlara cavab vermədiyi aşkar olunmuş, bununla bağlı həmən müəssisələrə iradnamələr, tələbnamələr verilmişdir. Bir ay müddət verilmişdir ki, həmən nöqsanlar aradan qaldırılsın.


«AZADLIQ»: Mənsim bəy, ərzaqda, xüsusən ət və kolbasa məhsullarında hansı problemlər üzə çıxdı?


MƏNSİM BABAYEV: Müəssisələrdə istifadə olunan xammalların aşağı səviyyədə olması ən ciddi problemdir. İstehsal edilən məhsullar üzərində markalanma qaydaları pozulur.


«AZADLIQ»: Mənsum bəy, hətta agentlik də tutaq ki, kolbasanın şübhəli mənbəli ətdən hazırlanmadığını müəyyən etməkdə çətinlik çəkir?


MƏNSİM BABAYEV: Müəyyən etmək üçün normativ sənədin bəndlərinə müvafiq olaraq həmən məhsullardan sınaq nümunələri seçmə qaydada götürülür və bizim agentliyin sınaq laboratoriyasında analizlər aparılır. Əgər orada istifadə olunan xammalın mənşəyi məlum deyilsə, həmən xammalların özündən də nümunələr götürülür və analiz olunur. Tərkibində heç bir şübhəli şey aşkar olunmursa, demək məhsul yararlıdır.


«AZADLIQ»: Araşdırma zamanı nələri aşkar etdiniz?


MƏNSİM BABAYEV: Araşdırmalar müddətində normativ sənədin tələblərinə cavab verməyən ümümi dəyəri 16227 yeni manat olan məhsullar, o cümlədən, 1854 litr alkaqolsuz içkilər, 3110 litr meyvə şirələri, 12302 kq qənnadı, 2500 kq un, 390 kq kolbasa, 936 kq süd və 200 kq marqarin yağları və s. məhsullar yararsız sayılmış və həmən məhsulların təkrar emala və ya tərtibata göndərilməsi, habelə mövcud olan digər nöqsanların aradan qaldırılması işləri görülür.


«AZADLIQ»: Mənsim bəy, o məhsullar saxtadı, yoxsa, vaxtı keçib?


MƏNSİM BABAYEV: Söhbət həmin məhsulların mövcud standartlara cavab verməməsindən gedir.Yəni, mikrobioloji cəhətdən həmən məhsulların tərkibində qorxulu bir şeylər aşkar olunmamışdır, əsas burada fiziki-kimyəvi göstəricilərdir. Məsələn, kolbasa məhsulunun tərkibində nəmlik yüksək olmuşdur. Onun tərkibinə vurulan xammalların hədləri, müəyyən olunandan kənara çıxmışdır. Kolbasada nişastanın kütlə payı 0,2 faizdən yüksək olmamalıdır, amma bizim istehsalçılarımız ucuz başa gəlsin deyə, daha çox kraxmal istifadə edirlər.


«AZADLIQ»: Orda orqanizm üçün prinsipial olan ziyanlı bir şey aşkar etməməsiniz?


MƏNSİM BABAYEV: İnsan həyatı üçün təhlükəli olan elə bir ciddi nöqsanlar aşkar olunmamışdır.


DİNLƏYİCİ SUALI: Sualım Rəhim Hüseynovadır, deyirlər ki, bu «Chanel 5» ətiri xaricdən gətirilir. Bəs Gömrük Komitəsi, Sərhəd Qoşunları İdarəsi hara baxır?


RƏHİM HÜSEYNOV: Birincisi, Aydın bəyin dediyi fikirlərlə tam razı olduğumu bildirmək istəyirəm. Yəni, istehlakçılar özləri hüquqlarını bu və ya digər formada müdafiə etməlidirlər. 10 dənə bizim kimi departament, komitə və ya başqa qurumlar olsun, nə qədər ki, vətəndaş özü-özünü müdafiə etmir, mütləq saxta mal bazara yol tapacaq. Ona görə bizim bugünki iş üsulumuz vətəndaşa, istehlakçıya izahat verməkdir, o, əgər hansısa saxta malı almırsa, boykot edirsə, o mal idxal edilməyəcək. Ən əsası odur ki, vətəndaş fəal olsun, öz fikrini bildirsin, mağazadan bir mal alanda onun tam hüququ var ki, bütün sənədləri tələb etsin. Ona görə də mənim əsasən müraciətim QHT-lərədir ki, nə qədər bacarırlar istehlakçılarnan təbliğat-təşkilat kımpaniyaları aparsınlar, məsələnin həlli ancaq bu istiqamətdədir.


«AZADLIQ»: Mənsim bəy, bəs keyfiyyətsiz mal almamaq üçün nə etmək lazımdır? Dinləyicimizin bir sualını verim. O, Avropada aldığı ətiri Bakıda ən bahalı mağazada istəyib, qoxlayanda başı ağrıyıb, tamam başqa iy olub. Qiymət isə Avropa ilə eynidir. 15 ml - 50 dollara. İndi saxta mal almamaq üçün alıcı neyləsin? Nəyə baxsın? Həm ərzaqda, həm sənaye mallarında?


MƏNSİM BABAYEV: Mən Rəhim bəyin fikirləri ilə tam razıyam. Burda istehlakçıların maarifləndirilməsindən söhbət gedir. Və bu sahədə ola bilsin bizim də müəyyən qüsurlarımız var və müvafiq təşkilatların da. Əvvəla, hər alıcı məhsulu alanda onun rekvizitlərinə - məhsulu kim istehsal edib, ünvanı, nə vaxt istehsal olunduğu, hansı şəraitdə saxlandığı və s.- diqqət yetirməlidir, bunlar varsa şübhəsiz ki, bu məhsul saxta ola bilməz, çünki onun arxasında istehsalçısı durur.


«AZADLIQ»: Mənsim bəy, bəs qablaşdırmaya baxanda saxtalığı necə müəyyən etmək olar?


MƏNSİM BABAYEV: Məhsulun qablaşdırılması da müəyyən standartlara cavab verməlidir. Əgər qutusu da standartlara uyğun gəlmirsə, deməli, bu məhsul da saxtadır.


«AZADLIQ»: Deyirlər ki, Azərbaycanda tetraparklar yoxdur, yəni, bu kardon qutuları düzəldə bilmirlər.


MƏNSİM BABAYEV: Tetrapark avadanlıqları İtaliyadan gətizdirilir, düzdür, ölkəmizdə həmən avadanlıqlardan azdır, bir neçə müəssisələrdə vardır və çox bahalı xərclərdir. Onu müəssisələrdə qablaşdırırlar və tam yüksək standartlara cavab verir. Həqiqətən kağızı hardansa alıb içini doldurmaq çox çətin məsələdir, yəni, saxtası mənə elə gəlir ola bilməz.


«AZADLIQ»: Mənsim bəy, siz benzindoldurma məntəqələrində də yoxlamalara başlamısız. Orada nələri aşkar etmisiz və nələri yoxlayırsınız?


MƏNSİM BABAYEV: Burada əsasən yanacağın müəyyən standartlara üyğun olması yoxlanılır. Müəyyən nöqsanlar aşkar olunub, işlər yekunlaşdıqdan sonra bu haqda mətbuata məlumatlar verəcəyik.


«AZADLIQ»: Düzdi ki, benzinə, dizelə nə isə qatırlar?


MƏNSİM BABAYEV: Bəli, elə hallar var. Məqsəd belə halları aradan qaldırmaqdır ki, istehlakçıların hüquqları müdafiə olunsun.


«AZADLIQ»: Deyirlər ki, sayğaclar düz göstərmir. Elə hallar olurmu?


MƏNSİM BABAYEV: Sayğaclarda ölçmə vasitələri yoxlanılacaq ki, düz işləsin və istehlakçıları aldatmasın.


«AZADLIQ»: İndi bu verilişə qulaq asan benzindoldurma məntəqələri sayğacları sizin yoxlamaya qədər düzəldə bilərmi?


MƏNSİM BABAYEV: Ola bilər. Bizim məqsədimiz də odur ki, bu çatışmazlıqlar aradan qaldırılsın. Yoxlamadan sonra da həmən avadanlıqlar möhürlənəcək və bu hallar baş verməyəcək.


«AZADLIQ»: Hələlik sayğaclar möhürlənməyib?


MƏNSİM BABAYEV: Ola bilsin hansısa məntəqədə möhürlənib, amma bütün çatışmazlıqlar yoxlanılıb aradan qaldırılacaq.


«AZADLIQ»: Aydın bəy, Qlobal Anti-Saxtakarlıq Qrupu hökumətlərə müraciət edir ki, indiki qanunvericilik saxta mal istehsalını, satışını istənilən səviyyədə cəzalandırmır. Əgər biri başqasının adı ilə mal buraxırsa, onda həbsə düşə bilər, digər hallarda cərimə ilə yaxasını qurtarır. Azərbaycan qanunvericiliyi sərt mübarizəyə imkan verirmi?


AYDIN KƏRIMOV: İstehlakçıların hüquqlarının qorunması sahəsində İnzibati Xətalar və Cinayət Məcəlləsində çox sərt maddələr var. Cinayət Məcəlləsində istehlakçıları aldatma və pis məhsul istifadə etmə və ya satma maddəsi adi cərimədən başlamış, əgər ağır nəticələr verəcəksə 2 il, ölümlə nəticələnərsə 3 ildən 7 ilə kimi azadlıqdan məhrum etmək cəzası nəzərdə tutur. Eləcə də bilə-bilə bu və ya digər malı reklam etmək nəticəsində dəyən ziyana görə də 2 ilə kimi azadlıqdan məhrumetmə nəzərdə tutulur, əmtəə nişanlarından qanunsuz istifadəyə görə də 2-3 ilə yaxın azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bunlar hamısı ağır sanksiyalardır.


«AZADLIQ»: Yəni, qanunvericilikdə problem yoxdur?


AYDIN KƏRIMOV: Qanunvericilikdə problem yoxdur, sadəcə, qanunun tətbiqi mexanizmindən söhbət gedə bilər. İstehlakçıların aldadılması məsələsində həddindən artıq az adam cinayət məsuliyyətinə cəlb olunub. Bu da onunla bağlıdır ki, görünür, yoxlamalar indi-indi aparılır, əvvəllər sadəcə olaraq ancaq istehlakçıların ixtiyarına qoyulmuşdur. Tədricən bu məsələləri dövlət öz üzərinə götürdükcə proseslərin müsbət istiqamətə getməsi, istehlakçıların hüquqlarının qorunması baxımından çox əhəmiyyətli mərhələnin başlanğıcı olacaq. Bazara çıxarılan bütün məhsullar beynəlxalq standartlara uyğun olmalıdır. Hər məhsulun keyfiyyətinin yoxlanılması üçün xüsusi laboratoriyalar lazımdır, bunlar da Azərbaycanda hələ yox dərəcəsindədir. Amma bu proses tədricən inkişaf edir.


«AZADLIQ»: Rəhim bəy, bəs mobil telefon bazarında yoxlamalar nəyi üzə çıxardı?


RƏHİM HÜSEYNOV: Mobil telefon bazarında apardığımız monitorinq bizə edilən müraciətlərlə bağlı olub, yəni, zəmanətsiz telefon alınıb və geri qaytarılmır. Azərbaycan qanunvericiliyinə görə, mütləq müəyyən zəmanət müddəti müəyyənləşdirilməlidir. Bakıda istənilən mobil mağazasına getməli olsaq, orada bizə 2 marka təklif olunur, eyni marka eyni telefon, biri zəmanətli, o birisi zəmanətsiz. Zəmanətlinin qiyməti nisbətən baha olur. Ümumiyyətlə, zəmanətsiz telefon satışı olmamalıdır. Ona görə biz o bazarda monitorinqə başladıq və hazırda profilaktik tipli izahat işləri aparılır ki, mağaza sahibləri qəti surətdə bilsinlər ki, zəmanətsiz telefon satılmamalıdır. Bir də istifadə olunmuş mobil telefonlar digər servis mərkəzində testdən keçirilib, işlək vəziyyətdə vətəndaşlara satıla bilər və bu halda da az müddət olmuş olsa da, ona da zəmanət verilməlidir. Əsas məqsəd bu idi və işi də yekunlaşdırırıq. Ümid edirik ki, bu vəziyyət aradan qaldırılacaq. Ümumiyyətlə, bizim struktur bölməmiz vətəndaşların müraciəti ilə məşğul olur, əlaqə nömrəsi: 499-74-42


«AZADLIQ»: Son olaraq nələri demək istərdiniz.


MƏNSİM BABAYEV: Bizim agentlikdə də məhsulların keyfiyyətinə nəzarəti gücləndirmək və istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə «qaynar xətt» yaradılmışdır. Əlaqə nömrəsi: 449-99-59; 449-84-89-dur. Bildiyiniz kimi, bizim ANS TV ilə birlikdə keyfiyyətsiz məhsul istehsal edən müəssisələrə qarşı ciddi tədbirlərimiz davam edir, biz həmin müəssisələri aşkar edib, üzə çıxarırıq. Vətəndaşların nə şikayətləri varsa buyurub zəng edə bilərlər.


AYDIN KƏRIMOV: Mən konkret olaraq bir təklif etmək istərdim: İstehlakçıların hüquqları haqda qanunda əvvəllər 25-ci maddə var idi, bu, müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiq edilən sanksiyaları nəzərdə tuturdu. Çox təəssüf ki, bu maddə bütünlüklə qanundan çıxarılıb. Bu isə müvafiq orqanların bu və ya digər sanksiyalar tətbiq etməsi mexanizmini məhdudlaşdırıb. Ona görə də vətəndaşların hüquqlarını müdafiə edən orqanlar ya məhkəməyə müraciət edir, ya da digər inzibati mexanizmlərdən istifadə edirlər. Amma 25-ci maddə yenidən bərpa olunsaydı, istehlakçıların hüquqlarının qorunmasında çox böyük rol oynayardı.


RƏHİM HÜSEYNOV: Aydın müəllim, çox düzgün məsələ qaldırır. Biz bu məsələ haqda müvafiq sənədlər hazırlayıb, hökumətə müraciət etməyi planlaşdırırıq və ümüd edirəm ki, bunun həllinə nə vaxtsa nail olacağıq.


XS
SM
MD
LG