Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

«Yeni Azərbaycan»: «Azərbaycan yeni təkliflərə dair mövqeyini Ermənistandan sonra bildirəcək»


«Yeni Azərbaycan» qəzetindəki «Azərbaycan yeni təkliflərə dair mövqeyini Ermənistandan sonra bildirəcək» başlıqlı məqalədə müəllif yazır ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Stiven Mannın Bakıya səfəri həftə sonuna kimi təxirə salınıb. Məqalədə bildirilir ki, ABŞ diplomatı regiona gəlməzdən əvvəl Rusiyadan olan həmkarı Yuri Merzlyakovla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumu dəyərləndirəcək. Stiven Mannın Bakıda olduğu müddətdə isə sözügedən münaqişənin tənzimlənməsinə dair yeni təkliflərin müzakirə ediləcəyi gözlənilir. Rusiyalı həmsədr Yuri Merzlyakov media nümayəndələrinə müsahibəsində yeni təkliflərin nədən ibarət olduğunu söyləməsə də, onların bu günə qədər heç vaxt müzakirə mövzusu olmadığını deyib. Prezident Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov isə məqalə müəllifi ilə söhbətində bildirib ki, həmsədrlərin edəcəyi hər hansı bir təklifə Azərbaycan tərəfi öz mövqeyini yalnız Ermənistanın cavabından sonra bildirəcək.

«Mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə saxtalaşdırma hallarına yol verilsə, bu Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərə çox ciddi və ağır zərbə vura bilər. Seçkini keçirəcək insanlar anlamalıdırlar ki, bu nəticələrdən ölkəmizin Avropa Şurasındakı perspektivləri asılıdır». Bu sözləri «Ayna» qəzetinə müsahibəsində millət vəkili, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva deyib. Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel may seçkilərinin demokratik keçirilməsində müəyyən şübhələrin olduğunu vurğulayıblar. Millət vəkili həmməruzəçilərin son günlər verdikləri bu tip açıqlamalara da münasibətini bildirərək onları qərəzli olmaqda günahlandırıb.


«Bakı-Xəbər» qəzetinin əməkdaşı yazır ki, ABŞ-ın ənənəvi müttəfiqi sayılan Böyük Britaniya nüvə ambisiyalarını gizlətməyən Tehran rejiminin devrilməsində Vaşinqtona dəstək verməkdən imtina edir. Yaranmış vəziyyətdə Vaşinqton administrasiyasının təkbaşına İrana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimal olunur. Hərbi əməliyyatlarda isə Vaşinqtonu maraqlandıran əsas məqamlardan biri region dövlətlərini, o cümlədən Azərbaycanı öz yanında görməkdir. Müəllif qeyd edir ki, aprelin 28-də Ağ Evdə ABŞ prezidenti Corc Buşla görüşəcək İlham Əliyevin müzakirə edəcəyi əsas məsələlərdən birinin də məhz İranla bağlı olacağı gözlənilir.


XS
SM
MD
LG