Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:39

«Azadlıq»: «Hökumət mənzil alanlardan «şirinlik» alacaq»


«525-ci qəzet»in əməkdaşı yazır ki, Rusiyanın hərbi elitası Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalına real yanaşır. Bu mövqeyi dünən Ermənistanın «PanARMENIAN.net» internet-agentliyinə müsahibəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, hazırda bu ölkədəki Geosiyasi Problemlər Akademiyasına rəbhərlik edən general-polkovnik Leonid İvaşov ifadə edib. Onun sözlərinə görə, Qarabağ münaqişəsində tərəflər arasında qüvvələr nisbəti və nizamlama üzrə irəli sürülən təşəbbüslər hələlik bu problemin tezliklə həll ediləcəyinə dair hər hansı ümid vermir. Əksinə, Leonid İvaşov hesab edir ki, yaranmış vəziyyətdə Qarabağ münaqişəsinin yenidən alovlanması ehtimalı daha böyükdür. Cənab İvaşovun fikrincə, Qarabağda yeni müharibənin başlanıb-başlanmayacağı Azərbaycanın yeridəcəyi siyasətdən və münaqişə ətrafındakı geosiyasi güclərin davranışından asılı olacaq.

«Üç nöqtə» qəzeti xəbər verir ki, aprelin 20-də Ziya Bünyadov küçəsi ilə Atatürk prospektinin kəsişdiyi ərazidə yeni yol ötürücülərinin təməlqoyma mərasimi keçiriləcək. Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bundan sonra daha 7 yerdə yol körpüsünün inşası nəzərdə tutulub. 3-cü mikrorayon dairəsi və metronun «20 Yanvar» stansiyası ətrafından 9-cu mikrorayona tərəf olan istiqamətdəki yollarda körpülərin salınma mərasiminə iyunun 1-dək start veriləcək. Məlumata görə, Tbilisi prospekti və metronun «Əzizbəyov» stansiyası ətrafında salınan yeni yol ötürüclərinin inşası isə qrafika uyğun davam etdirilir.


«Azadlıq» qəzetindəki «Hökumət mənzil alanlardan «şirinlik» alacaq» başlıqlı məqalədə müəllif adlarını açıqlamadığı bir neçə mənbəyə istinadən yazır ki, dünəndən etibarən ev alqı-satqısıyla bağlı yeni qaydalar tətbiq edilib. Qaydaya görə, bundan sonra ev alqı-satqısını nağd şəkildə həyata keçirmək mümkün olmayacaq. Belə ki, ev almaq istəyən şəxs mənzil sahibi ilə razılaşma əldə etdikdən sonra mənzil satılan rayonun ərazisindəki notariusa ərizə ilə müraciət etməlidir. Ərizəsi qəbul edildikdən sonra mənzil almaq istəyən şəxs evin sahibinə ödəyəcəyi pulu Kapital Banka köçürməlidir. Pul banka köçürüldükdən 3 gün müddətində alqı-satqı aparıla bilər. Müqavilə imzalanandan sonra bank pulu mənzil satan şəxsin hesabına köçürəcək. Və bu əməliyyata görə, köçürülən məbləğin 0,5 faizi banka qalacaq. Yəni, bank mənzil üçün ödənilən hər 10 min dollardan 50 dollar «şirinlik» götürəcək.


XS
SM
MD
LG