Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:28

«Yaxın zamanda razılaşma gözləmək sadəlövhlükdür»


Vəfa Quluzadə çərçivə sazişi ideyasını «boş söhbət» hesab etdiyini deyir
Vəfa Quluzadə çərçivə sazişi ideyasını «boş söhbət» hesab etdiyini deyir
Bu yay Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı münaqişə tərəfləri arasında çərçivə sazişi imzalana bilər. Bunu Birləşmiş Ştatların Ermənistandakı səfiri Mari Yovanoviç «Azadlıq» radiosuna müsahibəsində deyib.

Səfir bildirib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən yardımı etməyə hazırdır. Rəsmi Bakı da bəyan edib ki, bu məsələ yalnız beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə uyğun olaraq həll oluna bilər.

Prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Ermənistan qeyri-səmimi hərəkətlərindən əl çəkərsə, çərçivə sazişi imzalana bilər.

Amma yerli ekspertlər arasında tərəflərin bu il çərçivə sazişi imzalayacağına inam demək olar ki, yoxdur. Politoloq Vəfa Quluzadə deyir ki, ölkə başçılarının açıq-aydın ifadə olunan mövqeləri də bir daha göstərir ki, yaxın zamanda hər hansı razılaşmanı gözləmək sadəlövhlükdür.

«Artıq bu çərçivə sazişi neçə dəfədir gündəmə gətirilir. Üstəlik Serj Sarkisyan deyib ki, Ermənistanın güzəştə getməsi nağıldır. Yəni əgər Azərbaycan torpaqlarını güzəştə getsə, onda bu çərçivə sazişi imzalanacaq. Mən də inanmıram ki, Azərbaycan rəhbərliyi buna razılıq versin. Ona görə bunu boş söhbət hesab edirəm».

Konfliktoloq Arif Yunus isə deyir ki, hətta belə bir saziş imzalanarsa belə bu sənədin irəliyə doğru bir addım olacağına inam çox azdır:

«Moskva bəyannaməsi kimi bir şeydir. Ona da qol çəkilib, amma ortada heç nə yoxdur. Əgər BMT kimi böyük beynəlxalq qurum 4 qətnamə qəbul edib və bu qətnamələr elə kağızda qalıbsa, nəyə görə biz hesab etməliyik ki, hansısa çərçivə sazişindən sonra irəliyə doğru nəsə olacaq. Mən pessimistəm və inanmıram ki, yaxın vaxtlarda sülhlə bağlı nəsə eşidəcəyik».

Ötən ilin noyabrında Azərbaycan və Ermənistan prezidentləri son 16 ildə ilk dəfə olaraq Moskva bəyannaməsini imzalayıblar. Bəyannamədə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll edilməli olduğu öz əksini tapıb.
XS
SM
MD
LG