Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Bəlkə dost olaq?


Baydenin çıxışının ümumi tonu ümid ifadə edirdi bir çox sahələrdə Rusiya ilə işbirliyinə qayıdılması mümkündür
Baydenin çıxışının ümumi tonu ümid ifadə edirdi bir çox sahələrdə Rusiya ilə işbirliyinə qayıdılması mümkündür
Fevralın 8-də «Vaşinqton Post» qəzeti ABŞ vitse-prezidenti Co Baydenin Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında iştirakını işıqlandıran və bu kontekstdə Rusiya-ABŞ münasibətlərini şərh edən məqalə dərc edib. Müəllif Fred Hiatt yazır ki, Avropa liderləri Obama administrasiyasının yeni xarici siyasət kursunu elan etməsinə sevinclə qulaq asarkən onları ən çox sevindirən məqam vitse-prezident Baydenin Rusiya ilə münasibətlərdə «reset düyməsinin basılması» bəyanatı olub.

Müəllif yazır ki, Rusiya ilə münasibətlərə gələndə bir çox Avropa liderlərinin əhval-ruhiyyəsini bu sual müəyyənləşdirirdi: «Bəyəm biz dost ola bilmərik?» Daha sonra müəllif sadalamağa başlayır: «Ötən il ərzində Rusiya suveren dövlət olan Gürcüstana təcavüz etmişdir və həmin ölkənin bəzi hissələrini hələ də işğal altında saxlayır; qışın ortasında Avropanın bəzi hissələrinə təbii qaz təminatını kəsmişdir; İran və Venesuelaya silah satmışdır; və başqa narazılıq yaradan addımlar atmışdır».

Fred Hiatt yazır ki, nəinki Avropada, hətta Amerikanın özündə bir çoxları ümid edirdi ki, Corc Buşun gedişi ilə Putinlə bağlı bir çox tikanlı problemlər də əriyib aradan qalxacaq. Müəllif yazır ki, ədalət naminə demək lazımdır ki, Bayden Rusiyaya rəğmən belə sadəlövh ümidlər ifadə etməmişdi və o öz çıxışında hamıya «yeni gün» vəd edərkən onu da bildirmişdi ki, prezident Obama «öz müttəfiqlərindən də çox şey umacaq» və həmçinin qeyd etmişdi ki, Rusiya ilə ABŞ-ın yeni administrasiyasının problemləri qalmaqda davam edəcək və bu xüsusda «hər hansı bir dövlətin nüfuz dairəsinə malik olması» məsələsinə ABŞ-ın mənfi münasibəti önəmli yer tutacaq.
«Qərbin istəklər siyahısı böyükdür: başlanğıc üçün Rusiyanın terrorla müharibədə kömək etməsi, Əfqanıstandakı üsyanın məğlub edilməsi, nəzarətsiz nüvə silahlarının cilovlanması və Şimali Koreya ilə İranın nüvə ambisiyalarının ram edilməsi»


Bununla belə, müəllif yazır ki, Baydenin çıxışının ümumi tonu ümid ifadə edirdi və bir çox sahələrdə Rusiya ilə işbirliyinə qayıdılması mümkünlüyü və vacibliyini vurğulayırdı. Müəllif Britaniya xarici işlər naziri Devid Milibandin sözlərinə istinad edərək yazır ki, Rusiyanın tərəfdaşlıq istəyi, xüsusilə də neft qiymətlərinin düşdüyü məqamda ciddi dərəcədə arta bilər. Lakin müəllif onu da qeyd edir ki, Rusiya ilə münasibətləri yaxşılaşdırmağa cəhd edərkən bu bazarlığın hansı məsələləri əhatə edəcəyini də nəzərdən keçirmək pis olmazdı.

«Qərbin istəklər siyahısı böyükdür: başlanğıc üçün Rusiyanın terrorla müharibədə kömək etməsi, Əfqanıstandakı üsyanın məğlub edilməsi, nəzarətsiz nüvə silahlarının cilovlanması və Şimali Koreya ilə İranın nüvə ambisiyalarının ram edilməsi».

«17 il əvvəl Sovet İttifaqı dağılandan bəri ABŞ rəsmiləri öz-özlərinə deməkdə olublar ki, bu sahələrdə əməkdaşlıq mümkündür, çünki bu məqsədlər həm də Rusiyanın məqsədləri olmalıdır. Rusiya, onlar deyirlər ki, öz cənubunda fundamentalist üsyanı, yaxud öz qonşuluğunda yeni nüvə dövlətlərinin peyda olmasını arzulaya bilməz. Bu illər ərzində Ruslar da özünü elə aparıblar, sanki bu maraqların üst-üstə düşdüyündən əmin olublar. Bəzən kömək ediblər, bəzən sabotaj ediblər, əksərən o dərəcədə kömək ediblər ki, sadəcə olaraq Amerikalılar daha çox kömək üçün yalvarsınlar. Son bir neçə gün tipik bir nümunə verdi:

ABŞ-ın Əfqanıstandakı məqsədlərinə dəstək ifadə etdilər və eyni zamanda Qırğızıstanı inandırdılar ki, ABŞ qüvvələrini Əfqanıstan müharibəsi üçün mühüm əhəmiyyət daşıyan bir hərbi bazadan qovsunlar». Buna görə də Fred Hiatt hesab edir ki, Rusiyanın əsl məqsədləri ilə onun nə məqsədində olmalı olduğu məsələləri arasındakı fərqi aydın görmək lazımdır. Müəllif Avropalıların o fikrini bölüşmür ki, Rusiya keçmiş imperiya kmi özünü incidilmiş hesab edir və özünə sadəcə bir az hörmət tələb edir. Bu prizmadan baxanda müəllif hesab edir ki, Rusiya öz «incidilmiş hissləri» yox, soyuq maraqları əsasında siyasət aparır və bu siyasətə görə də Rusiya öz qonşuları üzərində nəzarəti əldə saxlamağa çalışır. Hiatt yazır ki, məhz buna görə də Polşa, Estoniya və Rusiyanın digər birbaşa qonşuları Avropalıların Ruisya ilə münasibətləri yaxşılaşdırmaq optimizmini bölüşmürlər.

«Rusiya İrana qarşı yönəlmiş NATO raket əleyhinə müdafiə proqramını qapatmaq istəyir, ona görə yox ki, bu proqram Rusiyanı, yaxud onun raket arsenalını təhlükə altına alır (bu belə deyil), ona görə ki, bu sistem iki keçmiş Varşava paktı üzvlərinin - Polşa və Çexiyanın ərazisində quraşdırılacaq. O istəyir ki, Gürcüstan və Ukrayna Avropa Birliyi, yaxud NATO-ya daxil olmasınlar, çünki hər iki ölkə keçmiş Sovet İttifaqının tərkibində olublar. O istəmir ki, Avropa Azərbaycana və Xəzər dənizinə istiqamətlənən təbii qaz kəməri çəksin, çünki bu, Rusiyanın inhisarçı mövqeyinə, hansı ilə ki, Rusiya öz siyasi təsirini gücləndirir, zərbə vurar». Müəllif yazır ki, əgər Rusiyanın məqsədləri yuxarıda təsvir olunan kimidirsə onunla bazarlıq etmək çətin olacaq və belə bir ümid ifadə edir ki, artıq ikinci dəfə qazı kəsilən Avropa bəlkə indi-indi anladı ki, təbii qaz məsələsində Rusiyanın rəhminin ümdəsində qalmaq o qədər də ağıllı siyasət deyil.

Məqalənin yekununda müəllif Rusiyanın kiçik qonşularının maraqlarının Qərbi Avropa maraqlarına qurban verilməsi ehtimalına da toxunaraq yazır ki, Co Bayden bu məsələdə qapıları birdəfəlik bağlayaraq bəyan edib ki, «Bizim fikrimiz belə olmaqda davam edəcək ki, suveren dövlətlər öz qərarlarını verməkdə və öz müttəfiqlərini seçməkdə azad olmalıdırlar».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG