Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:06

Bəstəkar nazir


Sərdar Cəlaloğlu deyir ki, Heydərovun uzun illərdir hakim ailənin sevimli kadrları sırasında qalması onun şəxsi keyfiyyətləri ilə bağlıdır
Sərdar Cəlaloğlu deyir ki, Heydərovun uzun illərdir hakim ailənin sevimli kadrları sırasında qalması onun şəxsi keyfiyyətləri ilə bağlıdır
Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamalındır. Fövqəladə hallar naziri Kamaləddin Heydərov bəstələdiyi mahnılara məhz belə imza qoyur. Bəlkə də bu, kimlərəsə təəccüblü görünə bilər. Ancaq Azərbaycanda hakim komandanın aparıcı fiqurlarından olan Kamaləddin Heydərov musiqi istedadını belə demək mümkünsə, vəzifəyə qurban verməyib.

Ölkədə nazir, rektor, səfir kürsüsünə əyləşən bir sıra incəsənət xadimləri məmurluğun onların yaradıcılığına ciddi şəkildə mane olduğunu bildirdiyi halda, fövqəladə hallar naziri kimi mühüm bir dövlət postunda əyləşən bu şəxs həm də populyar mahnılar bəstələməyə macal tapır.

Kəmaləddin Heydərov 1961-ci ildə Naxçıvanda doğulub. Atası Fəttah Heydərov Naxçıvanda dövlət vəzifələrində çalışıb və Heydər Əliyevin yaxın tərəfdarı kimi tanınıb. Elə K.Heydərov iqtidar komandasına gətiriləndə onu çoxları Fəttah Heydərovun oğlu kimi tanıyırdı. İndi isə Fəttah Heydərovu fövqəladə hallar nazirinin atası kimi tanıyırlar. Baxmayaraq ki, 70 yaşı haqlamış Fəttah Heydərov Azərbaycan parlamentinin üzvüdür.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyir ki, K.Heydərovu hələ Naxçıvandan tanıyır. Sovetlər rejimi dağılandan sonra Heydərov «Dağ Çiçəyi» assosiasiyası yaradıb. ADP sədrinin sözlərinə görə, o zaman assosiasiya Naxçıvandakı demokratik qüvvələrə maliyyə dəstəyi ayırırmış. Elə o illərdən Kamaləddin Heydərovun təşkilatçılıq və maliyyə vəsaitlərini idarəetmə qabiliyyəti hakim ailənin diqqətini cəlb edib.

Heydər Əliyevin hakimiyyətinin ilk illərində Kamaləddin Heydərov ən strateji postlarından birinə – Gömrük Komitəsinə rəhbər gətirilir. Ekspertlər hesab edir ki, Əliyevlər ailəsinin maliyyə imkanlarının genişlənməsi də məhz o illərə təsadüf edir. Sərdar Cəlaloğlunun sözlərinə görə, Heydərovun uzun illərdir hakim ailənin sevimli kadrları sırasında qalması onun şəxsi keyfiyyətləri ilə bağlıdır:

«Təmkinlidir. Ona edilən hücumlara tolerant yanaşır. Başqa nazirlər kimi hər sözə reaksiya vermir. İncəsənətə meylli insandır. İncəsənət də ruhu dincəldir. Əgər Azərbaycan iqtidarındakı insanları birmənalı şəkildə yaxşılara və pislərə bölməli olsaq, Kamaləddin Heydərov haqqında birmənalı danışmaq mümkün deyil. O, ikili xarakterli insandır. Xeyriyyəçiliyi var, yeganə nazirdir ki, hansı nazirliyə gedirsə həmin strukturu cəmiyyətin aparıcı qurumuna çevirə bilir».

Medianın «fövqəladə nazir» kimi təqdim etdiyi Heydərovun adı hakimiyyətiçi intriqalarda çəkilir. Xüsusən onun iki keçmiş iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayevlə intriqalardan qalib çıxması qabardılır. Siyasi şərhçi İbrahim Bayandurlu isə hesab edir ki, bu məsələlərlə bağlı deyilənlər o qədər də inandırıcı görünmür:

«Mən əminəm ki, iqtisadi inkişaf nazirlərini Heydərov personası deyil, onları məhv edən sistemdir. O özü də qadağanedici repressiya sistemi ilə üzləşə bilər. Çünki o indi ən güclüdür və təkdir. Ancaq sistem həmişə balanslaşmağa meylli olur. Təkqütblü olanda sistem böhran keçirməyə məhkumdur. Bu böhranın nəylə bitəcəyini, Kəmaləddin Heydərovun həddən artıq güclənməsi dövlət üçün nəylə nəticələnə biləcəyini söyləmək olduqca çətindir».

Söhbət etdiyimiz şəxslər FHN başçısını həm də qapalı, cəmiyyətə mesajlar verməyə meylli olmayan siyasi fiqur kimi xarakterizə edirlər. Baxmayaraq ki, onun əlində cəmiyyətə mesaj verməyə xeyli rıçaqlar var. Əsasən müxalifətyönümlü media iddia edir ki, son illər yaranan və arxasında güclü maliyyə dayanan bir sıra informasiya agentlikləri, qəzetlər, hətta ölkənin azsaylı telekanallarından biri Kəmaləddin Heydərovun nəzarəti altındadır.

Onun komanda yoldaşları isə nazirin qapalılığı haqqında deyilənləri bölüşmür. Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə deyir ki, Kamaləddin Heydərov cəmiyyət üçün olduqca açıq insandır:

«Mən onu dövlətçiliyə bağlı, bacarıqlı, qabiliyyətli, dövlətin verdiyi vəzifələri uğurla həyata keçirən bir şəxs kimi xarakterizə edərdim. Çox yaradıcı və diqqəti cəlb edəndir».

Aydın Mirzəzadənin cəmiyyət üçün açıq insan kimi xarakterizə etdiyi Kamaləddin Heydərovla əlaqə yaratmaq isə son dərəcə çətindir. Səbəb onun nazirliyinin mətbuat xidmətinin faktiki işləməməsi, nazirliyin saytının isə ümumiyyətlə olmamasıdır. İndi vətəndaşlar Kəmaləddin Heydərovla fövqəladə hallar naziri kimi deyil, bəstəkar Kamal kimi daha çox ünsiyyətdədir.
XS
SM
MD
LG