Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:38
Bir neçə gündür rəsmi səviyyədə ölkədə bir sıra ərzaq məhsullarının qiymətlərinin azalması ilə bağlı xəbərlər yayılır. Rəsmilər bildirir ki, Azərbaycana idxal olunan məhsulların qiymətləri enir. Bakının mərkəzindəki mağazaların satıcıları isə deyir ki, azalma yalnız iki-üç adda məhsulun qiymətində görünür:

- Hansı ərzaq məhsullarının qiymətlərində ucuzlaşma var?
- Bitki yağlarının.
- Bəs başqa ərzaq məhsullarının qiymətləri?
- Bir də Rusiyadan gətirilən şirniyyatın qiymətlərində son günlər çox az ucuzlaşma var.

Başqa bir mağazanın satıcı da gözəçarpan ucuzlaşma olmadığını deyir:

- Bizdə yalnız bitki yağlarının qiymətləri 30 qəpik düşüb. Qalan ərzaqları topdansatış məntəqələrindən elə eyni qiymətlərə alırıq;
- Qiymətlər nisbətən düşüb. Ancaq hələ mağazalarda topdansatış məntəqələrindən öncəki qiymətlərlə alınan məhsullardır. Onlar qurtarandan sonra ola bilər, ucuzlaşma nisbətən hiss edilə. İndi bir-iki məhsulun qiyməti yalnız 30-50 qəpik arası ucuzlaşıb.

Alıcılarla söhbətimizdə onlar da bildirdilər ki, bu qiymət azalmalarının onların ailə büdcələrinə müsbət təsirindən danışmaq hələ tezdir:

- Hər gün bazarlıq edirəm. Ancaq ərzaq məhsullarının qiymətlərində ucuzlaşma hiss etməmişəm.
- Heç bir ucuzlaşma yoxdur. Mən ərzaqları elə həmişəki qiymətlərində alıram.
- Elə televiziyada məmurların dilindən eşitmişəm ki, ucuzlaşıb. Hansı ərzağı neçəyə alırdım, elə həmin qiymətə də alıram.

Azərbaycanın gündəlik idxalının 40 faizi ərzaq məhsulları və gündəlik tələbat mallarıdır. İqtisadçı Rövşən Ağayev deyir ki, Azərbaycana ərzaq məhsulları əsasən Rusiya, Qazaxıstan, Ukrayna və Belorusdan gətirilir. Bu ölkələrdə isə inflyasiya prosesi davam etdiyindən qiymətlərin enməsi gözlənilən deyil. Azərbaycana gətirilən məhsulların qiymətlərinin azalmasını ölkə iqtisadiyyatında kök salan bir sıra faktorlar əngəlləyir. Avropadan gətirilən malların qiymətlərinin isə mütləq qaydada azalması müşahidə edilməli idi:

«Çünki, 2008-ci ilin sonuncu rübündən başlayaraq Avro məkanında inflyasiyanın əksi olan deflyasiya prosesi gedir, qiymətlər enir. Azərbaycanın ən böyük problemi idxal üzərində çox ciddi nəzarətin olmasıdır. Bu sahəyə inhisarçıların, müəyyən oliqarx qrupların nəzarəti olduğuna görə onlar qiymətlərin azalmasına imkan vermək istəmirlər. Heç Azərbaycanda hökumət də qiymətlərin enməsində o qədər də maraqlı deyil. Çünki bu, dövriyyədən vergilərin itirilməsi deməkdir».

Dövlət başçısı İlham Əliyev də 2008-ci ilin iqtisadi yekunları ilə bağlı keçirdiyi müşavirədə bildirmişdi ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycana da birbaşa təsir göstərməkdədir:

«Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, bizim iqtisadi imkanlarımız genişlənir. Ancaq bütün bunlarla yanaşı biz, bütün strateji məhsullarla ölkəni təmin etməliyik. Ərzaq təhlükəsizliyi məsələsinə çox böyük diqqət ayırmalıyıq».

Dövlət başçısı çıxışında onu da deyir ki, Azərbaycanın xarici bazarlardan asılılığını azaltmaq üçün dövlət 2009-cu ildə yeni istehsal sahələrinin yaradılması üçün sahibkarlara yardımını davam etdirəcək. Prezident Əliyevin fikrincə, bu, Azərbaycan iqtisadiyyatını dünya iqtisadi məkanında mənfi tendensiyalardan qoruya bilər. O ki qaldı ərzaq mallarının ucuzlaşması kimi müsbət tendensiyalara, hökumət bunların da ölkəyə gəldiyini deyir. Alıcılar hələlik bunu görməsə də...

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG