Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

«Bakının ekoloji problemləri var»


Rauf Sultanov
Rauf Sultanov
«Bakının ekoloji problemləri var». «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, Ekologiya Standartlarının Monitorinq Fondunun rəhbəri Rauf Sultanov belə deyir. Onun sözlərinə görə, Bakının ekoloji vəziyyətini öyrənmək üçün tez-tez monitorinqlər keçirirlər:

«Monitorinqlər keçirməklə Bakıda ekoloji durumu müəyyənləşdirib, ictimaiyyətə məlumat veririk. İctimaiyyətin özündə ekoloji şüuru formalaşdırmağa çalışırıq. Ekoloji baxımdan həm pis, həm də yaxşı sahələri üzə çıxarırıq. Bundan başqa, əhali arasında müxtəlif tədbirlər keçiririk. Elə dünən «Ekoloji patrul» adlı layihə çərçivəsində «Ən yaxşı ekoloji rəsm əsəri» müsabiqəsinin qaliblərini mükafatlandırdıq».

R.Sultanov gələcəkdə bu cür layihələrin davamlı olaraq keçiriləcəyini vurğulayır.

«İrəli» İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri Tinatin Vəliyeva da bu istiqamətdə layihələr həyata keçirdiklərini deyir:

«Ötən il birliyin nəzdində fəaliyyət göstərən ekoloqlar klubunun üzvləri «Sağlam mühit, sağlam həyat» kampaniyasını reallaşdırdı. Kampaniya çərçivəsində 4 layihə həyata keçirdik. Əsas məqsəd gənclər arasında ekomədəniyyəti inkişaf etdirmək, onların ətraf mühitə biganəliyini azaltmaqdır».

Tinatin xanım da belə hesab edir ki, Bakının ekoloji vəziyyəti pis səviyyədədir:

«Düzdür, ekoloji vəziyyətin dövlət səviyyəsində qorunması istiqamətində geniş layihələr həyata keçirilir. Amma düşünürəm ki, biz oturub gözləməməliyik ki, dövlət nə isə eləsin. Hamı ekologiyanın təmizlənməsi üçün əlindən gələni eləməlidir. Küçələri, dənizi məişət tullantılarından qorumalıdır».

Buna da bax:

XS
SM
MD
LG