Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:55

Böhranın qalibləri…


«Foreign Policy» yazır ki, böhrandan sağ çıxanlar hətta ondan əməlli-başlı qazanıblar da
«Foreign Policy» yazır ki, böhrandan sağ çıxanlar hətta ondan əməlli-başlı qazanıblar da
«Foreign Policy» jurnalı dünya iqtisadi böhranın qalibləri haqqında yazıb. Qaliblər Corc Soros, Exxon Mobile şirkəti, Qətər və qiymətli kağız fondları sahibləri Jon Paulson və Stiv Eyzmandır. Bunlar böhrandan nəinki sağ çıxıb, üstəlik əməlli-başlı qazanıblar.

«Foreign Policy» jurnalı yazır ki, Qətərin iqtisadi artımı 2008-ci ildə 16%-ə çatıb. Bu il artımın 10% olacağı gözlənir.

Bəs bu necə olub? Axı neftin ucuzlaşması bütün körfəz ölkələri kimi Qətərə də pis təsir etəməli idi. Amma Qətər neftlə yanaşı zəngin qaz ehtiyatlarına malikdir, o biri tərəfdən iqtisadiyyatın ağılla idarə olunması mənzərəni dəyişib. İqtisadiyyatı neftdən çox asılı olan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında bir faiz artım gözlənir. Amma Qətərdə…
Bu il Qətər qaz istehsalını 77 milyon tona çatdırmağa hazırlaşır. Üstəlik Rusiya və İran kimi iri qaz istehsalçılarıyla birləşərək OPEC-ə bənzər qaz istehsalçıları birliyi yaratmaq istəyir. Ancaq Qətər rəhbərliyi tək qaz sektoru ilə kifayətlənmir. Baş nazir Hamad Bin Yasimin dediyinə görə onlar 3 nüfuzlu şirkətdə pay almaq niyyətindədirlər.
Amerikanın neft-qaz korporasiyası Exxon Mobil dünyanın ən gəlirli şirkəti olub. Keçən il şirkətin gəliri 45,2 milyard dollara çatıb. Halbuki neft sektorunun fəalları neftin ucuzlaşmasından əziyyət çəkməkdədirlər. Məsələ burasındadır ki, keçən ilin əvvəli neftin qiyməti sürətlə bahalanırdı, yayda neft indikindən 3 dəfədən də çox baha –140 dollardan artıq idi. Həm də Exxonun menecerləri hər bareldən maksimum dəyəri çıxarmaqda məşhurdurlar. Nəticədə Exxon itkilərə ekspertlərin gözlədiyindən də yaxşı davam gətirdi. İndi başqaları problemlərlə baş-başa qaldığı halda Exxon Mobil istehsalı, layihə xərclərini 20% artırmağa hazırlaşır.

Bəs Corc Sorosun vəziyyəti necədir? «Foreign Policy» jurnalı yazır ki, Sorosun keçən il 10% artımı olub. Çünki Corc Soros Britaniya funtunun əleyhinə oynayıb. Yəni funt ucuzlaşdıqca satıb, sonra aldığı funtun üstündə qalan milyonları qoyub cibinə. Əslində Sorosun böhran davam gətirməsi təəccüblü deyil, o böhranı çoxdan proqnozlaşdırmışdı.

Qiymətli kağız fondları sahiblərindən Con Paulson və Stiv Eyzmanın da gəlirləri çoxdur. Con Paulsonun varlanmasının bir neçə səbəbi var. Paulson keçən ilin əvvəli ölməkdə olan aksiyaları satmağa başlayıb. Sonra Amerikada ən iri içki şirkəti olan «Anhoyzer Buş»un Belçikanın «İnBev»lə birləşməsindən qazanıb. O vaxt heç kim «İnİev»in «Anhoyzer Buş»u alacağına inanmırmış, amma Paulson sövdələşmənin baş tutacağını deyib, sonra da şirkətin ən böyük səhmdarlarından biri olub. Böhrandan belə qalib çıxan Con Paulson investorlara müraciətində böhranın 2010-cu ilə qədər davam edəcəyini deyib.

Və nəhayət, 2008-ci ildə yüz milyonlarla gəlir əldə edənlərdən biri FrontPoint Partners - qiymətli kağız fondunun sahibi Stiv Eyzman olub. Ekspertlərin diliylə desək Eyzman bədbinliyinin hesabına qazanıb. Başqaları müasir, kompyuterlərlə idarə olunan maliyyə vəsaitlərindən istifadə etdiyi halda Stiv Eyzmanın fondu ən təhlükəli əməliyyatlardan sığortalanmaq üçün ölçülər götürmüşdü. Və bazar süqut edəndə Eyzman və tərəfdaşları kənardan baxdı.
XS
SM
MD
LG