Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:37

Sinan Oğan: «Bu cür çıxışların hökmən bir çıxarı olacaq»


Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan «Azadlıq» radiosunun «İşdən sonra» proqramına müsahibə verib. Müsahibəni təqdim edirik:

- Sinan bəy, siz də yəqin Davos forumu çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı demarşını və bundan sonra ölkəyə dönüşündə qəhrəman kimi qarşılanmasını izlədiniz. Şəxsən sizdə hansı hissləri oyatdı bu mənzərə?

- Burada adi vətəndaşın, yəni Türkiyədə öz işi ilə məşğul olan birisinin və xarici siyasətlə məşğul olan ekspertlərin və diplomatiya ilə məşğul olanların keçirdiyi hisslər fərqlənir. Adi insanlar öz ölkəsinin təmsilçilərinin digər ölkələr qarşısında dik durmasını istər və bunu görəndə sevinir. Əlbəttə ki, diplomatlar və strategiya ilə məşğul olanlar da bunu istəyir və bunu görəndə sevinir. Amma hər sevindiyimiz hadisə yaxşı nəticələr vermir. Bu cür hadisələrin bir az arxa planına da baxmaq lazımdır. İsrailin təmsilçisi Türkiyənin Baş nazirinə səsini yüksəldib. Aparıcı da Baş nazirin çiyninə toxunub və diplomatiyada xoş görülməyən bir tərzdə onun səsini kəsib. Bu baxımdan Ərdoğanın davranışı yerində idi, bu adamlara türk Baş nazirinə necə davranmaq lazım olduğunu öyrətmək lazım idi və Ərdoğan da bunu etdi. Amma Türkiyənin orada Fələstinin iç işlərinə qarışaraq, Həmas tərəfdarı kimi görünməsi yaxşı hal deyil. İkincisi, Türkiyənin Baş nazirinin salonu tərk etməsi və diplomatiya qaydalarına uyğun olmayan tərzdə reaksiya verməsi xoş deyildi. Orada hər kəsin cavabı verilə bilərdi, amma bunun diplomatiya qaydaları çərçivəsində olması yaxşı olardı. Odur ki, qarışıq hisslər keçiririk. Türkiyə Baş nazirinin hər kəsin cavabını verməsindən qürur keçirsək də, bunun diplomatik şəkildə olmaması, Türkiyənin Həmas tərəfdarı kimi görünməsi və daha ağır bir dövlət təəssüratı yaratmamasından üzüntü duyuruq.

- Bəs əslində Türkiyə rəhbərliyinin bu məsələdə mövqeyi nədən ibarətdir? Türkiyənin dini görüşləri ilə tanınan hökuməti və prezidenti var. Ankaranın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi necə ifadə olunur?

- Bu mövzu bir az qarışıqdır. Əgər söhbət dindən gedirsə, İraqda bir milyon insan öldü. Onların arasında da qadınlar, uşaqlar vardı. Əgər təpki göstərilməli idisə, İraqda da göstərilməli idi. Uzağa getməyin, orada türkmənlər öldürüldü. Ona da təpki göstərilməli idi. Əgər din və irqdaşlıqdan söhbət gedirsə, ermənilərin Azərbaycana qarşı təcavüzü var və hələ də davam edir. Eyni təpkini orda da göstərməli idi. Bunların heç birinə Davosdakı kimi təpki göstərməyib, sadəcə Fələstin məsələsində bu qədər aşırı həssas davranması bir az da daxili siyasətlə əlaqəlidir. Türkiyədə martın 29-da yerli seçkilər keçiriləcək və bilirik ki, türk xalqının Fələstin mövzusunda bir qədər həssaslığı var.

- Sinan bəy, bəs nəticələri nə olacaq?

- Türkiyə böyük bir dövlətdir və hər kəs bölgədə bir iş gördüyündə Türkiyə ilə hesablaşmalıdır. Deyə bilmərik ki, Türkiyə bunun nəticəsində böyük zərər görəcək. Amma bunun nəticələrini iki məsələdə görəcəyik. Birincisi, AKP və Baş nazir Rəcəb Tayyib Ərdoğanın bu işdən alacağı nəticələr, yaxud xarici siyasətdə böyük güclərin bu sahədə görəcəyi işlər. Digər tərəfdən qısa müddətli perspektivdə Türkiyənin üzləşəcəyi problemlər ola bilər. Bunların başında aprel ayında erməni məsələsinin Obama administrasiyası tərəfindən necə qiymətləndirilməsi məsələsi gəlir. Buna soyqırımı deyilərsə, Türkiyə-Ermənistan və Türkiyə-ABŞ münasibətləri ciddi zərər görəcək. Digər tərəfdən, Türkiyə də bütün dünya kimi maliyyə böhranı ilə üz-üzədir. Yəhudi icmasının maliyyə mərkəzləri üzərində nüfuzundan Türkiyədə böhranın daha dərin olmasında istifadə oluna bilər. Digər tərəfdən, Qərbyönümlü siyasətin indi Həmas tərəfdarı imici ilə əvəzlənməsinin Avropa Birliyinə daxil olma ilə bağlı danışıqlarda bəzi problemlər ortaya çıxaracağı gözləniləndir.

- Əgər belə ağır nəticələr ola bilərsə, bununla bağlı etirazını bildirənlər varmı Türkiyədə? Onların sosial dəstəyi varmı?

- Xalqın içərisində tənqidçilər çox azdır. Əsasən ekspertlər, köşə yazarları və diplomatlar tənqidi fikirlər söyləyir bu barədə. Xalq diplomatiyanın incəliklərini bilmədiyi üçün əksəriyyət bu məsələdən, xüsusilə də Baş nazirin israilli həmkarına tərs üz göstərməsindən çox məmnundur. Amma bu cür çıxışların, keçmiş prezident Süleyman Dəmirəl demişkəm, hökmən bir çıxarı olacaq. Hardan və necə çıxacağını da bilməyəcəksiniz.
XS
SM
MD
LG