Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:03

Su kəməri ilə neft kəmərinin yeri səhv düşəndə…


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu

«Beynəlxalq terror şəbəkəsi ilə bağlı dəstənin su kəməri ilə neft kəmərini səhv salması ağlabatan görünmür. Bu ağ şalvarda qara yamağa bənzəyir. Məsələ ondadır ki, beynəlxalq terror şəbəkəsi o dərəcədə güclü şəbəkədir ki, onun xüsusi infrastrukturu, partlayışlar törətmək üçün peşəkar mütəxəssisləri var».

Bu «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun Bakı-Novorossiysk neft kəmərini partlatmaq istəməkdə günahlandırılan radikal dini təmayüllü qüvvənin zərərsizləşdirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yaydığı bəyanat ətrafında fikirləridir.

Nazirliyin bəyanatında bildirilir ki, bu günlər ifşa edilən «Abdulla» ləqəbli Azər Misirxanovun dəstəsi Bakıya gələn su kəmərini Bakı-Novorossiysk kəməri ilə səhv salaraq partladıb. MTN qeyd edir ki, bir sıra terror hadisələrini planlaşdırmaqla, prezident seçkiləri ərəfəsində sabitliyi pozmaq və əhali arasında çaşqınlıq yaratmaq məqsədi güdülüb. Bəyanatda həmçinin deyilir ki, beynəlxalq terror şəbəkəsi ilə əlaqəli olan bu qrup ötən il «Əbu-Bəkr» məscidini partladan şəxsin istintaqdan yayınaraq ölkə ərazisindən çıxmasını təşkil edib:

«Silahlı qruplaşmanın üzvləri təqsirləndirilən şəxs qismində, məhkəmənin hökmü ilə həbs ediliblər. Həmin şəxslər üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və məqsədləri ilə bağlı istintaqa ifadələr veriblər»-, MTN-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Arif Babayev belə deyir.

Azər Misirxanovun dəstəsi bütün bunlardan başqa Sumqayıt şəhərində valyuta dəyişmə məntəqəsində çalışan insanların maşınına basqında da ittiham edilir.

Ərəstun Oruclu deyir ki, beynəlxalq əlaqələri olan belə bir dəstənin terror planlarını həyata keçirmək üçün valyutadəyişmə məntəqəsinə basqın etməsi də inandırıcı görünmür. Çünki beləliklə onlar gələcək planlarını təhlükəyə atmış olurlar:

«Burda siyasi çalar özünü göstərir. Azərbaycan referenduma gedir. Qərbdən tənqidlər artıb. Ancaq Azərbaycan eyni zamanda Qərblə enerji əməkdaşlığına gedib, «Nabucco» layihəsinə razılıq verib. Bu da Rusiyanın narazılığını artırıb. Belə olan halda yeni bir ifşa kompaniyası işə düşür, hanısa çevrilişin qarşısı alınır».

Hazırda məhkəməsi gedən Kamran Əsədovun dəstəsi zərərsizləşdirilərkən də oxşar bəyanatlar səslənmişdi. Azərbaycan ordusunun zabiti və vəhhabi olduğu bildirilən bu şəxsin dəstəsi də Bakıda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərini partlatmaq cəhdində ittiham edilirdi. Eyni zamanda söylənilirdi ki, bu dəstə qazanc məqsədi ilə Bakıdakı bezindoldurma məntəqələrinə basqınlar edib.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, Azərbaycanda terrorçu dəstələrin ifşası zamanı həm daxilə, həm də Qərbə yönəlik siyasi təbliğatın aparılması işlənmiş metoddur. Ancaq onun fikrincə, son illər ölkədə radikal dini təmayüllü qruplaşmaların fəallaşması da gerçəkliyə çevrilib: «Ondan kimlərsə istifadə etmək istəyirsə, bu sonranın məsələsidir. Əsas odur ki, belə qruplar vaxtında zərərsizləşdirilirlər».

Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə deyir ki, dövlətin təhlükəsizliyi vətəndaşın vicdan azadlığının boğulması ilə müşayiət olunmamalıdır. Üstəlik, onun fikrincə, ölkədə baş verən proseslərə vətəndaş nəzarəti yoxdursa bu tip bəyanatlara ciddi etimad bəslənilməyəcək.

İlqar İbrahimoğlu deyir ki, əgər azadlıqlar mütəmadi olaraq tapdalanırsa, cəmiyyətdə radikallığın artmasına da təbii baxmaq lazımdır. Onun fikrincə, bunun qarşısını sərt tədbirlərlə yox, azadlıqların sərhədini genişləndirməklə almaq mümkündür.

Şərhləri göstər

XS
SM
MD
LG