Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Cavanşir Quliyev: «Təəssüf ki, ölkəmiz budur»


Cavanşir Quliyev etiraf edir ki, son zamanlar ölkədə bədii incəsənət sahəsində müsbət dəyişikliklər müşahidə olunur
Cavanşir Quliyev etiraf edir ki, son zamanlar ölkədə bədii incəsənət sahəsində müsbət dəyişikliklər müşahidə olunur
Dinlə

«Əgər referendum keçirilsə ki, hamı başı üstə gəzməlidir, hamı ona səs verəcək».

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, bəstəkar Cavanşir Quliyev belə deyir. Şimali Kiprdən Bakıya tətilə gələn sənətkar Azərbaycanda baş verən hadisələrə münasibətini bildirdi. Dedi ki, son 15 ildə ölkədə keçirilən seçkilərdə gözlənilməz hadisələr baş verməyib:

«Yəni, hakimiyyətin planlaşdırdığı xətdən kənara çıxan nəticələr olmur. Güman etmirəm ki, bu dəfə də gözlənilməz hadisə baş versin. Ümumiyyətlə, Azərbaycanda hər hansı bir mövzuyla bağlı referendum keçirilsə, hakimiyyət nə istəsə, nəticə də o olacaq. Əgər referendum keçirilsə ki, hamı başı üstə gəzməlidir, hamı ona səs verəcək. Təəssüf ki, ölkəmiz budur».

Azərbaycandan fərqli olaraq, Şimali Kiprdə vəziyyət tamam fərqlidir. Cavanşir Quliyev belə deyir:

«Mənim yaşadığım ölkədə səhər qəzetdə prezidenti tənqid edən material çıxırsa, elə həmin axşam ölkə başçısı televiziya vasitəsilə tənqidə cavab verir. Əgər cavab verməsə, səhər bir məqalə də çıxır ki, prezident xalqa qarşı tərbiyəsizlik etdi, tənqid yazdıq, cavab vermədi. Şimali Kiprdə insan haqları uğrunda mübarizə getmir. Orada heç insan haqlarını müdafiə edən təşkilatlar da yoxdur. Çünki insan haqları pozulmur».

Cavanşir Quliyev etiraf edir ki, son zamanlar ölkədə bədii incəsənət sahəsində müsbət dəyişikliklər müşahidə olunur:

«Filarmoniyada konsertlərin afişasına baxıram, xeyli canlanıb. Ciddi musiqi konsertlərinin sayı çoxalıb».

Mayda Moskvada keçiriləcək «Eurovision-2009» müsabiqəsində Azərbaycanın təmsilçisi Aysel Teymurzadənin ifa edəcəyi mahnı hələ müəyyənləşməyib. Bu məqsədlə bəstəkarlar arasında mahnı müsabiqəsi elan olunub. Cavanşir Quliyev hesab edir ki, müsabiqə üçün mahnı bəstələyən bəstəkar yaradıcılığını bütünlükdə bu işə həsr etməlidir:

«O, digər ölkələrin mahnılarını dinləməli, bazarı araşdırmalı, konkret bir nəticəyə gələndən sonra yazmalıdır. Zəmanətli nəticə almaq üçün bu işlə ciddi məşğul olmaq lazımdır. Biz nədənsə hər il qələbə gözləyirik. Amma hövsələli olmalıyıq. Türkiyə 50 ildir bu müsabiqəyə qatılır, uzun illər sonra qalib olub. Biz hər il təcrübə toplamalı, pillə-pillə yuxarı qalxmalıyıq. Əminəm ki, nə zamansa birinci yerə layiq görüləcəyik».

«Azərbaycana qayıtmağım mənə olan ehtiyaca bağlıdır» – bunu da müsahibimiz dedi: «Nə zaman hiss eləsəm ki, burada lazımam, bir saniyə də Kiprdə qalmaram».

Cavanşir Quliyev təzə yaradıcılıq planlarından da söz açdı. Dedi ki, sonuncu mahnını bir ay əvvəl Hüseyn Cavidin sözlərinə bəstələyib. Amma hələ ki, heç bir müğənniyə təqdim etməyib. «Oğuznamə» baletini bitirən bəstəkar hazırda «Tufan» baleti üzərində işə başlayıb:

«Bu balet Nuh peyğəmbərin tufanına aiddir. Alla Axundovanın çox gözəl librettosudur. Azərbaycan folklorunda Nuh peyğəmbərlə bağlı nağıl var. Alla xanım həmin nağılla «Tövrat»dakı rəvayəti birləşdirib, gözəl bir əsər çıxıb ortaya. Bundan başqa, nəhəng bir proyektə imza atmışam. 12 boydan ibarət «Dədə-Qorqud» baletini hazırlayıram. Hər boy bir baletdir, çox ağır işdir. İki baletin eskizlərini hazırlamışam, yaxın zamanlarda işə başlayacağam».
XS
SM
MD
LG