Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:04

Parlamentdə referendum mübahisəsi


Milli Məclisin yaz sessiyasının ilk günü müxalifətçilər iqtidardan olan həmkarlarına polisdən və Mərkəzi Seçki Komissiyasından şikayətləndilər
Milli Məclisin yaz sessiyasının ilk günü müxalifətçilər iqtidardan olan həmkarlarına polisdən və Mərkəzi Seçki Komissiyasından şikayətləndilər
Milli Məclisin yaz sessiyasının ilk günü müxalifətçilər iqtidardan olan həmkarlarına polisdən və Mərkəzi Seçki Komissiyasından (MSK) şikayətləndilər. Əsas gileylər 18 mart referendumu ilə bağlı imzatoplama prosesinə polisin müdaxiləsi və bu hallara MSK-nın cavab verməməsi ilə bağlı idi.
Deputat Pənah Hüseyn hətta onu da dedi ki, 1990-cı ildən sonra Azərbaycanda repressiyalar indiki həddə olmamışdı. Müxalifətin gileylərinə cavab YAP-dan olan millət vəkili Səyavuş Novruzovdan gəldi. O da deyir ki, əgər əhali müxalifət üçün imza toplamaq istəmirsə, burada YAP-ın günahı nədir?
«Vətəndaşlar imza vərəqələrini yerlərdə DSK -lara təhvil verir ki, biz bunlara imza toplamaq istəmirik. Yaxud da MSK–ya teleqram vururlar bu barədə».
Hakim partiyanın icra katibi Əli Əhmədov da hesab edir ki, referendumun əleyhinə olanlar düşünülmüş şəkildə qanun pozuntusuna yol verməklə şou yaradırlar.
«Ümid» Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə hakim partiyadan olan həmkarlarına xatırlatdı ki, referendum elə Milli Məclisin təşəbbüsüdür. Və təşəbbüskarlar tərəf saxlamaqdansa, referenduma hazırlıq işlərinin yerlərdə qanun çərçivəsində həyata keçirilməsinə nəzarət etməlidir:
«Bu, hansı məntiqə sığır. Əgər mən yerlərdə vətəndaşa imza toplamaq üçün kağız vermişəmsə, həmin adam onu özümə qaytarıb deyə bilər ki, mən bu işi görmək istəmirəm. O, məndən asılı deyil və qarşımda öhdəliyi də yoxdur ki, bunu edə bilməsin. Nədən vətəndaş bunu etmək əvəzinə, xərc çəkib Bakıya gəlir və imza vərəqəsini MSK-ya təhvil verir. Deməli, bunun arxasında təşkil olunmuş iş dayanır».
«Ayna/Zerkalo» qəzetlərinin siyasi şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, həqiqətən də əhali müxalifətin təşviqat qrupları üçün imza vermək istəmir. Ancaq bunun səbəbi heç də vətəndaşların müxalifəti istəməməsi ilə izah edilə bilməz:
«Bu, normal haldır. Avtoritar rejimlərdə əhali hakimiyyətdən çəkindiyi üçün imza toplamaq və ya imza verməkdən qorxur».
A.Rəşidoğlu deyir ki, əgər Azərbaycanda müstəqil parlament olsaydı, o, ittihamlarda kimin haqlı, kimin haqsız olduğunu öyrənmək, yerlərdə vəziyyəti araşdırmaq üçün tez bir zamanda işçi qrup yaradardı.
Amma bunu etmək əvəzinə, Milli Məclisin özünün bütövlükdə qarşılıqlı ittihamlarda, mübahisələrdə tərəf kimi iştirakı müşahidə olunur.
XS
SM
MD
LG