Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

«Türkiyə Qərbdən üz çevirir»


Türkiyə NATO-da təmsil olunan yeganə müsəlman ölkəsidir, bundan başqa, Avropa Birliyinə daxil olmaq üçün danışıqlar aparır

Türkiyə NATO-da təmsil olunan yeganə müsəlman ölkəsidir, bundan başqa, Avropa Birliyinə daxil olmaq üçün danışıqlar aparır

«Türkiyə Qərbdən üz çevirir». Bunu Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun araşdırmaçısı Sönər Çaqaptay «Vaşinqton Post» qəzetindəki məqaləsində yazır.

Məqalədə deyilir ki, Türkiyə məxsusi bir müsəlman ölkəsidir və 50-dən çox müsəlman ölkəsi arasında seçilir. Türkiyə NATO-da təmsil olunan yeganə müsəlman ölkəsidir, bundan başqa, Avropa Birliyinə daxil olmaq üçün danışıqlar aparır, demokratiya yolunu seçib və İsraillə normal münasibətləri var.

Amma müəllifin fikrincə, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının üzündən Türkiyə bu özəlliklərini itirməkdədir. Liberal siyasət elementləri yoxa çıxır, Avropa Birliyi ilə danışıqlar dalana dirənib, İran kimi Qərbə qarşı olan dövlətlərlə əlaqələr sıxlaşır və İsraillə münasibətlər pisləşir.

Məqalədə xatırladılır ki, keçən cümə axşamı Türkiyənin Baş naziri Ərdoğan İsrailin prezidenti Peresi «adam öldürməkdə» ittiham edəndən sonra Davosdakı iqtisadi forumu nümayişkaranə şəkildə tərk etdi.

Müəllif hesab edir ki, əgər Qərbə inteqrasiya yönündə uğursuzluğa düçar olarsa, NATO kimi transatlantik qurumlar qarşısındakı öhdəliklərində tərəddüd edərsə, Türkiyə gözləməməlidir ki, ABŞ-ın yeni prezidenti Obamanın sevimli müəlman ölkəsi olacaq.

Müəllif Türkiyədəki daxili vəziyyəti təhlil etməyi və bunun Avropa Birliyi ilə münasibətlərə təsirini nəzərdən keçirməyi təklif edir. Məqalədə deyilir ki, Fransanın etirazları Türkiyənin Avropa Birliyinə daxil olmaq prosesini ləngitsə də, Ərdoğan hakimiyyətinin liberal dəyərlərdən geri çəkilməsi də diqqətdən yayınmamalıdır.

Ədalət və İnkişaf Partiyasının 6 illik hakimiyyəti onunla nəticələnib ki, türk xalqı əvvəlki qədər azad və bərabər hüquqlu sayıla bilməz. Bunu müxtəlif hesabatlar, o cümlədən söz azadlığına aid bir sıra son araşdırmalar da təsdiq edir. Məsələn, hakim partiyanın təşəbbüsü ilə internet haqda qəbul edilən qanun YouTube azad videopaylaşma portalına girişin Türkiyədə qadağan edilməsinə gətirib çıxarıb.

Rəcəb Tayyip Ərdoğanın tərəfdarları aeroportda onun Davosdan İstanbula qayıdışını gözləyirlər, 30 yanvar 2009
BMT-nin İnkişaf Proqramının cinslərin malik olduğu imkanlar haqda son hesabatında Türkiyə 90-cı yerdə qərarlaşıb. 2002-ci ildə Türkiyə hesabatda 63-cü idi. Son hesabata görə, Türkiyə qadınların malik olduqları siyasi, iqtisadi və sosial hüquqlar baxımından hətta Səudiyyə Ərəbistanından da geridə qalır.

Sönər Çaqaptay məqaləsində daha sonra xarici siyasətdəki dəyişikliklərə diqqət yetirməyi təklif edir. Məqalədə Türkiyənin İranla münasibətlərinin istiləşməsi xatırladılır və bildirilir ki, belə vəziyyətdə Türkiyə NATO-dakı müttəfiqi Amerikanın İranın nüvə proqramına qarşı addımlarına dəstək verə bilməz. Dekabrda Ərdoğan bildirib ki, İranın nüvə proqramına etiraz edən ölkələr özləri də nüvə silahına malik olmamalıdır.

Həmasa münasibətə gəlincə, AKP-nin mövqeyi Amerikanın maraqları ilə daha az üst-üstə düşür. İsrailin bu yaxınlarda Qəzzada həyata keçirdiyi əməliyyat zamanı Ərdoğan İsrailin BMT-də təmsil olunmasının hüquqiliyinə şübhəsini bildirdi. Bundan başqa, Həması beynəlxalq danışıqlarda təmsil etmək istəyini ifadə etdi.

Müəllif yazır ki, illər uzunu Türkiyə ilə İsrail arasında hərbi, iqtisadi, mədəni və turizm sahələrində normal münasibətlər mövcud olub, yəhudilər Türkiyədə özlərini çox rahat hiss ediblər. Amma Ərdoğanın İsrail əleyhinə ardıcıl çıxışlar etməsi – həmin çıxışların birində o bildirib ki, Allah İsraili cəzalandıracaq – ona gətirib çıxarıb ki, yanvarın 4-də İstanbuldakı etiraz aksiyasında 200 min türk İsrailə ölüm şüarı səsləndirib.

Yanvarın 7-də isə İsrailin qızlardan ibarət voleybol komandası türkiyəli azarkeşlərin «Müsəlman polislər, bizə yəhudilər verin, onların boğazını üzək!» kimi şüarlarla hücumuna məruz qalıb.

Məqalədə deyilir ki, türk xalqı antisemit deyil, amma Türkiyə siyasətçilərinin səsləndirdiyi fikirlər onunla nəticələnib ki, ölkədəki yəhudi biznesmenlər qorxu içindədir, hətta onlara qarşı zorakılıq faktları da qeydə alınıb. Sönər Çaqaptayın yazdığına görə, Türkiyə o ölkədir ki, 15-ci əsrdə ispan inkvizisiyasından qaçan yəhudilərə sığınacaq verib, amma indi baş verənlər yəqin ki, Türkiyə sultanlarını qəbirlərində çevirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG