Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

«Yeni Azərbaycan»: «Ölkədən xaricə valyuta çıxarılması sadələşdiriləcək»


«Yeni Azərbaycan» qəzetindəki «Ölkədən xaricə valyuta çıxarılması sadələşdiriləcək» başlıqlı məqalədə bildirilir ki, Dünya Ticarət Təşkilatı respublikanın hüdudlarından kənara çıxarılan valyuta sərvətlərinə tətbiq olunan gömrük rüsumunu ləğv etməyi məsləhət görür. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq üzrə İşçi Qrupunun rəhbəri Mahmud Məmmədquliyev bu tövsiyənin artıq qanunvericilik təşəbbüsü planına daxil edildiyini bildirir. Onun sözlərinə görə, hökumət qanunvericilikdə bir sıra dəyişiklikləri yaxın zamanlarda həll etməlidir.

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye Qarabağ münaqişəsinin həllində müharibəni çıxış yolu hesab etmir. «525-ci qəzet»dəki «Həmsədrlər prezidentlərin növbəti görüşünü təşkil etməyə hazırlaşır» başlıqlı məqalədə belə yazılıb. «Müharibə ən pis və ən təhlükəli variantdır. Əgər müharibə başlasa, onun nə vaxt bitəcəyinə heç kəs zəmanət verə bilməz», – deyən fransalı həmsədrin fikrincə, müharibə həm də Azərbaycan iqtisadiyyatı və neft gəlirləri üçün təhlükədir. Bernar Fasyenin sözlərinə görə, həmsədrlərin Moskva görüşündən sonra onlar Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək məqsədilə regiona səfərlər edəcəklər.


«Bakı-Xəbər» qəzetinin bu sayında «Barmek-Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlı olayların təhlilinə dair material dərc olunub. Məqalə müəllifinin fikrincə, sözügedən şirkətin prezidenti Hüseyn Arabul Azərbaycanı asanlıqla tərk etmək niyyətində deyil. Hakimiyyət isə hələlik onun ölkəni tərk etməsi üçün təsir vasitələrindən istifadəni davam etdirməkdədir. Artıq hakimiyyətlə hər hansı formada ziddiyyətə getməyin mənasız olduğunu «Barmek» prezidenti özü də yaxşı başa düşür. Ona görə də, cənab Arabul hökümətlə qarşılıqlı anlaşmaya getmək arzusunu indi açıq şəkildə vurğulayır. Belə anlaşmaya getmək üçün şirkət rəhbəri hökümətə qarşı irəli sürdüyü bəzi iddialardan geri çəkilməyə hazır olduğunu da qeyd edir. Ekspertlərin rəyinə görə, şirkət prezidentinin «qarşılıqlı anlaşma» ifadəsi onun bir sıra məmurların tələb etdiyi haqqı verməyə və fəaliyyətini davam etdirməyə hazır olduğunu ehtiva edir.


XS
SM
MD
LG