Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Qaçqın yataqxanasında qaz partlayışı


Bəşir deyir ki, qaz qəza xidmətinə dəfələrlə məlumat verib. Amma idarədən gəlib otağı sadəcə gözdən keçirməklə kifayətləniblər
Bəşir deyir ki, qaz qəza xidmətinə dəfələrlə məlumat verib. Amma idarədən gəlib otağı sadəcə gözdən keçirməklə kifayətləniblər
«Bilsək bu respublika bu günə qalacaq əlimizi qaldırıb ermənilərə təslim olardıq». Azərbaycan Dövlət Neft Akademiyasının 1 saylı yataqxanasında məskunlaşmış məcburi köçkünlər belə deyir. Onlar özlərinin və övladlarının həyatının təhlükədə olduğunu bildirirlər. Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan və digər işğal altundakı rayonlardan olan 101 ailənin məskunlaşdığı 5 mərtəbəli binanın sakinləri hesab edir ki, onları daha çox qorxudan dövlətin laqeydliyidir.

Sakinlər yanvarın 5-də yataqxananın 2-ci mərtəbəsində Bəşir Bayramovun evində baş verən partlayışdan sonra bu qənaətə gəliblər. Qarabağ müharibəsi əlili Bəşir isə deyir ki, o ötən ilin dekabrından evinə kənardan qaz sızması barədə Nəsimi rayon qaz qəza xidmətinə dəfələrlə məlumat verib. Amma idarədən gəlib otağı sadəcə gözdən keçirməklə kifayətləniblər:

«Hər dəfə gəlib deyirdilər ki, qaz sızması yoxdur. Qaz qoxusunu isə evə külək gətirir».

Partlayışda iki azyaşlı uşaq da xəsarət alıb
Yanvarın 5-də evdə partlayış baş verəndən sonra isə Bəşir həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Bir müddət xəstəxanada müalicə olunub.

Bəşir Bayramov deyir ki, o hadisə ilə bağlı Baş Prokurorluğa şikayət edib. Bir gün əvvəl prokurorluq artıq onun şikayətinin araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) məktub göndərib. FHN-dən məsələnin nə yerdə olduğunu öyrənə bilmədik.

Nəsimi rayon qaz istismar idarəsinin texniki şöbəsindən isə bildirirlər ki, partlayışdan bir gün əvvəl qəza xidmətinin işçiləri yataqxanada olublar. Amma Bəşirin həyat yoldaşı onları evə buraxmayıb. Nəticədə kənardakı qaz sızması ləğv edilsə də, evdəki sızmanın qarşısını almaq mümkün olmayıb. İdarədən hesab edirlər ki, adətən vətəndaşlar mənzillərdə qeyri-qanuni qaz çəkilişi apardıqları və ya qadağan olunmuş cihazlar istifadə etdikləri üçün qəza xidmətinin əməkdaşlarını içəri buraxmırlar.
Bəşir Bayramov otağına gələn qaz borusunun yerini göstərir
Sonradan belə hadisələr baş verəndə isə qaz idarəsindən kompensasiya almaq məqsədilə müxtəlif yerlərə şikayət edirlər. Amma bu məsələdə də zərərçəkənin nə deməsindən asılı olmayaraq hadisə baş verən yerdə hər şey aktlaşdırılıb.

Yataqxanada baş verənləri əvvəlindən müşahidə edən qonşular isə deyirlər ki, qəzadan əvvəl qaz idarəsindən gəlib təhlükəli heç nə olmadığını demişdilər. Ancaq yanğın baş verəndən sonra onlar məsələyə daha ciddi yanaşmaq qərarına gəldilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, əgər şahidlər varsa, onlar gördüklərini məhkəmədə təsdiqləməlidirlər.

İndi Neft Akademiyasının 1 saylı yataqxanasında ən yeni təmir olunmuş otaq Bəşir Bayramova məxsusdur. Divarlar rənglənib, pəncərələr dəyişdirilib. Qonşular deyir ki, Dövlət Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən gəlib təmir ediblər. Amma onlar hər dəfə Bəşirin müvəqqəti sığındığı 2 tələbə üçün nəzərdə tutulan otağının ağ plastik pəncərələrinə baxanda düşünürlər ki, görəsən onlardan kim səhər durub işığı yandırarkən partlayış törədəcək.
XS
SM
MD
LG