Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:22

«Rəsulzadənin yubileyini qeyd etməsələr də, o, qəlblərdə yaşayır»


Şirməmməd Hüseynov

Şirməmməd Hüseynov

Dinlə

«Rəsulzadənin yubileyini qeyd etməsələr də, o, qəlblərdə yaşayır». Tarixçi-alim Şirməmməd Hüseynov «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyir. O, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin 125 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmamasını mənfi hal kimi qiymətləndirir. Amma hesab edir ki, xalqın Rəsulzadəyə olan münasibəti təntənəli yubiley mərasimindən asılı deyil:

«Bu gün Məhəmməd Əmin Rəsulzadəni qəbul etməyənlər onun yaratdığı müstəqil ölkədə yaşayırlar, onun yaratdığı bayraq altında birləşiblər, onun səsləndirdiyi himni səsləndirirlər. Məhəmməd Əmin Rəsulzadə xalqın qəlbində daima yaşayır. Nə qədər ki, üçrəngli bayrağımız var, Rəsulzadə də var. Onu bizim qəlbimizdən heç kim çıxara bilməz».

Tarixçi-alimin fikrincə, hər millət gərək öz tarixinə yiyə çıxsın:

«Əgər çıxmırsa, gənc nəsli demokrat ruhda tərbiyə etmirsə, deməli, həmin millətin gələcəyi şübhə altındadır».

Firdovsiyyə Əhmədova
Şirməmməd Hüseynovun sözlərinə görə, dünyada 3500-dən artıq xalq, millət, tayfa var. Onlardan yalnız 230-nun müstəqil dövləti mövcuddur. BMT-nin isə 192 üzvü var:

«Bu qədər millət içərisində müstəqil dövlətdə yaşamaqdan böyük səadət, qürur nə ola bilər? Kim yaratdı bizə bu dövləti? Əlbəttə ki, Rəsulzadə! Tarixin ən böyük adamı, müstəqil dövlət yaradan adamdır. O, Şərqin milli azadlıq ideyalarını Qərbin demokratik cərəyanlarına birləşdirməyi bacardı».

«Məhəmməd Əmin Rəsulzadə XX yüzilliyin əvvəllərində Azərbaycan cəmiyyətinin siyasi, ictimai ovqatına bələd olan bir şəxs olub». Bunu isə tarixçi-alim Firdovsiyyə Əhmədova deyir. O bildirir ki, Rəsulzadə həmçinin sosial ədalət prinsipi ideyasını da müdafiə edirdi:

«Bu baxımdan onun sosial demokrat ideyalarına bağlı olması, sonralar İrandakı, Türkiyədəki fəaliyyət dövrü artıq oturuşmuş bir ideyanın, xəttin tam müəyyənləşməsi və bunun uğrunda ardıcıl mübarizə aparmasıyla müşayiət olunurdu».

Şərhləri göstər

XS
SM
MD
LG