Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

Cəmil Həsənli: «Rəsulzadənin yubileyi mütləq keçirilməlidir»


Professor Cəmil Həsənli: «Rəsulzadə ideoloq, dövlət qurucusu kimi böyük işlər görüb»
Professor Cəmil Həsənli: «Rəsulzadə ideoloq, dövlət qurucusu kimi böyük işlər görüb»
Yanvarın 31-i Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Amma Demokratik Cümhuriyyətin qurucularından biri, Milli Şuraya rəhbərlik etmiş Rəsulzadənin 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunmur. Yalnız müxalifət onun doğulduğu Novxanı kəndində mitinq keçirməyi planlaşdırır.

Qurucusu olduğu Müsavat Partiyası isə 2009-cu ili Rəsulzadə ili elan edib. Azərbaycan iqtidarının təmsilçiləri bunu belə əsaslandırırlar ki, cümhuriyyət qurucularından Rəsulzadənin fərqləndirilməsi başqalarına qarşı ayrı-seçkilik olardı.
Professor, tarix elmləri doktoru, deputat Cəmil Həsənli ilə «Azadlıq» radiosunun «Xəbər-ətər»də bu haqda danışdıq.

«-Rəsulzadənin mütləq dövlət səviyyəsində yubileyi keçirilməlidir. Onun yubileyindən danışanda məsələ bu şəkildə qoyulmur ki, tək bir nəfərin doğum günü qeyd edilsin, amma cümhuriyyətin başqa qurucuları unudulsun. Cümhuriyyət quruculuğunda iştirak edənlərin hamısına sayğı ilə yanaşmaq lazımdır, bu millətin boynunda onların haqqı var. Onlar Rəsulzadə demişkən «Azərbaycan coğrafi linqvistik kəlmə ikən» ona siyasi məzmun veriblər, bu dövləti yaradıblar, Azərbaycanın varlığını bəyan ediblər. Bu prosesin lideri isə Məhəmməd Əmin Rəsulzadə olub. O Azərbaycanın tarixində, taleyində əvəzsiz rol oynayıb. Buna görə də Rəsulzadənin yubileyi qeyd olunmursa səhvdir.

-Gələn bazar ertəsi parlamentin yaz sessiyası başlayır. Parlamentdə bu məsələni qaldıracaqsınızmı?
- Əlbəttə məsələni qaldırmaq olar. Amma o zaman Rəsulzadənin doğum günü arxada qalacaq. Sadəcə, irad tutmaq olar ki, yubiley niyə dövlət səviyyəsində qeyd edilmədi. Amma deməliyəm ki, Cümhuriyyətin 90 illik yubileyi ötən il dövlət səviyyəsində təmtəraqla keçirildi. Arzu edərdim ki, Rəsulzadəyə də, başqalarına da o cür təmtəraqlı yubileylər qismət olsun.

-Cəmil bəy, sizcə, dövlət niyə Rəsulzadənin yubileyinin üstündən sükutla keçdi? Müxalifətçilər bunu siyasi qısqanclıqla izah edirlər…
-Çox amillər var. Birincisi odur ki, Rəsulzadə ideoloq, dövlət qurucusu kimi böyük işlər görüb. Bununla iftixar etməliyik. O həm də Müsavat Partiyasının yaradıcısıdır. Həmin illərdə millətin təhlükəsizliyi, zamanın sərt qoyduğu şərtlər daxilində millətin qorunması, dövlətləşməsi, dövlət kimi dünyada tanınması Rəsulzadəylə, onun başçılıq etdiyi Cümhuriyyət və Müsavat Partiyası ilə bağlıydı. Şübhəsiz ki, burda tarixi qısqanclıq var. Rəsulzadənin Müsavatın lideri olması da, qısqanclıq doğuran amillərdəndir. Millət Rəsulzadə kimi yetişdirdiyi adamlarla fəxr etməlidir. Dövlət bu adamların yubileyini qeyd etmirsə, millət özü güc-qüvvət tapıb onu qeyd etməlidir…
XS
SM
MD
LG