Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:08

XİN xarici radiolarla bağlı Helsinki Komissiyasına məktub göndərib


Elmar Məmmədyarov ABŞ Helsinki Komissiyasının rəhbərliyinə məktub ünvanlanıb

Elmar Məmmədyarov ABŞ Helsinki Komissiyasının rəhbərliyinə məktub ünvanlanıb

Azərbaycanın Xarici İşlər naziri ölkədəki xarici radiolarla bağlı ABŞ-ın Helsinki Komissiyasının rəhbərliyinə məktub göndərib. Elmar Məmmədyarovun məktubu ABŞ Helsinki Komissiyasının rəhbərliyində təmsil olunan Əlsi Hastinqsə, Benjamin Kardinə və Kristofer Smitə ünvanlanıb.
Məktubda bildirilir ki, xarici radiostansiyaların FM dalğasında yayımının dayandırılması Azərbaycanda 2002-ci ildə qəbul olunmuş «Televiziya və radio yayımı haqqında» qanuna əsasən həyata keçirilib. Bu qanun hazırlanarkən Avropa Şurasının mütəxəssisləri tərəfindən də təhlil edildiyi qeyd olunub.
Məktubda deyilir ki, sözügedən qanun qəbul olunduğu gündən qüvvəyə minsə də, Milli Televiziya və Radio Şurası həmin qanunun icrasına dərhal başlamayıb. Bunun səbəbi isə Azərbaycan əhalisinə xarici radio stansiyalarından faydalanmaq üçün şərait yaratmaq olub.

Nazir Məmmədyarov qanunun bütün xarici yayım şirkətlərinə, o cümlədən «Azadlıq» radiosu, «Amerikanın Səsi» və BBC radiolarına bərabər şamil olunduğunu vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, Milli Televiziya və Radio Şurasının qanunun tələblərinə cavab verən addımları uzun illik demokratik ənənələrə malik Fransa, Böyük Britaniya və Almaniyada da mövcuddur. Məktubda bildirilir ki, xarici radiostansiyalar qısa dalğalar, internet, kabel vasitəsi ilə öz yayımlarını davam etməkdə azaddırlar.

Elmar Məmmədyarov xarici radioların Azərbaycanda demokratiyanın və media plüralizminin inkişafına verdikləri töhfəni yüksək qiymətləndirib.

ABŞ-ın Helsinki Komissiyası hökumətin xarici radiolarla bağlı qərarını mənfi qarşılayıb. Komissiyanın sədri Əlsi Hastinqs baş verənləri ictimaiyyətin informasiyaya çıxışını məhdudlaşdırmaq kimi qiymətləndirib və deyib ki, bu qərar Azərbaycanın Birləşmiş Ştatlarla münasibətlərinə mənfi təsir edəcək.

Milli Teleradio Şurası bu ilin yanvarından Azərbaycanda fəaliyyət göstərən üç xarici radionun – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin FM tezliyində yayımını dayandırıb. Şura xarici radioların milli tezlikdə yayımlanmasının qanuna zidd olduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG