Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:47

Sərkisyan İlham Əliyevin iştirak etdiyi debata gəlməyib


Ermənistanı debatda Xarici İşlər naziri Eduard Nalbandyan təmsil edib
Ermənistanı debatda Xarici İşlər naziri Eduard Nalbandyan təmsil edib
Prezident İlham Əliyev bir daha bəyan edib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdiyi dövrdə bu ölkə ilə hər hansı enerji və nəqliyyat layihələrində birgə iştirak mümkün deyil.

Bu fikirləri İlham Əliyev yanvarın 29-da İsveçrənin Davos şəhərində Qafqaz regionu ölkələrinin – Azərbaycan, Ermənistan, Türkiyə və İranın yüksək səviyyəli nümayəndələrinin debatında səsləndirib.

Əvvəlcədən elan edilsə də, Ermənistan prezidenti Serj Sarkisyan görüşə gəlməyib.

Ermənistanı debatda Xarici İşlər naziri Eduard Nalbandyan təmsil edib. Nalbandyan isə ölkəsinin regiondakı əksər enerji və nəqliyyat layihələrindən kənarda qalmalarına diqqət çəkib:

«Bizim mövqeyimiz ondan ibarətdir ki, regionun heç bir ölkəsi enerji, nəqliyyat infrastrukturlarında istisna edilməməlidir. Bunu hamı bilir ki, bir çox enerji və nəqliyyat yolları Ermənistanla daha qısa və ucuz başa gəlir. Hazırda bəzi dəmiryolu, bəzi nəqliyyat layihələrindən Ermənistan kənarda qalıb. Bu dəmiryolu layihələri bütün regionun faydası üçün qurulmalı və ya bərpa edilməlidir».

İlham Əliyev isə Ermənistanın kənarda qalmasının səbəbinin onun Azərbaycan ərazilərini işğalda saxlaması olduğunu deyib.

Prezident bildirib ki, Yerevanla Bakının münasibətləri yalnız Ermənistanın hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarandan, sülh əldə ediləndən sonra mümkündür:

«Hazırda danışıqlar aparılır. Son 17 ildə bu danışıqlar münaqişənin həllinə, sülh razılaşmasına, Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazilərinin geri qaytarılmasına gətirib çıxarmayıb. Belə bir şəraitdə biz enerji, nəqliyyat və ya hər hansı əməkdaşlıqdan danışa bilmərik. Əlbəttə, xəritəyə baxanda Azərbaycanın karbohidrogen ehtiyatlarının nəqlində ən qısa yolun Ermənistan ərazisi ilə keçdiyini görmək olar. Amma bu, yalnız xəritəyə baxanda belədir. Amma siz məsələyə yerində baxsanız, görərsiniz ki, bu, əslində ən uzun yoldur».

Prezident bir daha deyib ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə belə bir əməkdaşlıq mümkün deyil:

«Məncə, bizim bu mövqeyimiz başadüşüləndir. Biz nəsə fövqəladə bir şey tələb etmirik. Biz sadəcə olaraq Ermənistanın beynəlxalq aləmdə tanınmış hüquq normalarına əməl etməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsini və öz hərbi qüvvələrini Azərbaycan torpaqlarından çıxarmasını tələb edirik».

Azərbaycanla Ermənistan prezidentləri yanvarın 28-də Davosda görüşüblər. Görüşü təşkil edən ATƏT-in Minsk Qrupunun həmsədrləri yanvarın 29-da yayılan bəyantlarında qeyd ediblər ki, onlar prezidentləri münaqişənin 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində irəli sürülmüş prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına dair mövqelərini aydınlaşdırıblar.

Həmsədrlər hər iki ölkənin Xarici İşlər nazirləri ilə baza prinsipləri ətrafında fikir ayrılıqlarını aradan qaldıracaq daha detallı təkliflər hazırlamaq işini davam etdirməyə razılıq veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG